Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda heyvanlarda xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Şamaxıda heyvanlarda xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Dövlət  Baytarlıq Xidməti (DBX) bildirir ki, Şamaxı rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Şamaxı Rayon Baytarlıq İdarəsinin 15 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər, 1 qəsəbə və 60 kəndində saxlanılan iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvana, arı ailələrinə və  quşlara baytarlıq xidməti göstərirlər.

Cari ilin müvafiq dövrü ərzində rayonda heyvanlarda xəstəliklərə qarşı peyvənd aparılıb. Mart ayının ilk günlərindən isə Şamaxı Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu xəstəliyə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə edilib. Şamaxı rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. 

Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2019 11:16 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə