Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Müdafiə Nazirliyi, xüsusi təyinatlı təhsil müəssisələri, veteran təşkilatlarının nümayəndələri, veteran ailələri və məktəblilər də iştirak ediblər.

General-polkovnik Zakir Həsənovun adından görüş iştirakçılarını salamlayan nazir müavini tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə,  o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.

Nazir müavini veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək qiymətləndirib.

Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov və digər qonaqlar ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçiliyə, Ali Baş Komandana həmişə sadiq olan müharibə veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən, Böyük Vətən müharibəsində tarixi Qələbənin 74-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərdən danışıblar.

İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova, İsmayıl Fərəcov, Damət Nəbiyev, Ulduz Kəngərli və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə ediblər.

Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna mükafatlar təqdim edildikdən sonra xatirə şəkli çəkdirilib.

 

Əfsanə ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

7 2019 15:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə