Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lider xoşbəxtliyi

Lider xoşbəxtliyi

Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın ­strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və ­qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. 
Vladimir PUTİN,
Rusiya Federasiyasının Prezidenti


O, sözün həqiqi mənasında xoşbəxtliyin ­bütün istiqamətlərini yaşamış insan idi. Yəni fərdi xoşbəxtliyi də olmuşdu, ailə xoşbəxtliyi də. Təbii ki, bütün bunlar çox adamın bəxtinə düşə bilər. Ancaq “lider xoşbəxtliyi” deyilən bir məfhum da var ki, o, hamıya nəsib olmur. Hətta tanınmış siyasi liderlərin də çoxu bəzən xoşagəlməz hallarla üzləşib. Dünya siyasəti tarixində bu barədə çoxsaylı məlumat var. Bizim ulu öndərimiz isə lider xoşbəxtliyini yaşamış nadir şəxsiyyətlərdəndir. 

Heydər Əliyevi xoşbəxt lider edən amillər nədən ibarət idi? Birincisi, xalqının ona olan inam, etimad, sevgi və məhəbbəti yüksək səviyyədə və səmimi idi. İkincisi, Azərbaycanda yaşayan bütün xalqların ona inanması, arxasınca getməsi, siyasətini dəstəkləməsi müasir Azərbaycanın reallıqlarından idi və bir çox siyasətçilər bu məsələdə ona həqiqətən həsəd aparırdılar. Üçüncüsü, qardaş qırğınının və vətəndaş müharibəsinin qarşısını alaraq qurduğu müstəqil Azərbaycan dövlətinə, respublikamızın suverenliyinə əbədilik qazandırmışdı. Bu, tarix baxımından çox möhtəşəm fəaliyyət nümunəsi idi. Dördüncüsü, qurub yaratdığı və dünya ölkələri sırasına çıxartdığı Azərbaycan dövlətini məhz onun adına, siyasi kursuna layiq şəkildə idarə etməyi bacaran siyasi xadim yetişdirmişdi. Prezident İlham Əliyev bu gün BMT Təhlükəsizlik Şurasının iclaslarını aparmaqla sübut edib ki, dünya xəritəsində qüdrətli Azərbaycan dövləti də vardır. Beşincisi, onun adını daşıyan Heydər Əliyev Fondunun xoşməramlı addımlarının, humanitar sahədəki layihələrinin əks-sədasını dünyanın hər yerindən eşidirik. Fondun prezidenti, Birinci vitse-prezident ­Mehriban xanım Əliyeva bu sahədə nümunə göstərir.
Mən ötən əsrin 70 – 90-cı illərində doğulub-böyüdüyüm Qusar rayonunda və paytaxtda bir sıra rəhbər vəzifələrdə, dövlət xidmətində çalışmış adam kimi, Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz üçün hansı xidmətləri göstərdiyini çox yaxşı xatırlayıram. Yəni canlı şahidəm. Mən şahidəm ki, onun ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə respublika iqtisadiyyatının qüdrətlənməsi, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsi, yeni-yeni fabrik və zavodların tikilməsi, o zaman üçün müasir hesab edilən sənaye texnologiyalarının ölkəmizə gətirilməsi, Azərbaycanın SSRİ hüdudlarından kənarda da tanıdılması üçün titanik addımlar atır, qarşısına qoyduğu bütün məqsədlərinə çatırdı. 
Ulu öndərin idarəçilik prinsiplərinə aid olan, heç zaman unuda bilməyəcəyim iki məsələni isə çoxsaylı ictimai-siyasi tədbirlərdə danışdığım kimi, bu yazıda da qeyd etməyi vacib sayıram. Birinci, onun kadr siyasəti çox mükəmməl idi. Şəhər və rayon rəhbərlərinə, nazirlik və dövlət komitələrinə xüsusi tapşırıq verildiyinə görə insanları vəzifəyə təyin edərkən savad, qabiliyyət, peşəkarlıq və digər fərdi keyfiyyətlərindən başqa heç bir amil nəzərə alınmırdı. Məhz həmin tapşırıqların nəticəsi idi ki, mən -- heç bir arxa-dayağı olmayan gənc kadr rəhbər vəzifəyə təyin edilmişdim. 
Xüsusilə xatırladılmalı ikinci məqam ondan ibarət idi ki, Heydər Əliyev ölkədəki mövcud ali məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, beynəlxalq aləmdəki müasir ixtisasların bizim ali məktəblərdə də açılması ilə yanaşı, ölkədə yeni ali məktəblər yaradılmasına da nail olurdu. Təbii ki, o vaxtlar bu məsələnin həlli SSRİ rəhbərliyinin, xüsusən, Dövlət Plan Komitəsinin razılığı ilə olmalı idi. Heydər Əliyev həmin məsələləri çox böyük ustalıqla həll edirdi. Hətta Bakıda ali hərbi məktəb də yaradılmışdı. 
Ancaq mənim xüsusilə qeyd etmək istədiyim məqam ondan ibarətdir ki, ulu öndər respublikamızın təhsil sektoruna göstərdiyi bu boyda qayğı ilə kifayətlənmir, azərbaycanlı gənclərin SSRİ-nin və digər ölkələrin müxtəlif ali məktəblərində təhsil almasının qayğısına da qalırdı. Mən və yaşıdlarım çox sonralar başa düşdük ki, Heydər Əliyev bütün bunlarla gələcəkdə yaradılacaq müstəqil Azərbaycan dövlətinə xidmət edirmiş. Bu isə artıq siyasətçi kamilliyi ilə yanaşı, həm də müdriklərə xas uzaqgörənlik, vətəndaş təəssübkeşliyi idi. 
Ulu öndərin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə Qusarda meyvə-tərəvəz emalı üzrə 3 konserv zavodu tikilmiş, iri meyvəçilik, tərəvəzçilik, heyvandarlıq, toxumçuluq təsərrüfatları yaradılmışdı. Qusar o illərdə meyvəçilik üzrə respublikada ikinci yerdə gedirdi. Rayonumuz tərəvəzçilik və heyvandarlıq üzrə respublika səviyyəsində seçilirdi. Mən o illərdə gənc aqronom, sovxoz direktoru kimi ölkədə keçirilən kənd təsərrüfatı müşavirələrində, Azərbaycana “Keçici qırmızı bayraqlar”ın təqdimat mərasimlərində iştirak edirdim. Onun nitqi hamı kmi məni də heyran edir və bir gənc olaraq, ona bənzəməyi arzulayırdım. 
Yeri gəlmişkən, bir məsələni də xüsusilə vurğulamaq istərdim. Belə ki, ulu öndərin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə qarşıda duran əsas məsələ iqtisadiyyatın gücləndirilməsi və insanların sosial-rifah halının yaxşılaşdırılması idisə, onun 1993-cü ilin iyun ayındakı möhtəşəm qayıdışından sonra qarşıda daha böyük və mürəkkəb vəzifələr dayanırdı. Bu vəzifələr ölkənin ərazi bütövlüyünün bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması, müstəqilliyin əbədiləşdirilməsi və ölkədəki bütün azsaylı xalqların azərbaycançılıq ideologiyası əsasında birləşdirilməsindən ibarət idi. 
O illərdə gah Gəncədən qanlı xəbərlər gəlir, gah Lənkərandan ultimatumlar eşidilir, gah da ölkənin şimal rayonlarında xoşagəlməz hallar baş verirdi. Məhz Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində bütün bunlar Azərbaycanın hər bir vətəndaşının -- azərbaycanlının, ləzginin, talışın, kürdün, slavyan əsilli insanların – hər kəsin arzu etdiyi sülh, sabitlik və mehribanlıq məcrasına yönəldildi. Həmin illərdə Heydər Əliyevin ölkənin ləzgi ictimaiyyəti ilə görüşməsi böyük hadisə idi. O görüşdə mövcud problemlər, görüləcək işlər araşdırılmış, dəyərli qərarlar qəbul edilmişdi. Bu, Heydər Əliyev müdrikliyinin nəticəsi idi. 
Yadımdadır, 1998-ci il oktyabr ayının 3-də Qusar rayonuna səfərə gələn ulu öndər hər bir qusarlıya qürur gətirən, indi isə dillər əzbəri olan fikirlərini belə bölüşmüşdü: “ Bu gün müstəqil Azərbaycanın apardığı bütün quruculuq, yaradıcılıq işlərində qusarlıların öz yeri var. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, qusarlılar Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına xidmətlər göstərmişlər, qan tökmüşlər, şəhidlər vermişlər, Azərbaycanın milli qəhrəmanlıq zirvəsinə ucalmışlar”. 
Gündəlik mətbuatla az-çox maraqlanan, ölkə həyatından bəhs edən xəbərlərin hamısını dinləyən bir adam kimi, ulu öndərin bu qəbildən olan səmimiyyətlə Azərbaycanın demək olar ki, bütün bölgələrində çıxış etdiyini xatırlayıram. O, hamıya eyni gözlə baxmağı bacarırdı və nəticədə hamımızın Vətəni olan qüdrətli Azərbaycan dövlətini yarada bildi.
Yuxarıda qeyd etdim ki, Heydər Əliyev mükəmməl bir lider xoşbəxtliyinə sahibdir. Ona həmin xoşbəxtliyi yaşadan amillərdən birinin isə qurub-yaratdığı dövləti məhz özünün arzu etdiyi səviyyədə idarə edən dövlət başçısı yetirməsi olduğunu da vurğuladım. Həmin məntiqimi cənab İlham Əliyevin son 10 ildə Qusara 12 dəfə səfər etməsi ilə təsdiqləyə bilərəm. Prezident İlham Əliyev Qusarda olarkən demişdir: “Mən nə qədər Prezidentəm, o qədər də qusarlılarla olacağam və onların qayğıları, problemləri ilə maraqlanacağam”.
Məhz həmin qayğının nəticəsidir ki, Qusar bu gün respublikanın ən inkişaf etmiş rayonlarından biridir. İndi bizim dağlar diyarımız dünyanın ən gözəl turizm imkanlarına malik bölgələrindən biri kimi tanınır. Bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Şahdağ” Qış-Yay Turizm Mərkəzində hər il ölkəmizin müxtəlif guşələrindən və xaricdən gəlmiş yüz minlərlə, bəlkə də milyondan çox turist dincəlir, sağlamlığını bərpa edir.
Mən əmək fəaliyyətimi 1969-cu ildə Qusarda başlamışam. Sovxoz direktoru, rayon sovetinin sədri, Nazirlər Kabinetinin məsul işçisi, rayon icra hakimiyyəti başçısının birinci müavini və digər dövlət vəzifələrində çalışmışam. Hazırda dövlət qulluqçusu kimi təqaüddəyəm. Buna baxmayaraq, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirəm. Yəni Qusarın son 40 ildəki inkişafı, tərəqqisi daim mənim gözlərimin önündə olub. Qətiyyətlə deyə bilərəm ki, rayonumuz indiki sosial-iqtisadi inkişaf mərhələsinə heç zaman çata bilməmişdi. Bu isə cənab İlham Əliyevin Qusara və qusarlılara olan diqqətinin, qayğısının nəticəsində mümkün olmuşdur. Qeyd etmək istədiyim digər məsələ isə ondan ibarətdir ki, cənab ­Prezidentin bölgələrlə bağlı verdiyi tövsiyə və tapşırıqların icrasını bilavasitə rayon rəhbərliklərinin prinsipiallığı, qətiyyəti təmin edir. Qusarda da belədir. 
Cənab Prezidentin son illər start verdiyi hərtərəfli islahatlar, əhalinin qayğıya ehtiyacı olan zümrələrinin sosial-rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımlar, vətəndaşların problemlərinin dövlət tərəfindən həll edilməsi, eləcə də, təbii fəlakətdən və ya yanğından zərərçəkmiş insanların daim dövlət qayğısı ilə əhatə olunması kimi faktlar isə dövlətimizə və dövlət başçımıza daha böyük inam, etimad yaradır. 
Çox təəssüf ki, bütün bunları gözü götürməyən daxili qaragüruhçular və xaricdəki bədxahlarımız ölkəmizin ünvanına heç bir əsası olmayan, cəfəng ittihamlar irəli sürür, inkişafımızı gözdən salmağa çalışırlar. Amma unudurlar ki, indi 92-ci il deyil. İndi Azərbaycan xalqı öz Prezidentinə inanır, dövlətini yüksək səviyyədə dəstəkləyir. 
Xatırladım ki, bu, dövlət başçımızın “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” – deyə verdiyi vədin hansı səviyyədə yerinə yetirdiyinin əyani sübutudur. Onu da əlavə edim ki, cənab İlham Əliyev təkcə Qusara deyil, ölkənin bütün rayonlarına məhz bu səviyyədə qayğı göstərir. Bu isə Heydər Əliyev məktəbinin təsirindəndir.
Heydər Əliyev siyasi məktəbinin əsas istiqamətlərindən biri də dövlət başçısının xalqın səsinə cavab verməsi, insanların problemlərini məhz hər kəsin öz dilindən eşitmək istəyidir. Cənab İlham Əliyev bütün tədbir və görüşlərdə olduğu kimi, son günlər Suraxanıdakı parkın təmirdən sonrakı açılışında sakinlərlə görüşdə də dedi ki, siz harada problem varsa, onu ortaya çıxarmaqda və həllində dövlətə kömək etməlisiniz. Məhz həmin çağırışa cavab olaraq, cənab Prezidentə kömək olmaq məqsədilə demək istəyirəm ki, bizim Qusar nə qədər inkişaf etsə də, müəyyən həllini gözləyən məsələlər də vardır. 
Nədir o məsələlər? Birinci, müasir inkişafı və Qusarın turizm imkanlarını nəzərə alaraq, bu rayonda hansısa ali məktəbin filialının açılması zərurəti var. Bunun üçün lazım olan bütün standartlara cavab verən bina və kadr ehtiyatı mövcuddur. İkinci, Dövlət Ləzgi Dram Teatrı üçün yeni binanın tikilməsi və digər teatrlar kimi, bu teatra da maddi yardımın göstərilməsi teatrın fəaliyyətinə və inkişafına çox böyük dəstək olardı. Üçüncü, Qusar Tarix Diyarşünaslıq Muzeyinin ekspozisiyası 1980-ci ildən bəri – ulu öndərin dövründə yaradılmışdı – o qədər çoxalmışdır ki, indi həmin ekspozisiyanı mövcud binada nümayiş etdirmək mümkün deyil. Ona görə də rayona gələn turistlərə ekspozisiyanın yalnız müəyyən bir hissəsini göstərmək mümkün olur. İnanırıq ki, dövlət bunu nəzərə alar və ölkənin şimal bölgəsində daha möhtəşəm bir muzey yaradar. 
Şübhə yoxdur ki, Heydər Əliyev siyasi kursu Azərbaycana hələ yüz illər boyu çox möhtəşəm uğurlar qazandıracaq.

 

Mayıl BAĞIROV, 
Qusar rayonu

 

7 2019 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə