Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ən nüfuzlu tədbirləri yüksək səviyyədə keçirməyi bacarır

Beşinci Ümumdünya Mədəniyyətlərarası ­Dialoq ­Forumu öz işini uğurla başa çatdırıb. Əməkdaşımız tədbir iştirakçısı, UNESCO-nun Sülh və Dayanıqlı İnkişaf üzrə Mahatma Qandi Təhsil İnstitutunun təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssisi Kuani Şimon ilə görüşərək, ondan forum barədə təəssüratlarını bölüşməsini xahiş edib. Hörmətli qonaq məmnuniyyətlə bunları deyib:  

– İlk növbədə qeyd etmək istəyirəm ki, tədbirin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına ünvanlanan dərin məzmunlu, parlaq nitqini böyük maraqla dinlədim. Əslində, dövlət başçısının nitqində səslənən çox dəyərli fikir və tövsiyələr forumun öz işini böyük uğurla davam etdirməsi üçün güclü bir impuls rolunu oynadı.  
Görünən budur ki, Bakı hazırda dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Hesab edirəm ki, dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılması olduqca vacibdir. Forum iştirakçılarının hər biri kimi mən də, Azərbaycana və Prezident cənab İlham Əliyevə belə bir təşəbbüsü reallaşdırdığına görə təşəkkür edirəm. 
Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox yüksək səviyyədə təşkil olunub. Bu, ona dəlalət edir ki, Azərbaycan ən nüfuzlu tədbirləri yüksək səviyyədə keçirməyi bacarır. 
Azərbaycan paytaxtı, gözəl Bakı, şəhərin səmimi, qonaqpərvər sakinləri yaddaşımda əbədi həkk olundu. İnanıram ki, tale yolumu yenidən bu gözəl şəhərə salacaq. Tam səmimi deyirəm: Azərbaycanın uğurlarına hər zaman sevinəcəyəm.

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, 
“Xalq qəzeti”

7 2019 01:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə