Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ” beşinci dəfə qrup mərhələsində

“Qarabağ” beşinci dəfə qrup mərhələsində

Son illərin dəyişməz Azərbaycan çempionu və avrokubokların qrup mərhələsi yarışlarının daimi iştirakçısı Ağdamın “Qarabağ” komandası növbəti dəfə böyük futbol bayramının iştirakçısı olacaq. Qurban Qurbanovun komandası Avropa Liqası turnirinin pley-off mərhələsində bir həftə əvvəl Moldovanın Tiraspol şəhərində yerli “Şerif” ilə görüşdəki kiçik fərqlə məğlubiyyətin (0:1) əvəzini Bakıda artıqlaması ilə çıxaraq (3:0) qrup mərhələsinin qapısını taybatay öz üzünə açdı. 
Qarşıdakı turnir ötən mövsümdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamaqla tarix yazmış təmsilçimizin Avropa Liqası yarışlarında ardıcıl dördüncü, ümumilikdə isə avrokubokların final mərhələlərində beşinci startı olacaq. 
Çempionumuz Moldova klub futbolunun lideri “Şerif”lə oyunun, onunla da birlikdə qrup mərhələsinə vəsiqənin taleyini böyük ölçüdə hələ fasiləyədək həll etdi. Artıq birinci hissədə Maksim Medvedevlə Vild-Donald Geryenin dəqiq zərbələri son 45 dəqiqə ərəfəsində məğlubiyyət təhlükəsi qarşısında qalan qonaqlara çox ciddi xəbərdarlıq idi. 
Oyunun ikinci yarısının əvvəllərində Filip Ozobiçin kifayət qədər uzaq məsafədən mükəmməl zərbə ilə vurduğu üçüncü top isə “Şerif”i, əslində, ümidsiz vəziyyətə saldı.
Nəticədə on minlərlə futbol pərəstişkarının böyük zövq aldığı oyunda bir daha qol görmədik və Ağdam klubu ötən illərdəki kimi bütün Azərbaycanı layiqli qələbə ilə ürəkdən sevindirdi. 
İndi “Qarabağ”ın azarkeşləri qrup mərhələsinin oyunlarını daha böyük maraq və həyəcanla izləyəcəklər. Qarşıda azərbaycanlı futbol pərəstişkarlarını Avroliqada Ağdam klubunun iştirakı ilə ən azı daha altı oyun gözləyir. 
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

 

31 2018 21:27 - İDMAN
İDMAN
15 İyul 2019 | 21:57
Finalçılar bəlli oldu
13 İyul 2019 | 13:07
Rivaldonun açıqlaması
9 İyul 2019 | 23:16
Lopezə görə 30 milyon avro

Köhnə versiyamızdan xəbərləri izlə