Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli mədəniyyətimizin fədakar tədqiqatçısı, təbliğatçısı və təmsilçisi

Xatirələr işığında

Bugünlərdə görkəmli filosof-alim və pedaqoq, Xalq şairi Osman Sarıvəlli ocağının yadigarı, professor Babək Osman oğlu Qurbanovun ömrünün 80-ci ilində dünyasını dəyişməsi Azərbaycanda və qardaş Türkiyədə dərin hüznlə qarşılandı. Hər iki ölkə mediasında yayılan nekroloq və informasiyalarda bu xəbərdən doğan kədər və ehtiramla yanaşı, unudulmaz soydaşımızın elm və təhsil, xalqlarımızın mədəni yaxınlaşmasında göstərdiyi xidmətlər də qədirbilənliklə əksini tapdı.

Hələ 70-ci illərin sonunda istedadlı sənətşünas və filosof Babək Qurbanovun etika və estetika haqqında əl-əl gəzən yeni düşüncəli kitabları biz tələbələrin də ürəyinə yol tapmışdı. Çoxsaylı sənətsevərin könlündə özünə layiqli bir heykəl qoyan bu dəyərli insanın özü ilə görüşüb tanış olmaq mənə illər keçəndən sonra Türkiyənin Niğde şəhərində nəsib olmuşdu. IV Uluslararası Türk Dünyası Araşdırmaları Simpoziumunun (28 aprel 2017) bölüm rəhbərləri olan professor Ədalət Tahirzadə və Babək Qurbanovun moderatorluq etdikləri qrupların iclasları eyni binanın eyni salonunda keçirildiyindən, professor İlqar İmamverdiyev və mən daxil olmaqla 4 azərbaycanlının qardaş ölkədə üz-üzə gəlib görüşməsi konfransın özü qədər maraqlı və yaddaqalan olmuşdu. 
Bakıdan getmiş Ədalət müəllimlə mənim Türkiyə universitetlərində çalışan Babək və İlqar müəllimlə qucaqlaşaraq bir-birimizdən ayrıla bilməməyimiz digər iştirakçıları da dərindən təsirləndirmişdi. ­Konfrans günlərinin bitib-tükənməyən müxtəlif mövzulu söhbətləri, xüsusən Azərbaycan–Türkiyə dostluq və əməkdaşlığının aktual mövzuları barədə mülahizələr hamımızı məmnun etmişdi. Bu mənim Qaziantep Universitetinin professorları, incəsənət barədə 30-dək kitabın və dərsliyin, Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına həsr olunmuş 300-dən çox publisistik və elmi məqalənin müəllifi Babək Qurbanovla və 400-dən çox saz havasını nota köçürən İlqar İmamverdiyevlə ilk görüş və tanışlığım idi. Az sonra Babək müəllim bir yazısında bu görüş haqqında yazmışdı: “Simpoziumda həmyerlilərimizdən Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin, tanınmış tədqiqatçı jurnalist Namiq Əhmədovun iştirak etmələri də məni çox sevindirdi”.
Sonralar Babək müəllimin Türkiyənin ali təhsil dairələrində necə yüksək dəyərləndirildiyi barədə müxtəlif nüfuzlu şəxslərin rəy və mülahizələrini eşitdikcə, bu fədakar və səmimi insanla gec tanış olmağıma təəssüflənməli olurdum. Babək Qurbanov uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, incəsənət fəlsəfəsi ilə bağlı dəyərli tədqiqatlar aparmış, Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri işləmişdi. Son 20 ildə isə Türkiyə universitetlərində fəlsəfə, sənət fəlsəfəsi, estetika, etika, kulturologiya, musiqi estetikası, musiqi nəzəriyyəsi, müasir türk düşüncə tarixi və s. kimi fənlərdən mühazirələr oxumuşdu. O, bir çox dünya miqyaslı elmi-nəzəri jurnalların və qəzetlərin redaksiya heyətlərinin üzvü olmuşdu. Babək müəllimə Türkiyədə “xocam” – deyə dərin ehtiram bəslənir, türk dünyasının çağdaş görkəmli alim və pedaqoqlarından biri kimi tanınır və sevilirdi.
Niğde tanışlığından 6 ay sonra Nevşehirdə keçirilən Beynəlxalq İpək Yolu Simpoziumunda isə Babək müəllimlə təkcə qardaş ölkədə şəxsiyyəti və elmi-pedaqoji fəaliyyəti uca tutulan bir soydaşımız kimi yox, həm də uzun illərin dostu-doğması kimi görüşdük. Dünyaca məşhur Kappadokiyanın əfsanəvi qucağında yerləşən Ürgüb şəhərində türk dünyasının bir çox yerlərindən və İpək yolunun keçdiyi ölkələrdən gəlmiş alim və mütəxəssislərin iştirak etdiyi bu elmi məclisin keçirildiyi oteldə Babək və İlqar müəllim bir otaqda, jurnalist həmkarım Tahir Aydınoğlu ilə mən yaxınlıqdakı başqa bir otaqda qalırdıq. 
Fasilələri, naharları bir yerdə keçirir, geniş dəhlizlərdə davam edən diskussiyalarda da bir yerdə olurduq. Bütün bunlarla kifayətlənməyib axşamlar da, türklər demiş, Babək xocadan ayrıla bilməyib, onun otağına yığışırdıq. Bir axşam Şirvandan (keçmiş Əli Bayramlı) tanıdığım bacarıqlı cərrah, indi Türkiyədə çalışan, oğlu bizim konfransda iştirak edən İlham Mərdanov da gəlib çıxdı və görüşümüzə əlavə bir şirinlik qatdı. Otağında başına toplaşdığımız Babək müəllimin xəstəhallığı və yorğunluğu hiss olunsa da, olub-keçənlərdən, atası Osman Sarıvəlli ilə bir dövrdə yaşamış və onunla dostluq etmiş görkəmli yazar, alim və ziyalılar barədə bir-birinə calanan söhbətləri o qədər maraqlı olmuşdu ki, gecənin yarıya çatdığını hiss etməmişdik. Onun özü də bizdən ayrılmaq istəmir, sanki, Vətəndən ayrı düşməyinin əvəzini bu göydəndüşmə imkandan almaq istəyirdi.
Bir gün nahardan sonra otelin foyesində türk qəhvəsinin ləzzətini Babək müəllimin söylədiyi şirin lətifələr, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Hüseyn Arif haqqında danışdığı maraqlı əhvalatlar ikiqat dadlandırdı. Əhatələrində böyüdüyü, ədəbiyyatımızda çəkili yerləri olan bu insanlar barədə söhbətlərin yekununda Babək müəllim birdən yarıciddi-yarızarafat dedi: “qazaxlılar olmasa idilər ədəbiyyatımız xeyli boş qalardı”. 
Düzü, bu qəfil mülahizəyə nə cavab verəcəyimi bilmədim. O, isə nurlu sifətinə yaraşan bir təbəssümlə əlavə etdi: “Yox haqsızlıq etdim, eloğlu, sizin tovuzluların da, Tahir müəllimin yerliləri qarabağlıların da ədəbiyyatımızda xidmətləri böyükdür”. Babək müəllimin bu zarafatı “Qazaxda şair-yazıçı çoxdur, yoxsa Ağstafada?” zarafatını da yada saldı. Əlbəttə, söhbət hər bir azərbaycanlının onunla eyni bölgədən çıxmış görkəmli insanlarla haqlı olaraq öyünməsindən gedirdi.
Budəfəki konfransda mənim iştirakçısı olduğum bölmənin rəhbəri də Babək müəllim idi. İlk təqdimatdan bəlli oldu ki, Türkiyənin ən müxtəlif bölgə və elm-təhsil ocaqlarından, eləcə də Rusiya, Çin, Monqolustan, Bolqarıstan, Macarıstan kimi ölkələrdən gəlmiş araşdırmaçılar da Babək müəllimi yaxşı tanıyırlar. İştirakçılarla çox həssas davranışı, nəzakəti və nəvaziş dolu müraciətləri mühazirə və müzakirələrin işgüzarlığını xeyli artırır, ümumi atmosferi səmimiləşdirirdi. Məni – Azərbaycandan gələn nümayəndəni o qədər sevgi və sayğı ilə təqdim etdi ki, düzü, azərbaycanlı olduğumdan qürurlandığım qədər də sıxıldım.
Düşündüm ki, yəni professorun belə qiymətinə doğrudanmı layiqəm?! Sonra gördüm ki, Türkiyənin son ictimai-siyasi gerçəklərinin Azərbaycan mətbuatında təqdimatına həsr olunmuş məruzəmin maraqla qarşılanmasında Babək müəllimin mövzu ilə bağlı tutarlı təqdimatı önəmli diqqət yaratdı.
Səhəri gün telefonla əlaqə saxladığımız tələbə yoldaşımız Qafar Çaxmaqlının dəvəti ilə onun son illərdə çalışdığı Kayseri şəhərinə getdik. Bizdən bir gün əvvəl Xalq yazıçısı Anarın və Rəşad Məcidin də orada kitab festivalında iştirak etdiyini eşidəndə Babək müəllim çox təəssüfləndi: “Kaş dünən gələydik, çox istərdim ki, dostlarla görüşüm”. Düzü, mən həmin anlarda bu ipək kimi yumşaq insanın, dəyərli və böyük alimin gözlərindəki Vətənlə, doğmalarla bağlı qəribə bir xiffəti də yaxından hiss etdim.
Qafar müəllimin Kayseri təqdimatları hər birimiz üçün maraqlı oldu. Hərdənbir Babək müəllimin hər bir addımına diqqət edən, onu, az qala, küləkdən belə qoruyan İlqar müəllimin “Babək müəllimi yormayaq” təklifi gəzintimizə fasilələr də qatdı. Amma bu gəzinti qədim türk şəhəri haqqında təəssürat və bilgilərimizi xeyli zənginləşdirdi. 
Babək müəllimlə ara-sıra zəngləşirdik. Keçən il Qazax Rayon İcra Hakimiyyətinin keçirdiyi tədbirə gəldiyini bildirmişdi və bu görüş barədə informasiyanı KİV-də yaydıq. Amma Vətənə Tbilisidən gəldiyindən görüşə bilmədik. Ötən il sentyabrın əvvəllərində “525-ci qəzet”də bir yazısının dərc edildiyini sevinclə bildirdi və söylədi ki, sizdən də yazılıb. “Mənə də bir qəzet alıb saxlayarsan” xahişi indi də qulaqlarımda səslənir. Qəzetin 10 avqust 2018-ci il sayında dərc edilən həmin “Elm və sənət adamlarının Türkiyə görüşləri” məqaləsinin bir yerində xatırlanırdı: “Simpoziumda həmyerlilərimlə – tanınmış jurnalistlər Namiq Əhmədov və Tahir Aydınoğlu ilə də yaxından tanış olmaq imkanı qazandım. Namiq müəllimin müasir Azərbaycan–Türkiyə münasibətlərinə həsr olunmuş məruzəsi maraqla dinlənildi. Xatırladaq ki, Namiq müəllimin bu mövzuya aid bir çox diqqətçəkən məqalə və kitabları da onun bu sahədə bir mütəxəssis kimi yetişməsindən xəbər verməkdədir”.
Sonrakı zənglərimizdə Bakıda olduğunu bildirirdi. Görüşmək təklifimi “səhhətimdə bir balaca problem var, onu qaydasına qoyum sonra...” cavabı ilə ləngidirdi. Dahi bəstəkarlarımız Üzeyir Hacıbəyov və Qara Qarayev haqqında göndərdiyi yazıları da qəzetimizdə dərc etdik. Dönə-dönə minnətdarlıq etdi, şuxluq və qətiyyətlə dedi: “Mənim qəzetlərimi saxla, bir az babatlaşan kimi redaksiyaya gələcəyəm, baş redaktorunuz Həsən müəllimlə də nə vaxtdır ki, görüşmək istəyirəm”.
Babək müəllimin əbədiyyətə qovuşmasından keçən ilk günlərdə 6 aydan çox çantamda gəzdirdiyim və ona çatdırmalı olduğum qəzet nüsxələrini dərin hüzn və ehtiramla yenidən vərəqlədim. Hətta İzmirə, ölüm xəbərindən dərindən kədərləndiyini telefonda mənə çatdıran dəyərli xocamız Aydın İbrahimova da elə həmin an mesaj yazdım ki, mən də Babək müəllimə qəzetləri borclu qaldım, yəqin, o dünyada çatdıraram... Professorun “Ay Allah və nöqtələr” cavabı, əslində, cavabsızlığı ruhuma bir sakitlik gətirsə də, içimdəki peşmançılığı yox edə bilmədi. Amma “Təzəpir məscidi”ndə Qazax Xeyriyyə Cəmiyyətinin keçirdiyi yas mərasimində “əmanət qəzetləri” dostları-doğmaları Qafar, Səyyad və Tərlan bəyin iştirakı ilə Babək müəllimin oğluna və ailə üzvlərinə çatdırmağım, sanki, məni o dünyaya qalası borcdan xilas etdi. 
Çox gec tanış olub doğmalaşdığım və mənə xoş xatirələr bəxş edən, qayğıkeşliyi və xeyirxahlığı, yüksək mənəviyyatı və ziyalılığı ilə seçilən, elm və mədəniyyətimizə samballı xidmətlər göstərən, bu il isə 80 yaşını qeyd etməyə hazırlaşdığımız Babək müəllimə insanlıq, ləyaqət və hörmət borcumsa, daim qalacaq. 

 

Namiq ƏHMƏDOV, 
Əməkdar jurnalist, Həsən bəy Zərdabi və TÜRKSOY mükafatçısı

7 2019 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə