Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 214 Bakı şəhəri, 10 may 2019-cu il
 
“Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”nın təsdiq  edilməsi barədə
 “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının 8.8-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 10 may

tarixli 214 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi

 

QAYDASI

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının 8.8-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

1.2. Bu Qayda dövlət qurumları tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında (bundan sonra - YT Park) istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.3. YT Parkda istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizmi bu Qaydaya uyğun olaraq dövlət qurumları tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının 5-ci hissəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində yaradılmış “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) məhsullar üçün sifarişlərin təqdim olunmasını ehtiva edir.

1.4. Bu Qaydanın məqsədləri üçün YT Parkın rezidenti (bundan sonra - rezident) dedikdə, YT Parkın qeydiyyat şəhadətnaməsini almış və YT Parkda fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs nəzərdə tutulur.

1.5. Bu Qaydanın məqsədləri üçün dövlət qurumu dedikdə, dövlət müəssisəsi və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar nəzərdə tutulur.

1.6. Bu Qaydanın əsas məqsədləri aşağıdakılardır:

1.6.1. YT Parkda istehsal fəaliyyətinin stimullaşdırılması;

1.6.2. rezidentlərlə dövlət qurumları arasında əlaqələrin genişləndirilməsi;

1.6.3. dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalına nail olunması;

1.6.4. YT Parkda istehsal olunan məhsullar üzrə dövlət sifarişlərinin verilməsinin həyata keçirilməsi.

1.7. YT Parkda istehsal olunan məhsulların çeşidləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyən olunur.

1.8. YT Parkda istehsal olunan məhsullar üçün dövlət qurumları tərəfindən verilən sifarişlərin rezidentlər tərəfindən icrası ilə bağlı məsələlər üzrə əlaqələndirmə və nəzarət funksiyasını Cəmiyyət həyata keçirir.

 

2. Dövlət qurumları tərəfindən sifarişlərin verilməsi

 

2.1. YT Parkın rezidentlərinin siyahısı, YT Parkda istehsal olunan məhsulların siyahısı, həmin məhsullar barədə zəruri məlumatlar Cəmiyyət tərəfindən YT Parkın internet portalında yerləşdirilir və mütəmadi olaraq yenilənir.

2.2. YT Parkda istehsal olunan məhsulların qiymətləri bazar iqtisadiyyatının prinsipləri nəzərə alınmaqla, rezidentlər tərəfindən müəyyən olunur.

2.3. Növbəti il üzrə YT Parkda istehsal olunan məhsullara tələbat barədə məlumatlar dövlət qurumları və təşkilatları tərəfindən hər il 1 oktyabr tarixinədək bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş formaya uyğun olaraq Cəmiyyətə təqdim olunur.

2.4. Dövlət qurumları tərəfindən növbəti ildə məhsullara tələbat barədə təqdim olunan məlumatları Cəmiyyət rezidentlərə elan edir.

2.5. YT Parkda istehsal olunan məhsullar, onların texniki xüsusiyyətləri və sifarişçi təşkilatlar tərəfindən tələb edilə biləcək digər zəruri məlumatlar YT Parkın rezidentləri tərəfindən Cəmiyyətə təqdim edilir.

2.6. Cəmiyyət YT Parkın rezidentləri tərəfindən təqdim edilmiş məhsullara dair məlumatları ümumiləşdirərək, hər il 1 dekabr tarixinədək dövlət qurumlarına göndərir.

2.7. Dövlət sifarişinin həyata keçirilməsi məqsədilə dövlət qurumları tenderlərdə (sorğularda) digər iştirakçılarla bərabər şəraitdə iştirak üçün rezidentlərə tələb olunan texniki və təşkilati dəstək göstərirlər. Bu məqsədlə dövlət qurumları tərəfindən əlaqələndirici şəxslər təyin edilir və bu barədə Cəmiyyətə məlumat verilir.

2.8. YT Parkda istehsal olunan məhsulların keyfiyyət göstəriciləri xaricdən idxal olunan məhsulların keyfiyyət göstəriciləri ilə eyni olduqda, dövlət qurumları və təşkilatları tərəfindən YT Parkda istehsal olunan məhsullara “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli düzəliş tətbiq edilir.

2.9. Rezidentin təqdim etdiyi məhsulun əvəzinə xarici və ya rezident olmayan yerli istehsalçı tərəfindən istehsal olunan analoji məhsul seçildikdə və rezidentlərlə satınalma müqaviləsinin bağlanılması ilə nəticələnməyən satınalma prosedurları qurtardıqdan sonra sorğu əsasında sifarişçi dövlət qurumları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq məlumatları Cəmiyyətə təqdim edirlər.

  2.10. Tenderlər (sorğular) nəticəsində rezidentlərin təqdim etdiyi məhsul seçildikdə, dövlət qurumları tərəfindən dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq rezidentlərlə satınalma müqaviləsi bağlanılır.

  2.11. Satınalma müqaviləsinə uyğun olaraq YT Parkda istehsal olunan məhsullara tələbat sifarişin icra tarixindən gec olmayaraq rezidentlər tərəfindən təmin edilir.

  2.12. YT Parka ünvanlanmış sifarişlər və onların icrasına dair məlumatlar, habelə  sifariş etmiş təşkilatlar, imzalanmış satınalma müqavilələri, sifarişdən imtinalar və bu imtinaların əsaslarına dair məlumatlar Cəmiyyət tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilir. Azərbaycan Milli Elmlər Akademiyası bu məlumatları ümumiləşdirərək, təklif və şərhləri ilə birgə, cari ildə dövlət sifarişlərinin təqdim edilməsi vəziyyətinə dair hesabatları hər il noyabr ayının 20-dək əvvəlki ildə dövlət sifarişlərinin həyata keçirilməsinə dair hesabatları isə növbəti ilin yanvar ayının 30-dək  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

2.13. Azərbaycan Milli Elmlər Akademiyası YT Parkın fəaliyyəti barədə illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edərkən, YT Parkda istehsal olunan və dövlət sifarişləri üçün təklif edilən məhsulların "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamına uyğun olaraq innovasiya və yüksək texnologiya keyfiyyətlərinə malik olduğunu əsaslandırır.

2.14. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət qurumları tərəfindən sifarişlərin təqdim olunması və nəticədə müvafiq satınalma müqavilələrinin imzalanması vəziyyəti barədə məlumatları dövlət satınalmaları üzrə illik hesabatlarında əks etdirir.

 

3. Dövlət qurumları tərəfindən verilən sifarişlərin maliyyələşdirilməsi

 

3.1. Sifariş verən dövlət qurumları tərəfindən növbəti il üzrə YT Parkda istehsal olunan məhsullara tələbat bu məqsədlər üçün dövlət büdcəsindən onlara ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir.

3.2. Bu Qaydanın məqsədləri üçün dövlət qurumlarının maliyyələşdirilməsi xəzinədarlıqla bağlı normativ hüquqi aktların tələblərinə uyğun olaraq müvafiq maliyyələşmə sifarişinə və məxaric cədvəllərinə əsasən aparılır.

3.3. Ayrılmış vəsaitin rezidentlərin hesabına köçürülməsi bu Qaydanın 2.10-cu bəndinin tələbləri nəzərə alınmaqla bağlanılmış satınalma müqaviləsinin şərtlərinə uyğun olaraq, müvafiq xərc sənədləri əsasında xəzinədarlıq orqanları tərəfindən həyata keçirilir.

 

________________

 

 

 

 

 

 

 

 

 

 

“Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək  Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”na

 

əlavə

 

 

YT Parkda istehsal olunan məhsullara tələbat barədə məlumat

 

Dövlət qurumunun adı ___________________________________

 

Sıra №-si

Məhsulun adı

Miqdarı

Sifarişin icra edilməsi tarixi

1.

 

 

 

2.

 

 

 

3.

 

 

 

4.

 

 

 

5.

 

 

 

6.

 

 

 

 

 

 

Dövlət qurumunun adından ________________      ____   __________

                                                    (adı, soyadı)                          (imza)

Maliyyə bölməsinin rəhbəri  ________________      ____   __________

                                                    (adı, soyadı)                          (imza)

 

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə