Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanıda akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Suraxanıda akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Suraxanı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. 

Rayondakı Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə mərkəzin elektron lektoriya zalında “Zərifə Əliyeva – məğrur qadın, fədakar ana, böyük alim” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları rayondakı Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etdikdən sonra akademik Zərifə Əliyevanın ildönümü münasibətilə rayondakı Heydər Əliyev Mərkəzində yaradılan guşədə qoyulmuş büstü önünə tər güllər düzüb və kitab sərgisi ilə tanış olublar. 
Akademik haqqında filmin nümayişindən sonra konfrans başlayıb. Tədbirin əvvəlində Zərifə xanımın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında görkəmli oftalmoloq-alimin xalqımız tərəfindən hər zaman sonsuz hörmət və məhəbbətlə xatırlandığını bildirib. Natiq akademikin oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini diqqətə çatdırıb.
İlqar Abbasov sonda deyib: “Zərifə xanım Əliyeva zaman-zaman öyrəniləcək və tədqiq olunacaq alimdir. Onun beynəlxalq konfrans və simpoziumlarda müzakirə obyektinə çevrilən elmi uğurları Azərbaycan səhiyyəsinin dünyada nüfuzunu gücləndirib. Akademikin oftalmologiya sahəsindəki tədqiqatları nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında ona böyük şöhrət qazandırıb”.
Konfransda publisist-politoloq Reyhan Mirzəzadə məruzə ilə çıxış edərək bildirib ki, Zərifə xanım tibbi tədqiqatların istedadlı təşkilatçısı, sənaye oftalmologiyası sahəsində görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxəssis, dərin klinik təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik alim idi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi. Zərifə Əliyeva Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.
Məruzə ətrafında YAP rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Ağacan Abiyev və Fərəc Quliyev, 24 nömrəli Şəhər Poliklinikasının həkimi Rəna Qanbayeva, 16 nömrəli Uşaq Poliklinikasının həkimi Ülviyə Əkbərova çıxış edərək Zərifə xanımın çoxcəhətli və zəngin fəaliyyəti haqqında danışıblar. 
Konfransın işini yekunlaşdıran İlqar Abbasov vurğulayıb ki, Zərifə Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma onların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə yaşayacaqdır. 
Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, Zərifə xanımın da əməyi aydın görünür. 
Bu gün ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimizin ən yaxın və əvəzolunmaz silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın da müstəsna xidmətləri var. 
Konfransın sonunda Əməkdar artist Zaur Əmiraslanovun ifasında Zərifə xanım Əliyevanın sevdiyi mahnılar səsləndirilib.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

25 2019 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə