Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnkişafın yolu oxumaq, savadlanmaqdır

İnkişafın yolu oxumaq, savadlanmaqdır

Ölkəmizdə ikinci ildir ki, kütləvi keçirilən “Oxu günü” adlı layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Masallı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında “23 Aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə rayon ümumi təhsil müəssisələrinin iştirakı ilə “Oxu günü” tədbiri keçirilib. Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon təhsil şöbəsinin müdir müavini S.İslamov və digər idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, rayon ziyalıları, ağsaqqallar, QHT təmsilçiləri, təhsil, mədəniyyət işçiləri və ictimaiyyətin fəal nümayəndələri iştirak ediblər.

Rayonun müxtəlif ümumtəhsil məktəblərinin və liseyin şagirdləri təqdimatlarla çıxış ediblər. Həmçinin müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri keçirilib. Məktəblilərin iştirakı ilə keçirilən və rəngarəngliyi ilə diqqəti cəlb edən, Azərbaycanın klassik və müasir şair və yazıçılarının əsərlərindən ədəbi-bədii obrazlarla zəngin kompozisiyalar, mövzu ilə bağlı sərgilər, Vətəni, biliyi vəsf edən şeirlər və musiqi parçaları, sözsüz ki, kitaba olan sevgi və meyili artırmaqla yanaşı, mütaliə mədəniyyətinin formalaşmasına da töhfəsini verəcək.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, rayonda müəllimlərin, məktəblərin iştirakı ilə keçirilən bu tədbir kitaba bağlılığı daha da artırır. Rayon təhsil şöbəsi, lisey və məktəblər, ictimai təşkilatlar, bu istiqamətdə şəhərdə və kəndlərdə vaxtaşırı müxtəlif kütləvi tədbirlər həyata keçirir. O vurğulayıb ki, əsas məqsəd uşaqlarda mütaliənin üstünlüklərini aşılamaqdır. Şagirdlərimizin şəxsiyyət kimi və dünyagörüşünün formalaşmasında kitab oxumağın bənzəri yoxdur.

Tədbirdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova da iştirak və çıxış edib. O uşaqlara kitabı sevməyi, inkişaf üçün mütaliənin vacib olduğunu xatırladıb və onlara savadlı, bilikli, geniş dünyagörüşünə malik olmaq üçün məhz kitabla dost olmağı tövsiyə edib.  Arzu xanım məktəblilərə 500-ə qədər tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi əks etdirən kitablar hədiyyə edib.

Rayon icra hakimiyyətinin başçısı Arzu Bağırovaya tədbirdə iştirakına və göstərdiyi dəstəyə görə təşəkkür edib, ona işlərində uğurlar arzulayıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 2019 11:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə