Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Siyasi Sənədlər Arxivində tədbir keçirilib

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” adlı tədbir və “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969–noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı keçirilib.
Tədbirdə respublikamızın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, elm və ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri və Siyasi Sənədlər Arxivinin əməkdaşları iştirak ediblər.   
Tədbirdən əvvəl iştirakçılar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunan, ulu öndərin şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən sənədlərdən ibarət sərgiyə baxıblar. Arxiv bələdçiləri qonaqlara “Yaddaşlara həkk olunmuş ömür yolu”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, “Azərbaycanın beynəlxalq əlaqələri (1969-1982)”, “Azərbaycanın quruculuq salnaməsi. Sənaye və kənd təsərrüfatı”, “Azərbaycanın quruculuq salnaməsi. Abadlıq və quruculuq işləri”, “Heydər Əliyev fenomeni” adlı stendlər haqqında məlumat  verib, Ümummilli liderin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, habelə o dövrün əsas hadisələrinə qısa ekskurs ediblər. 
Qonaqlar ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, ulu öndərin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması ölkəmizdə bir ənənəyə çevrilib. Ümummilli liderin doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması ümumilikdə xalqımızın dövlətə, dövlətçiliyimizə hörmət və ehtiramının bariz ifadələrindən biridir. Bununla Azərbaycan xalqı ölkəmizin həyatında və tarixində müstəsna xidmətlər göstərmiş ümummilli liderimizin rolunu, uğurlu tarixi missiyasını dəyərləndirir, ona hörmət və ehtiramını bildirir. Tarixdə şəxsiyyət amili xalqların, dövlətlərin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir xalq lideri ilə tanınır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan ulu öndər Heydər Əliyevin xalqımızın tarixində böyük rolu var.
Elmira Ələkbərova vurğulayıb ki, 1969-1982-ci illər Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olub. 1969-cu ildən Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsi və xalqın rifahının yüksəldilməsi prosesinə başlanılıb. Dahi rəhbərin bu illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənayenin bütün sahələrində inkişafa nail olunub, habelə istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb. Bütün bunların nəticəsi olaraq, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında ölkəmizin sənayesi SSRİ-də qabaqcıl yerlərdə qərarlaşıb. 
Ulu öndərin “Müstəqillik yolu çox çətin yoldur, amma müstəqilliyi saxlamaq, qorumaq və müstəqil dövləti inkişaf etdirmək, təbiidir ki, onu əldə etməkdən də çətindir” müdrik kəlamını xatırladan E.Ələkbərova çıxışını bu sözlərlə bitirib: “Bu gün Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində Heydər Əliyevin yaratdığı idarəçilik məktəbinin ən layiqli nümayəndəsi olan Prezident İlham Əliyev dayanır. Dövlətimizin başçısı müstəqilliyimizin qorunmasına, ölkə iqtisadiyyatının daha da yüksək tərəqqisinə nail olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli addımlar atır. Ulu öndər kimi dövlətimizin başçısının da milli məfkurəyə və reallığa əsaslanan siyasi iradə nümayiş etdirməsi bizdə bir daha qəti inam yaradır ki, işğal altında olan torpaqlarımız azad ediləcək, dövlətimiz dünyanın ən qabaqcıl ölkələri siyahısında ən ön cərgələrdə yer alacaq”.
Sonra Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və elmi kitabxana şöbəsinin aparıcı məsləhətçisi Səbinə Zeynalovanın “Xalqın xilaskarı, əfsanəvi lider” mövzusunda məruzəsi dinlənilib. S.Zeynalova məruzəsində çağdaş Azərbaycan tarixində iki mühüm dönüş nöqtəsindən – Azərbaycanın siyasi həyatında Heydər Əliyevin adı ilə bağlı olan 1969-cu il 14 iyul və 1993-cü il 15 iyun tarixlərindən bəhs edərək ölkəyə rəhbərliyinin hər iki mərhələsində ümummilli liderin əsas məqsədinin müstəqil, azad və firavan Azərbaycan dövləti qurmaq olduğunu vurğulayıb. 
1997-ci ildə yaradılmış Prezident Katibliyinin ilk işçilərindən olan S.Zeynalova daha sonra ümummilli liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Mən çox xoşbəxtəm ki, bu cür əzmkar dövlət başçısı ilə işləmiş və ondan çox şey öyrənmişəm. Hər zaman dürüst olmağı, səhvsiz yaşamağı, nümunəvi olmağı ulu öndər Heydər Əliyevdən öyrənmişəm”. O, Heydər Əliyevin hər kəsin yaddaşına həkk olunmuş “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamını bir daha xatırladaraq, ümummilli liderin daim xalqının qəlbində ölməz və parlaq şəxsiyyət kimi qalacağını qeyd edib. 
Tədbirin ikinci hissəsində Siyasi Sənədlər Arxivi tərəfindən nəşrə hazırlanmış “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969–noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı olub.  Kitabın redaksiya heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı çıxış edərək uzaqgörən siyasətçinin hələ sovet dönəmində gələcək müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün yüksəkixtisaslı, milli kadrların hazırlanmasındakı rolundan, bu dahi şəxsiyyətin elm və təhsil məsələlərinə olan xüsusi diqqətindən danışıb. Hazırkı sənədlər toplusunda Siyasi Sənədlər Arxivində mühafizə edilən 280 sənədin yer aldığını qeyd edən natiq ümummilli liderin tükənməz irsinin öyrənilməsində kitabın qiymətli bir mənbə olduğunu söyləyib. Bildirib ki, bu kitabda Azərbaycan tarixini öyrənən tarixçilər, siyasətçilər üçün çox dəyərli materiallar toplanılıb. O cümlədən göstərilən xronoloji çərçivəyə aid sənədləri tədqiq etmək imkanı olmayan və ölkə xaricində yaşayan tədqiqatçılar üçün də hazırkı nəşr geniş imkanlar yaradacaq. 
Milli Məclisin deputatları Fəzail İbrahimli və Pərvin Kərimzadə ulu öndərin ölkəmizin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu bildirib, onun respublikamızın inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən söhbət açıblar.
Sonda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

AZƏRTAC

7 2019 01:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə