Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bir kəmər, bir yol” layihəsi dinamik inkişafa böyük töhfələr verəcək

“Bir kəmər, bir yol” layihəsi dinamik inkişafa böyük töhfələr  verəcək

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Ölkəmizlə Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 


 

Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb. Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti yenə də prioritetliyini qoruyub saxlayıb. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır. 

Onlarca ölkəni bir-birinə bağlayan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən avtomobil və dəmir yolu hissələri də beynəlxalq əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Bu nəqliyyat dəhlizlərinin respublikamızdan keçən avtomobil və dəmir yolu Bakının Ələt yaşayış sahəsində kəsişir. Həmin ərazidə inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsinin ən böyük ticarət limanıdır. Kompleksin tikintisi bura su magistrallarını da əlavə edib. Məhz bütün bunlar - avtomobil, dəmir və su yollarının birləşməsi Azərbaycanın mühüm nəqliyyat qovşağına və yeni logistik məkana çevrilməsinə geniş imkan yaradıb.
Limanın təməli 2010-cu ildə dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri -- iki körpüdən ibarət bərə terminalı, habelə liman kompleksinin Ro-Ro terminalı istifadəyə verilib. 
Respublikamızda logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi istiqamətlərində gerçəkləşdirilən layihələr nəticə etibarilə ölkəmizin artıq strateji nəqliyyat dəhlizi mərkəzinə çevrildiyindən xəbər verir. 
Azərbaycanda dəmir yollarının inkişafına, müasirləşməsinə diqqətin artırılması sayəsində bu sahə də regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.
Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu mühüm əhəmiyyətə malikdir. Qeyd etməliyik ki, adı çəkilən dəmir yolu xətti qitələri birləşdirən nəqliyyat dəhlizidir. Bu strateji layihə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olaraq, Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər gətirəcək, bir tərəfdən Mərkəzi Asiya və Çini, digər tərəfdən Avropanı Qafqazda qovuşduracaq. 
Üç marşrutdan ibarət olan Şərq-Qərb dəhlizi Çində başlanır və Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Qazaxıstan, sonra Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçir, ikinci marşrut Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə, üçüncü isə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsi ilə reallaşır. Xatırladaq ki, bu marşrut qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit qiymətli daşının rənginə (göy rəngə çalır) uyğun olaraq “Lazurit” adlanır. Hazırda bu layihə Cənubi və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək “Yeni İpək yolu”nun davamı kimi qiymətləndirilir.
İkinci nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir. Dəhliz Şimali Avropada başlayır və Azərbaycan, İran, Fars körfəzi ölkələrindən keçir və Asiya ölkələrini əhatə edir.
Şərq-Qərb dəhlizinin yuxarıda qeyd etdiyimiz kimi, Çində başlanan və Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Qazaxıstan, sonra Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən marşrutu mütəxəssislərin fikrincə, Azərbaycana böyük mənfəət gətirəcək, bütün nəqliyyat razılaşmaları paketi regionda təhlükəsizliyi möhkəmləndirəcək. Çünki nəqliyyat sahəsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığa, Böyük İpək yolu üzərində yerləşən ölkələrin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək. Bu isə son nəticədə sabitlik və təhlükəsizliyin daha da möhkəmlənməsinə əlverişli şərait yaradacaq.
Burada onu da xatırladaq ki, Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdəndir. 
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bildirilib ki, Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və respublikamızdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə böyük maraq göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşündə də bu barədə danışılıb. Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirib. Eyni zamanda, “Bir kəmər, bir yol” layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu vurğulayıb. 
Prezident İlham Əliyev isə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın nəzərə çarpdığını, Azərbaycanın Çin dövləti başçısı tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə mühüm əhəmiyyət verdiyini, bu layhəni dəstəkləyən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb.
Dövlətimizin başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə də “Bir kəmər, bir yol” təşəbbüsü yüksək dəyərləndirilib. Si Cinpin bildirib ki, Azərbaycan tərəfi və şəxsən Prezident İlham Əliyev Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılmasına böyük diqqət yetirir. 
Çin Xalq Respublikasının Sədri daha sonra deyib ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirən və bu işdə fəal iştirak edən ölkələrdən biridir. Azərbaycan Böyük İpək yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır.
Burada zəruri bir məqamı da xatırlatmaq istərdik. Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 17-də Çinin Sinxua agentliyinə müsahibəsində “Bir kəmər, bir yol” layihəsi ilə bağlı deyib: “Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Ölkəmizlə Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.
Dövlətimizin başçısı həmin müsahibədə daha sonra Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutu olduğunu da diqqətə çatdırıb. 
Prezident İlham Əliyev müsahibəsində coğrafi yerləşməmizdən istifadə edərək, ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırılması ilə Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini, əsas sərmayənin yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldildiyini, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin respublikamızın ərazisindən keçdiyini də vurğulayıb. 
Göründüyü kimi, “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan ilə Çin arasında əməkdaşlıq üçün böyük imkanlar yaradır. Yaxın gələcəkdə adı çəkilən layihənin uğurla həyata keçirilməsi nəticəsində respublikamızın Çin ilə əlaqələri daha da dərinləşəcək, iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, ticarət, investisiya, maliyyə istiqamətləri üzrə əməkdaşlığı genişlənəcək. 
Bu gün Azərbaycan Çinə kənd təsərrüfatı məhsullarının, o cümlədən, şərab, quru meyvə, meyvə şirələri və qənnadı məmulatlarının ixracı ilə bağlı intensiv danışıqlar aparır. Azərbaycan şirkətləri öz məhsullarının daha yaxşı tanıdılması və yerli bazara çıxışının gerçəkləşməsi üçün ötən il Şanxayda keçirilən birinci Çin beynəlxalq idxal sərgisi də daxil olmaqla, bu ölkədə reallaşan ərzaq və kənd təsərrüfatı məhsulları sərgi və yarmarkalarında fəal iştirak edib. Şübhəsiz ki, “Bir kəmər, bir yol” təşəbbüsü gələcəkdə bu cür iqtisadi-ticari əməkdaşlığın yeni inkişaf müstəvisinə keçirilməsinə müsbət təsir göstərəcək. 
Burada digər mühüm bir məsələni də vurğulamaq istərdik. Xəzər dənizinin statusu müəyyənləşdirildikdən, müvafiq konvensiya imzalandıqdan sonra “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan ərazisində reallaşması imkanları xeyli artıb. Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından bu layihə çox əhəmiyyətlidir. Son illər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycandan həyata keçirilən beynəlxalq yükdaşımaların həcmində artımlar var. Ölkəyə daxil olan yüklərin təxminən 90 faizi tranzit olaraq digər ölkələrə aparılır.
Elektron xidmətlərdən istifadə olunması, prosedurların sadələşdirilməsi Azərbaycanı beynəlxalq yükdaşımaları baxımından cəlbedici edir. Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında vahid tarifin tətbiqi ilə bağlı razılıq əldə olunub. Bu da iş adamları üçün beynəlxalq yükdaşımalar baxımından çox vacibdir. 
“Bir kəmər, bir yol” layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, fərqli mənbələrdən daxilolmanın artırılması baxımından da çox vacibdir. Layihə Azərbaycanın dövlət gəlirlərinin artması ilə yanaşı, ölkəyə daxil olan valyuta həcminin yüksəlməsinə də müsbət təsirini göstərəcək.
Enerji məsələləri üzrə mütəxəssislərin fikrincə, Azərbaycanda yeni neft-qaz yataqlarının mövcud olmasına baxmayaraq, həmin yataqlardakı ehtiyatların azalma, eləcə də neft qiymətlərinin aşağı düşmə ehtimalı var. Belə təqdirdə isə karbohidrogenlərdən asılılığın dayanıqlı bir model olmadığı təkzibedilməz faktdır. Ona görə də Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlamaqla yanaşı, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsində fəal iştirakı ilə seçilir. Bu baxımdan respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsində, o cümlədən Çinin yeni İpək yolu üzərində nəqliyyat qovşağına çevrilməsi prosesində yaxından iştirak edir. Yeri gəlmişkən, Türkiyənin Qars şəhəri və daha sonra Balkan regionu ölkələri ilə Bakı şəhərini birləşdirən yeni bir dəmir yolu xəttinin açılması Çin və Avropa arasında ən qısa yolun indi Azərbaycan ərazisindən keçməsi deməkdir. Çin dünyanın ən böyük ticarət subyektidir. Yaxın vaxtlarda Mərkəzi Asiya, Rusiya və Şərqi Avropanı birləşdirəcək digər bir marşrut Şimal-Cənub Nəqliyyat Dəhlizi də Azərbaycan ərazisindən keçəcək. 
Beləliklə, ölkəmiz müstəqillik dövründə öz inkişafını zəngin yeraltı təbii ehtiyatlarının potensialını reallaşdırmaqdan başlayıb. Hazırda isə Azərbaycanda bütün diqqət yerüstü ehtiyata-coğrafi mövqeyə cəmləşdirilib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 

 

 

25 2019 23:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə