Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elşad Salihi: “Hər zaman Azərbaycanın yanındayıq”

Azərbaycan Türkiyə Evi, Azəri-Türk Qadınlar Birliyi və Yeniçağ.Az Media Qrupunun təşkilatçılığı, Tika Bakü, TÜİB və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib. Azərbaycan – İraq parlamentlərarası dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva simpozium çərçivəsində ölkəmizdə səfərdə olan İraq parlamentində insan haqları komitəsinin sədri, İraq Türkmən Cəbhəsinin başqanı Erşad Salihi və onun rəhbərlik etdiyi İraq, Kərkük nümayəndə heyətinin üzvləri ilə  – İraq Türkmən Cəbhəsi Türkiyə təmsilçisi Mehmet Tütüncü və Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi ilə görüşüb.  

Görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı “qardaş vətən” adlandıran Erşad Salihi İraqda türkmənləri, İraq Türkmən təşkilatlarının soydaşlarımızı və onların haqlarını qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib.

Q.Paşayeva Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, parlamentdə, hökumətdə, QHT, ictimai təşkilatların və KİV-in təmsilçiləri ilə görüşləri Azərbaycanla İraq türkmənləri arasında əlaqələrin və əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcəyini inandığını deyib: “Rəhbərlik etdiyim İB sıx əməkdaşlıq etdiyi İraq türkmənlərinin daha geniş tanıdılması, təbliği və əməkdaşlığın genişləndirilməsi istiqamətində bugünədək bir sıra çoxsaylı layihələr həyata keçirib və bu yaxınlarda İraq türkmənlərinin tanınmış təmsilçisi, Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçinin müəllifi olduğu İraq türkmənlərinin qətliamları və İraq türkmənlərinin mətbuat tarixi ilə bağlı 2 kitabı mənim ön sözüm və rəhbərlik etdiyim İB-nin dəstəyilə oxuculara təqdim olunacaq. Bunun gənc nəsillər üçün önəmli olduğunu düşünürəm."

Q.Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. İraq --Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri İraqda yaşanan son hadisələr barədə daha geniş məlumat verərək İraq türkmənlərinin Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduğunu deyiblər. Onlar bildiriblər ki, həm İraq türkmənlərinin səsinin beynəlxalq təşkilat və qurumlara çatdırılmasında, onların pozulan haqlarının müdafiə olunmasında, həm də ağır vəziyyətə düşmüş, köçkün həyatı yaşamağa məcbur olan türkmən ailələrə kömək baxımından da ciddi dəstəyə ehtiyac var.

Görüşün sonunda Q.Paşayeva Ə.Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərlərinə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib. O, qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə İraq-- Türkmən cəbhəsinin və İraq türkmənlərini təmsil edən təşkilatlarla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını deyib.

Qeyd edək ki, E.Salihinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Milli Məclisi, hökumətdə bir sıra qurumların rəhbərləri ilə görüşlər keçirib və Azərbaycan-İraq münasibətlərinin, Azərbaycanla İraq türkmənləri arasında əməkdaşlığın artmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 2019 15:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə