Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfrans

“Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfrans

Dərin vena trombları və bunların kəskin və xroniki fəsadları ən ciddi olaraq ağciyər emboliyası kimi ölümcül-ağır nəticələrlə sonlana bilər. Uşaqlıq qanaxmaları ilə yanaşı, pulmonar tromboemboliya ana ölümlərinin əsas səbəblərindən biri kimi də xarakterizə olunur. Müasir dövrdə ağciyər emboliyasının qarşısını almağın çoxlu operativ üsulları var.

Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) keçirilən və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunmuş “Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfransda məlumat verilib.

Konfransda Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar cərrah, professor Ahmet Memiş, ürək-damar cərrahı Anar Əmrah, cərrah uroloq, tranplantoloq Rəşad Şolan, invaziv radioloq Ağakişi Yəhyayev müxtəlif mövzularda məruzələr etmişlər.

Təqdimatlarda insan bədənindəki bütün üzv və orqanlardan ürəyə qanın geri dönüşünü təmin edən mərkəzi və dərin venaların xəstəlikləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə xroniki böyrək çatışmazlığı xəstələrində hemodializ üçün, onkoloji müalicələrdə uzunmüddətli kimyaterapiya müalicələri və ya reanimasiya-böyük əməliyyatlarda istifadə edilən santral venoz kateterizasiyaya bağlı xroniki vena daralma və tutulmaları həyat keyfiyyətini pozan patologiyalardır.

Xroniki böyrək çatışmazlığında transplantasiya imkanı olmayan xəstələrdə xroniki hemodializ arteriovenoz fistulaları və kateterləri “lifeline”, yəni həyata bağlayan yol olaraq qəbul edilir və bu həyat yollarının mühafizəsi həyatda qalma müddətini artırmaqdadır.

Ağciyər törəmələrinin yuxarı boş venaya, qarın törəmələrinin aşağı boş venaya yapışmaları və bu venalardakı tutulmalar gerçək onkoloji təcili hadisələrdir.

Bildirilib ki, açıq cərrahi və ya endovaskulyar trombektomiya, balon dilatasiya-stent implantasiyası vena cava filtrləri, vascular snare (kement) kimi yeni əməliyyatlar RMDM-də də uğurla icra olunur.

Çıxışların sonunda maraqlı suallar ətrafında müzakirələr aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2019 10:52 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə