Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan işğalçılıq siyasətini informasiya müharibəsi ilə davam etdirir

Ermənistan işğalçılıq siyasətini informasiya müharibəsi ilə davam etdirir

Bu günlərdə Ermənistanın öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim etməsi və bu sənədlərin BMT-nin rəsmi səhifəsində yayılması məlum oldu. Ermənistanın növbəti təxribatı kimi qiymətləndirilən bu hadisə rəsmi Bakı tərəfindən etirazla qarşılandı. Məsələ ilə bağlı Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı fəxri konsulu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Ceyhun Ələkbərov qəzetimizə fikirlərini bildirdi:

–Bu təəssüf doğuran və dünyanın ən böyük təşkilatının imicinə uyğun gəlməyən olayda, həmişəki kimi erməni saxtarakarlığının və təxribatının izllərini aydın görürük. Xarici İşlər Nazirliyi də öz bəyanatında konkret olaraq qeyd etdi ki, bu hal ilə bağlı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən bildirilib ki,  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirən və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilən sənədə bu əlavələrin heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə ermənilərin bu kimi cəhdləri qəbuledilməzdir.  Çünki  indiyədək günədək Ermənistanın bu kimi təxribatlarına cavab olaraq ölkəmizin mövqeyini əks etdirən etiraz məktubları BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc olunaraq yayılıb.

Ümumiyyətlə, Ermənistan tərəfinin öz məktublarına Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin kağızlarını əlavə etməsi ilk hadisə deyil. Xaricdəki havadarları bilvasitə  köməyi ilə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hesabatını BMT-nin rəsmi saytında yerləşdirməyə nail olub. Burada erməni lobbisinin izlərini  görmək mümkündür. Düşmən ölkə çox yaxşı anlayır ki, Azərbaycan hərbi cəhətdən  Ermənistandan dəfələrlə güclüdür. Əgər azacıq müharibə başlanması riskinə gedilərsə,  Ermənistanın  ağır məğlubiyyətə uğraması qaçılmazdır. Ona görə də, ermənilər Dağlıq Qarabağı hüquqi cəhətdən də mənimsəmək və dünyanı bu işğal təfəkkürlərinə inandırmaq üçün dəridən- qabıqdan çıxırlar. Bizə qarşı informasiya müharibəsi aparırlar və belə təxribatlarla üstünlük əldə etməyi düşünürlər.  Daha doğrusu, Ermənistan işğalçı siyasətini informasiya müharibəsi ilə davam etdirməyə çalışır.

BMT-nin müvafiq qurumları da belə məsuliyyətsiz səhvlərdən çəkinməlidirlər. Çünki hamıya məlumdur ki, BMT 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixli qətnamələri ilə və müxtəlif vaxtlarda qəbul etdiyi bəyanatlarla Ermənistandan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz çıxarmağı tələb edib. Qətnamələrin qəbul edilməsindən 26 il keçməsinə baxmayaraq, təcavüzkar dövlət BMT-nin bu qətnamələrini heçə sayaraq işğalı davam etdirir. İndi BMT əksinə Ermənistana qarşı nəinki bəyanatlar, həm də konkret addımlar atmaq və qərarlar qəbul etməklə bu işğalçı dövlətə həddini bildirməlidir. Əks halda Azərbaycan Ordusunu öz qanuni və tarixi torpaqlarını azad etmək üçün heç kəs saxlaya bilməz. BMT kimi ciddi təşkilatın belə diqqətsizliyi də yolverilməz haldır. Çünki erməni siysətçilərə göstərilən azacıq loyal münasibət sonda belə nəticələnir. Hər zaman boşluqlardan, cəzasızlıq şəraitindən istifadə etməyə çalışırlar. Lakin onu da yaxşı bilməlidirlər ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Öz torpaqlarının işğalçıların nəzarəti altında qalması ilə razılaşmayacaq.

                                                                                   

Anar TURAN,
“Xalq qəzeti”

26 2019 16:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə