Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Heydər Əliyev və Azərbaycan tarixi”

Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt icra hakimiyyətinin iclas salonunda Bakı məktəblilərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik ­konfrans keçirilmişdir. 

Şagirdlərin özlərinin idarə etdiyi məclisdə Bakı ŞİH-in, Təhsil Nazirliyinin, Şəhər Təhsil İdarəsinin və paytaxt rayonları icra hakimiyyətlərinin məsul işçiləri, rayon konfranslarının qalibləri, orta məktəb rəhbərləri və media nümayəndələri iştirak etmişlər. Əvvəlcə Dövlət himni səslənmiş, ulu öndər Heydər Əliyevin  həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilmişdir. 
Səbail rayonu 6 saylı orta məktəb-liseyin 8-ci sinif şagirdləri Aydan İsayeva və İlham Kərimlinin sədrlik etdiyi konfransda paytaxtın hər rayonundan ən yaxşı referatın müəlliflərinə söz ­verilmişdir.
Pirallahı rayonundan Qorxmaz Məmmədzadə, Qaradağ rayonundan Şəbnəm Feyzili, Suraxanı rayonundan Vəsilə Mahmudova, Səbail rayonundan Zəhraxanım Məmmədova, Nizami rayonundan Ayla Atakişiyeva, Nəsimi rayonundan Səba Ağayeva, Xətai rayonundan Aygün Hüseynova, Binəqədi rayonundan Hasil Qubadov, Sabunçu rayonundan Səma Əliyeva, Xəzər rayonundan Gülşən Yusifzadə, Nərimanov rayonundan Abdulsübhan Nəcəfli, Yasamal rayonundan Yunis Quliyev və digər qaliblərin çıxışları dinlənilmişdir.
Məktəblilərin elmi yaradıcılığına münasibət bildirən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı ictimai-­siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirmişlər ki, əsas məqsədi şagirdlərin zəngin və şərəfli keçmişimizə, milli-mənəvi dəyərlərimizə kreativ marağını artırmaq, onlara elmi araşdırma bacarığı aşılamaq olan bu konfranslarda Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çağdaş tariximizdəki liderlik fəaliyyəti istedadlı məktəblilərin əhatəli və məzmunlu tədqiqatına cəlb olunmuşdur.
Qeyd olunmuşdur ki, paytaxt rayonlarının məktəblərində keçirilən bu  konfransların 1116 iştirakçısının Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan  araşdırma işlərindən ən yaxşılarını əhatə edən 60-dan çox referat Bakı ŞİH-in dəstəyi ilə çap olunacaq kitaba daxil edilmək üçün seçilmişdir. “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfransın hər il keçirilməsi qərara alınmışdır.

T.AYDINOĞLU, “Xalq qəzeti”

 

7 2019 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə