Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişlidə xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

İmişlidə xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət  Baytarlıq Xidməti (DBX) bildirir ki,  İmişli rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər İmişli Rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Hazırda rayonun Qaralar kəndi ərazisində yerləşən Rəhmanov Sahil Pasan oğluna məxsus “İmişli-R-Aqro” cins heyvandarlıq kompleksində nodulyar dermatit xəstəliyinə qarşı vaksinasiya tədbiri aparılır. Lizinq yolu ilə alınmış bu təsərrüfatda 550 baş holiştin-friz və  simmental cinsindən olan mal-qara saxlanılır. Bu tədbirdən öncə təsərrüfatda həm qarayara, həm də dabaq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb. Eləcə də kompleksdə 2050 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Həmçinin həssas heyvanlar arasında diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.

Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” sözü yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 2019 11:24 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə