Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zorakılığa məruz qalmış uşaqlarla işləyən tibb işçiləri üçün təlim keçirilir

Zorakılığa məruz qalmış uşaqlarla işləyən tibb işçiləri üçün təlim keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində uşaqların zorakılıqdan uzaq, sağlam mühitdə böyüməsi üçün nəzərdə tutulan profilaktik və reabilitasiya tədbirlərinə dair təlim keçirilir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə həyata keçirdiyi təlimdə ilkin səhiyyə xidməti sahəsində çalışan həkimlər, məktəb psixoloqları və KİV nümayəndələri iştrak ediblər.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə giriş sözü ilə çıxış edərək bildirdi ki, məktəbdə, həyətdə, məişət zəminində fiziki və ya mənəvi zorakılıq halları ilə qarşılaşan uşaqlara lazımi tibbi-psixoloji yardım göstərilməsi üçün tibb işçilərinin bilik və bacarıqlarının artırılması bu gün olduqca vacib məsələdir: “Zorakılıq halları ilə üzləşən uşaqlar özünə qapanır, depressiyaya düşürlər, bu vəziyyət azyaşlının intihar etməsinə səbəb ola bilir. Bu halların baş verməsinin qarşısını almaq üçün zərər çəkmiş şəxslərə tibbi-psixoloji yardım təcili və təxirəsalınmaz formada, düzgün sistematik qaydada aparılmalıdır”.

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova belə layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, zərərçəkmiş şəxslərə göstərilməli olan xidmətdən söz açdı, qarşılaşdığı hadisələrdən əldə etdiyi təcrübələri iştrakçılarla bölüşdü. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva çıxış edərək, cəmiyyəti zorakılığa qarşı daha fəal mübarizəyə çağırdı, hər kəsin bu məsələyə həssas, qayğıkeş yanaşmasının böyük əhəmiyyətə malik olduğunu vurğuladı. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə dünyada və ölkəmizdə baş verən zorakılıq halları ilə bağlı statistik məlumatları qeyd etdi, uşaqlara qarşı zorakılığın risk faktorları və bu istiqamətdə səhiyyə müəssisələrində çalışan əməkdaşların peşəkar fəaliyyətinin vacibliyindən danışdı.

İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova zorakılığın qurbanı olan uşaqların aşkarlanması, onların vəziyyətlərinin qiymətləndirilməsi, yetkinlik yaşına çatmayan uşaqların müayinəsi, zorakılığa məruz qalmış uşaqlarla aparılan tədbirlər üzrə tövsiyələr və sənədləşdirmə işləri, normativ hüquqi sənədlər, uşaqlara qarşı zorakılığın profilaktikası mövzuları üzrə ətraflı məlumat verdi.

Zorakılığa məruz qalmış uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzinin klinik psixoloqu Gülşən Axundova zorakılığa məruz qalan uşaqlara tibb işçilərinin ilkin psixoloji dəstəyinin aspektlərini danışdı və qrup işi keçirərək müəyyən hadisələrdə psixoloqların göstərməli olduqları münasibəti və addımları əyani olaraq izah etdi. Elmi Tədqiqat Mama Ginekologiya İnstitutunun poliklinika şöbəsinin müdiri Gülnarə Rzayeva zorakılığa məruz qalan qızların reabilitasiyası işinin aparılması qaydaları barədə həkimləri məlumatlandırdı.

Üçgünlük təlimin yekun günündə iştrakçılara qiymətləndirmə məqsədilə yazılı test imtahanı keçirilməsi və sertifikatların təqdim olunması nəzərdə tutulub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2019 11:10 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə