Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Seçki Komissiyasında Avropa Şurasının nümayəndə heyəti ilə görüş olub

Mərkəzi Seçki Komissiyasında Avropa Şurasının nümayəndə heyəti ilə görüş olub

Mayın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasında səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası və onun müxtəlif qurumları ilə uzunmüddətli səmərəli əlaqələrindən söhbət açıb. O qeyd edib ki, MSK beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verir. Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlar və seçki praktikasının ilbəil daha da inkişaf edərək hazırkı səviyyəyə çatması məhz Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlığın nəticəsidir.
Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qessel MSK-dakı səmimi görüşə görə minnətdarlığını bildirib. O, Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar görülən işlərlə maraqlanıb.
Qonaqların suallarını ətraflı cavablandıran M.Pənahov ölkəmizin seçki sistemi, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi fəaliyyəti ilə bağlı geniş məlumat verib, son illər ölkəmizdə keçirilən seçkilərdə əldə olunan nailiyyətləri və qabaqcıl təcrübəni onların diqqətinə çatdırıb.
Avropa Şurası nümayəndə heyətinin üzvləri görüş və əhatəli məlumat üçün MSK sədrinə bir daha təşəkkürlərini bildiriblər.
Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

7 2019 01:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə