Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 111-ci ildönümü qeyd olunub

Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 111-ci ildönümü qeyd olunub

Gəncədə yazıçı, ədəbiyyatşünas,  Əməkdar Elm xadimi, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin anadan olmasının 111-ci ildönümü qeyd olunub. Bu münasibətlə ədibin ev muzeyində təşkil olunan ədəbi-bədii gecəni  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq bildirib ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini qoyan ədiblərdən sayılır. O, ədəbi aləmdə atdığı ilk addımlarından sənətin şöhrət zirvəsinə qədər keçdiyi çətin və şərəfli ömrünün 50 ili ərzində zəngin bir irs yaradıb. O, çox sadə və geniş ürəkli bir insan olub.

 Niyazi Bayramov ədibin xatirəsinə hörmət və ehtiram ifadəsi olaraq Gəncədə Mir Cəlal Paşayev adına muzey, məktəb fəaliyyət göstərdiyini, şəhərin görkəmli və abad küçələrindən birinə onun adının verildiyini qeyd edib.

Tədbirdə Aviasiya Akademiyasının professoru İbrahim Quliyev yazıçının yaradıcılığını xronoloji ardıcıllıqla təhlil edib və bildirib ki, görkəmli ədib M.Füzulinin, A. Puşkinin və digər klassiklərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Mir Cəlal Paşayev eyni zamanda elmi işlərlə də məşğul olub, “Ukrayna Azərbaycan ədəbi əlaqələri” mövzusunda elmi axtarışlar aparıb. O bildirib ki, ömrünü ədəbiyyatımızın, elmimizin inkişafına həsr edən görkəmli yazıçı Mir Cəlal Paşayev mənalı bir həyat yaşayıb. Zəngin yaradıcılıq yolu keçən Mir Cəlal xalqımızın vətənpərvərliyini, gənclərin arzu və istəklərini, həyatdakı mənfiliklərlə mübarizəni əks etdirən dəyərli romanlar, hekayələr müəllifidir.

Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Tədbirdə millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

26 2019 17:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə