Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 211 Bakı şəhəri, 7 may 2019-cu il
 
“Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilsin 
(1 nömrəli əlavə). 
2. “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiq edilsin 
(2 nömrəli əlavə).
3. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.
4. Müəyyən edilsin ki, dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.
5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etsin. 
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may

tarixli 211 nömrəli Qərarı ilə

təsdiq edilmdir.

 

1 nömrəli əlavə

 

 

Əsərlərin dövlət varidatı elan edilməsi

 

QAYDALARI

 

1. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə müəyyən edilmiş müəlliflik hüququnun qüvvədəolma müddəti bitdikdən sonra elm, ədəbiyyat və incəsənət əsərləri ictimai varidata keçir.

2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) qorunma müddəti bitdiyinə görə ictimai varidata keçmiş əsərləri müəyyənləşdirir və onların uçotunu aparır. 

3. Agentlik ictimai varidat dairəsinə aid edilmiş Azərbaycan müəlliflərinin elm, ədəbiyyat və incəsənət əsərlərindən elmin, ədəbiyyatın, kino tarixinin və incəsənətin zənginləşməsində müstəsna rol oynayan, geniş oxucu və tamaşaçı kütləsinin dərin rəğbətini qazanan, habelə yüksək bədii, estetik və sənətkarlıq dəyərlərinə malik olan əsərləri aidiyyəti dövlət orqanları və yaradıcılıq təşkilatları ilə razılaşdırmaqla seçərək, onların dövlət varidatı elan olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.

4. İctimai varidat dairəsinə aid edilmiş əsərlərdən dövlət varidatı elan edilməsi üçün təklif olunan əsərlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dövlət varidatı elan edilir.

5. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadə edən hüquqi və fiziki şəxslər həmin əsərlərdən istifadə barədə Agentliyə məlumat verir və istifadənin hər növünə görə müvafiq xüsusi ödənişləri  Agentliyin xəzinə hesabına köçürürlər.

6. Agentlik dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığımını təşkil edir və onların elektron məlumat bazasını yaradır.

7. Dövlət varidatı elan edilmiş əsərlər istisna olmaqla, ictimai varidat dairəsinə keçmiş əsərlərdən istifadə sərbəstdir və onlardan istifadəyə görə qonorar ödənilmir.

8. Agentlik dövlət varidatı elan edilmiş əsərlərdən istifadə ilə bağlı məlumatları ümumiləşdirir və nəticələr barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ildə ən azı bir dəfə hesabat təqdim edir.

9. Dövlət varidatı elan edilmiş əsərlərin müəlliflərinin Qanunda təsbit edilmiş şəxsi hüquqları pozulduqda, əsərin mənası dəyişdirildikdə, məzmunu təhrif olunduqda, həmin müəlliflərin vərəsələri və yaxud Agentlik tərəfindən həmin hüquqların bərpası məqsədilə müvafiq məhkəmə iddiası qaldırılır.

10. Bu Qaydalar dövlət varidatı elan edilmiş əsərlərin dövlət sifarişi əsasında və dövlət büdcəsindən ayrılmış vəsait hesabına qeyri-kommersiya məqsədilə istifadəsinə şamil olunmur.

 

 

_________________

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmdir.

 

2 nömrəli əlavə

 

 

 

Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və

dövlət varidatı elan edilən filmlərin

 

S İ Y A H I S I

 

 

1. Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

 

1.1. Qətran Təbrizi;

1.2. Məhsəti Gəncəvi;

1.3. Əfzələddin Xaqani;

1.4. Nizami Gəncəvi;

1.5. Qazi Bürhanəddin;

1.6. İmadəddin Nəsimi;

1.7. Aşıq Qurbani;

1.8. Şah İsmayıl Xətai;

1.9. Məhəmməd Füzuli;

1.10. Aşıq Abbas Tufarqanlı;

1.11. Molla Pənah Vaqif;

1.12. Molla Vəli Vidadi;

1.13. Qasım bəy Zakir;

1.14. Mirzə Fətəli Axundzadə;

1.15. Həsən bəy Zərdabi;

1.16. Seyid Əzim Şirvani;

1.17. Xurşidbanu Natəvan;

1.18. Mirzə Ələkbər Sabir;  

1.19. Nəcəf bəy Vəzirov;

1.20. Aşıq Ələsgər;

1.21. Cəlil Məmmədquluzadə;

1.22. Əbdürrəhim bəy Haqverdiyev;

1.23. Cəfər Cabbarlı;

1.24. Əhməd Cavad;

1.25. Mikayıl Müşfiq;

1.26. Əhməd bəy Ağayev;

1.27. Əli bəy Hüseynzadə;

1.28. Nəriman Nərimanov;

1.29. Məmməd Səid Ordubadi;

1.30. Hüseyn Cavid;

1.31. Əzim Əzimzadə;

1.32. Yusif Vəzir Çəmənzəminli;

1.33. Üzeyir Hacıbəyov;

1.34. Səməd Vurğun;

1.35. Əliağa Vahid.

 

2. Dövlət varidatı elan edilən filmlər:

 

2.1. “Sevil ” (1929-cu ildə çəkilmişdir);

2.2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

2.3. “İsmət”(1934-cü ildə çəkilmişdir);

2.4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

2.5. “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

2.6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

2.7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

2.8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

2.9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

2.10. “Arşın mal alan”  (1945-ci ildə çəkilmişdir) ;

2.11. “Görüş” (1955-ci ildə çəkilmişdir).

 

 

___________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə