Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan naminə yaşanan ömür

Azərbaycan naminə yaşanan ömür

Xalqımız bu günlərdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı, respublikaya rəhbərliyə başlamasının 50-ci ildönümünü böyük hörmət və ehtiramla qeyd edir. Zaman keçdikcə gördüyü işlərin dəyəri daha da artan bu dahi şəxsiyyətin, uzaqgörən liderin, cəsarətli siyasi xadimin doğma xalqına, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və əbədiyyətə çevrilməsinə verdiyi töhfələrin əvəzsiz olduğunu bir daha görüb heyrətə gəlirsən. Bütün dövrlərdə xalqa ləyaqətlə, böyük sədaqətlə xidmət etmiş ulu öndər Heydər Əliyev yaşadığı dövrün ictimai-siyasi quruluşundan asılı olmayaraq, daim xalqı səfərbər etməyi, Azərbaycanı inamla irəliyə aparmağı bacarmışdır. 

Dünya tarixi sübut etmişdir ki, dahi şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rol oynayır. Bu baxımdan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin xalqımızın tarixində özünəməxsus yeri vardır. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr həsrətini çəkdiyimiz dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi üçün apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin az qala üçdə ikisi sovet dövrünə təsadüf etsə də Heydər Əliyev sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri iqtisadi, siyasi, mənəvi zəmin yaratmaq sahəsində göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.
Ümummilli liderin zəngin irsi daimi və əbədidir. Azərbaycanın qazandığı bütün uğurların əsasında bu müdrik şəxsiyyətin müqəddəs və uzaqgörən ideyaları dayanır. Müstəqil dövlətimizin çağdaş dövrünün yeni intibah mərhələsinin banisi olan Heydər Əliyevin şəxsiyyəti tükənməz bir ümmandır. Heydər Əliyevin şəxsiyyəti, onun ideyaları, Azərbaycanın söykəndiyi dağdır və o dağın zirvəsi isə ucadan da ucadır. Heydər Əliyev dühasının bu ucalıqdan yayılan tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin xoşbəxt sabahına daim işıq saçacaqdır. 
Bu, bir həqiqətdir ki, Azərbaycanın dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun əbədiyyətə qovuşması, ulu öndər Heydər Əliyevin gərgin siyasi fəaliyyətinin, dövlət idarəçiliyindəki böyük təcrübəsinin, uzaqgörənliyinin bəhrəsidir. Azərbaycan tarixinin ən parlaq simalarından, qüdrətli şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bu günü və sabahı aydın görünür, Azərbaycan xalqı çox haqlı olaraq ulu öndərin adını dövlətimizin milli xilaskarı, memarı və böyük qurucusu kimi öz yaddaşına həkk etmişdir. Bu böyük şəxsiyyətin cəsarəti və qətiyyəti həmişə onu tanıyanları heyrətə gətirmişdir. Bu cəhət onun özü üçün böyük problemlər yaratsa da, heç vaxt fikrindən döndərə bilməmişdir. Heydər Əliyev ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə xalqımız qarşısında xidmətlərini davam etdirmiş, 1990-cı ilin Yanvar faciəsi törədildikdə özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Mixail Qorbaçovu və bu qanlı cinayətin digər təşkilatçılarını kəskin ittiham ­etmişdir. 
Azərbaycan xalqının bəxti onda gətirib ki, tarixin çətin və mürəkkəb anlarında və dönüş mərhələlərində ona Heydər Əliyev kimi müdrik şəxsiyyət rəhbərlik edib. Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündən dövlətimizin həqiqi inkişafı başlayıb və qısa zaman kəsiyində Azərbaycan keçmiş İttifaq respublikaları arasında ön mövqelərə çıxıb və bütün sahələrdə qələbələr qazanıb. Təəssüf ki, onun rəhbərliyi ilə respublikanın tam müstəqil yaşaması üçün yaradılmış iqtisadi baza sonradan səriştəsiz rəhbərlər və Xalq Cəbhəsinin təcrübəsiz kadrları tərəfindən qoruna bilməmiş və ölkə bərbad vəziyyətə salınmışdır.
1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası nəticəsində ölkəmiz vətəndaş müharibəsindən, parçalanmadan, xaosdan qurtuldu, respublikada siyasi sabitlik bərpa edildi. 
Ulu öndərin qayıdışı, yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı.
Xalqın son ümid yeri olan Heydər Əliyevin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı. Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi, ona sabit ölkə imici qazandırdı. Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bunun nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır.
Xalqımız məhz görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi xəttinə sadiq qaldığı üçün müstəqilliyini və suverenliyini qoruyub şaxlamış, uzun müddət davam edən dərin iqtisadi böhrandan çıxaraq sürətli və hərtərəfli inkişaf yoluna qədəm qoymuş, zəruri demokratik islahatlar nəticəsində Avropa ailəsinə qoşulmuş, bu gününün və gələcəyinin rifahını təmin etmişdir. Artıq sübut olunmuşdur ki, ulu öndər Heydər Əliyevin bütünlüklə Vətəninə, xalqına, dövlətinə, doğma torpağına həsr edilmiş həyat və fəaliyyəti müasir müstəqil Azərbaycan tarixi ilə sıx bağlıdır və onun silinməz səhifələrini təşkil edir. 
Ümummilli liderin bizə miras qoyduğu böyük dəyərlərdən biri də özünün müəllifi olduğu azərbaycançılıq məfkurəsidir. Cəmiyyətdə mənəvi-ideoloji boşluğun olduğu bir vaxtda irəli sürülmüş bu müdrik ideya ötən dövrdə bu fəlsəfənin alternativsizliyini tam təsdiq etdi. Heydər Əliyevin təşəbbüsü və artıq 16 ildir ki, onun siyasətini uğurla davam etdirən İlham Əliyevin bilavasitə iştirakı ilə hazırlanan “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalandı. Bununla ölkəmizdə sosial-iqtisadi yüksəlişin, beynəlxalq əlaqələrin təməli qoyuldu. Hüquqi dövlət quruculuğunun əsasını təşkil edən 1995-ci il Konstitusiyası isə qanunçuluğun ən ali səviyyədə təmin edilməsinin əbədi nümunəsi oldu. 
Müstəqil dövlətçiliyin əsas istiqamətləri kimi irəli sürülən milli təhlükəsizlik və milli maraqların qorunması, ordunun yaradılması və gücləndirilməsi, ölkənin müdafiə potensialının inkişafı, düzgün xarici siyasət konsepsiyasının müəyyən edilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi ulu öndərin çoxşaxəli fəaliyyətinin başlıca istiqamətləri idi.
Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi müddətində Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğu tədbirlərini dəyərləndirərək demişdir: “Qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz milli Konstitusiya qəbul etdik. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq”.
Böyük öndərin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirdiyi milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan əvvəlki və sonrakı inkişafının əsas istiqamətlərini və mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəri konsepsiyadır. Elə buna görə də 2003-cü ilin prezident seçkiləri öncəsi Azərbaycan xalqına tarixi müraciətində ümummilli lider demişdi: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir...”.
Xalqımız İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməklə həm öz liderinə qədirbilənlik borcunu göstərmiş, həm də Heydər Əliyev yolu ilə gələcəyə doğru getməkdə qətiyyətli olduğunu sübut etmişdir. Xalq çox yaxşı bilirdi ki, ulu öndərin yarımçıq qalmış ideyalarını yalnız onun siyasi məktəbinin ən layiqli yetirməsi olan İlham Əliyev davam etdirə bilər. Son 16 ildə ölkəmizin nailiyyətləri və çox sürətli idtisadi inkişafı da bunu təsdiqləyir. 
Son 16 ildə, sözün həqiqi mənasında, ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Dünyada, o cümlədən, Yaxın Şərq ölkələrində baş verən hadisələr göstərir ki, Azərbaycan bu gün dünyada bir “sabitlik adası” kimi tanınır. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə monolit birliyi, cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarıdır. 
Prezidentin xalqın sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diktəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və böyük nüfuz sahibi olmuşdur. Dövlət başçısının özünün qeyd etdiyi kimi, ən asan yol hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydən ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yolda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti ­Mehriban xanım Əliyeva ilə birgə yürütdüyü siyasət bizə ulu öndər Heydər Əliyevdən miras qalmışdır. Məhz bu yolla getməklə xalq öz taleyinin sahibi olur, bu yol ən düzgün yoldur. Azərbaycanı daim uca zirvələrə aparan bu yolun əsasını ulu öndər Heydər Əliyev qoyub. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev yolunun davam və inkişaf etdirilməsi üçün dayanıqlı siyasi və güclü mənəvi stimul yaratmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyinin elə ilk günlərindən ölkəmizin strateji yolunun dəyişməzliyini qətiyyətlə bəyan etmişdir: “Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.
Bəli, nə qədər ki, Azərbaycan dövləti yaşayır, Heydər Əliyev siyasəti də yaşayacaqdır. Heydər Əliyev tərəfindən qurulmuş müstəqil Azərbaycan dövləti əbədi olduqca, onun siyasəti də əbədi olacaqdır. 

Səadət İsmayılova,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, hüquq elmləri üzrə fəlsəfə doktoru

 

 

7 2019 01:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə