Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BSU-da ümummilli liderə həsr olunmuş X Beynəlxalq elmi konfrans öz işinə başlayıb

BSU-da ümummilli liderə həsr olunmuş X Beynəlxalq elmi konfrans öz işinə başlayıb

Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı X Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın  məzarlarını ziyarət edib, onların abidələri önünə əklil və gül dəstələri qoyublar.

Açılış  mərasimində giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva iştirakçıları salamlayaraq konfransın məqsədi, iş prinsipi və vəzifələri barədə iştirakçılara qısa məlumat verib. Nurlana Əliyeva tədbirin ümummmilli liderin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, onun tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini və artıq onuncu dəfə keçirildiyini bildirib. O deyib: “Dahi şəxsiyyət Heydər Əliyev qısa müddət ərzində müstəqil Azərbaycanı stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli liderin dövlətçilik ənənəsini daha da inkişaf etdirərək iqtisadi baxımdan güclü, siyasi-diplomatik baxımdan çevik, hərbi baxımdan qüdrətli bir Azərbaycan kimi dünyada tanınmasına nail oldu. Ulu öndərin siyasi varisi cənab İlham Əliyevin Azərbaycanda demokratik cəmiyyət quruculuğundakı rolu, ölkəmizin daxili və xarici siyasətində qazandığı uğurlar, birinci vitse-prezident Mehriban Əliyevanın sülhsevər missiyası, onun Azərbaycanın dünyada tanıdılması sahəsində görüdüyü işlər göz qabağındadır”. N.Əliyeva hər il BSU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb, həmin tədbirlərdə xarici ölkələrdən gələn qonaqların, xarici ölkə səfirlərinin, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin, nüfuzlu hökumət adamlarının, Milli Məclisin üzvlərinin iştirakının ənənəvi hal aldığını bildirib. N.Əliyeva çıxışının sonunda konfrans materialları əsasında dərc olunan “Azərbaycanşünaslığın aktual problemləri” adlı toplunu iştirakçılara təqdim edib, konfransın işinə uğurlar arzulayıb.

 Sonra söz təhsil nazirinin müavini İdris İsayevə verilib. O, çıxışında ulu öndərin Azərbaycanın müstəqillik tarixindəki rolundan danışıb. Nazir müavini ümummilli liderin irəli sürdüyü ideologiyanın Azərbaycanı bu gün regionun ən qüdrətli dövlətinə çevirdiyini bildirib. O deyib: “Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının bütün istiqamətlərdə sürətli inkişaf strategiyasını yaratmış, dünya dövlətləri arasında ölkəmizin mövqelərini möhkəmlədən beynəlxalq müqavilələrə imza atmış, elm və təhsili müstəqil dövlətimizin prioritet istiqamətinə çevirmiş dahi şəxsiyyətdir. Azərbaycanşünaslığın aktual problemlərinin ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konfransda araşdırılması müasir  dövlətçiliyimizin strategiyasının dahi şəxsiyyətin qoyduğu prinsiplərdən kənara çıxmadığının bir göstəricisi kimi dəyərləndirilməlidir”.

Konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin   idarə heyətinin sədri, professor Kamran İmanov bildirib ki, ulu öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərinin qarşılığını zaman özü verəcək. O deyib: “Heydər Əliyevin innovativ yeniliklərlə zəngin dövlət siyasəti, varislik yolu Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində görülən işlər sübut edir ki, ölkəmizin dövlət siyasəti beynəlxalq səviyyədə öz sözünü deməkdədir. Azərbaycanda hökm sürən multikultural mühit dünyanın diqqət mərkəzindədir”. K.İmanov nitqinin davamında dövlət başçısı İlham Əliyevin innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasətindən , əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa uyğun xidmət etməsindən söz açıb.

Rusiya Altay Dövlət Universitetinin Regional iqtisadiyyat  və idarəetmə şöbəsinin müdiri,  professor  Vitaliy Mişşenko, Rusiya Volqoqrad Dövlət Sosial - Pedaqoji  Universitetinin professoru Olqa Dmitriyeva, Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, professor Azər Kərimov çıxışlarında konfransın aktuallığından, bu konfransın beynəlxalq əməkdaşlığın inkişafına verəcəyi töhfələrdən danışıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2019 16:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə