Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Universitetində V Avropa İqtisadi Konqresi işə başlayıb

Azərbaycan Universitetində V Avropa İqtisadi Konqresi işə başlayıb

Azərbaycan Universitetində Türkiyənin Kocaeli və Polşanın WSB Universitetinin həmtəşkilatçılığı ilə Avropa İqtisadi Konqresləri seriyasından olan beşinci beynəlxalq tədbir  işinə başlayıb. “Qlobal iqtisadi trendlər” mövzusuna həsr edilmiş  konqresin bölmələrində 13 ölkəni təmsil edən müəlliflərin müasir iqtisadiyyatın aktual problemlərinə həsr olunmuş 100-ə yaxın məruzəsinin dinlənilməsi planlaşdırılır.

Universitet rəhbərliyi və beynəlxalq heyət səhər saatlarında Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Ümummilli liderin universitetin foyesindəki büstünün önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub. Tədbirin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən rektor Səadət Əliyeva qeyd edib ki, dünyada gedən qloballaşma tendensiyası iqtisad elminin də qarşısına yeni tələblər qoyur. Azərbaycanda Prezident İlham Əliyevin elan etdiyi iqtisadi islahatlar paketləri və onların həyata keçirilməsi nəticəsində əldə olunan uğurların davamlı olmasının bir təminatı da qloballaşma şəraitinin doğurduğu reallıqların nəzərə alınması, onların elmi-nəzəri və praktiki əsaslandırılmasının təmin edilməsidir. Rektor konqresin təklif etdiyi platformanın belə məsələlərin müzakirəsi, onlara müxtəlif elmi baxışların formalaşdırılması və konkret elmi nəticələrin alınması baxımından uğurlu olacağına inandığını deyib.

Millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə, Kocaeli və WSB universitetlərinin nümayəndələri Selçuk Koç və Pavel Urgacz, AMEA-nın müxbir üzvü Akif Musayev, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxış edərək tədbirin iqtisadiyyat elminə töhfələr verəcəyinə əminliklərini ifadə edib, konqresin işinə uğurlar arzulayıblar. 

Konqresin plenar iclasında dəvətli  məruzəçilər Almaniyanın  Oldenburg Universitetinin professoru Hans - Michael Trautwein, İspaniyanın  Extremadura Universitetinin professoru Rui Alexandre Castanho, İtaliyanın Roma Tre Universitetinin professoru Roberto Ciccone, Polşanın Meterologiya və Su Təsərrüfatı İnstitutunun professoru Tomasz Kasprowiczin çıxışları dinlənilib.

Fasilədən sonra tədbir işini bölmə iclaslarında davam etdirib. Beynəlxalq tədbir 3 gün davam edəcəkdir.

 

“Xalq qəzeti”

26 2019 14:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə