Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsl ziyalı, akademik Zərifə xanım Əliyeva anılıb

Əsl ziyalı, akademik Zərifə xanım Əliyeva anılıb

Azərbaycan Tibb Universiteti (ATU) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycan Tibb Universitetində təşkil edilən tədbirdə bu ali təhsil ocağının rektoru, professor Gəray Gəraybəyli çıxış edərək bildirdi ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olub. Rektorun sözlərinə görə, hər bir böyük ali tədris ocağı öz məzunları ilə məşhurlaşır: “Bu nöqteyi-nəzərdən ATU-nun adını yüksəkliklərə qaldıran dünya şöhrətli məzunların arasında akademik Zərifə xanım Əliyevanın xüsusi yeri var. Zərifə xanımın elmi pedaqoji və həkimlik fəaliyyəti haqqında çox danışmaq olar. Bir faktı xüsusi vurğulamaq istəyirəm ki, Zərifə xanımın istər elmi, istərsə də həkim kimi fəaliyyəti Tibb Universiteti ilə birbaşa bağlıdır. Zərifə xanım 1942-ci ildən 1947-ci ilə qədər burada təhsil alıb. Universiteti bitirdikdən sonra təbabətin ən incə sahələrindən olan oftalmologiya ixtisasına yiyələnmək üçün Moskvaya gedib. Moskvada təhsilini başa vurub Azərbaycana qayıdıb və burada geniş pedaqoji fəaliyyətlə məşğul olub. 1960-cı ildə namizədlik dissertasiyasını müdafiə edib”.

Rektor  bildirib ki, Zərifə Əliyeva müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. O, görkəmli alim olmaqla yanaşı, dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı, İlham Əliyev kimi mütərəqqi bir dövlət başçısının anası olub. Zərifə xanım yaddaşlarda əsl ziyalı alim, mehriban və qayğıkeş ana kimi qalıb.

Anım tədbirində ATU-nun oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur, dosent Solmaz Əliyeva və rezident Fərid İskəndərov çıxış edərək Zərifə xanım Əliyeva haqqında fikirlərini bölüşüblər.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov Z. Əliyevanın gözəl insan və istedadlı həkim olduğundan danışdı: “Bu gün bu tədbirdə iştirak etmək, həkimlərin qarşısında çıxış etmək çox təsirləndirir. Elə təəssürat yaranır ki, sanki Zərifə xanımın ruhu bizi görür. Çünki bura onun doğma məkanıdır”. A. Əsgərov Zərifə Əliyevanın keçdiyi ömür yolunun sonrakı nəsillər üçün misilsiz örnək olduğunu qeyd edib, alimin xalqımız qarşısında misilsiz xidmətlərini xatırladıb.

Tədbirdə Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş olunub. Daha sonra görmə qüsurlu uşaqlara eynəklər hədiyyə edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 2019 18:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə