Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir

Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir

Aprelin 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir təşkil edib. 

Əvvəlcə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. 
YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva akademik Zərifə xanım Əliyevanın elmi nailiyyətlərindən, onun peşəkar həkim, fəal ictimai xadim kimi fəaliyyətindən danışıb. Bildirib ki, Zərifə Əliyeva həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı, həm də nümunəvi bir həyat yolu keçib. 
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Zərifə xanımın həyatı hər bir azərbaycanlı üçün nümunədir. O, əsl azərbaycanlı xanım nümunəsidir. Zərifə xanımı yaxından tanıyanlar onun ləyaqətli, insanpərvər, çox xeyirxah, mehriban bir qadın olduğunu yaxşı xatırlayırlar. Zərifə xanım hamının dərdini, problemini özününkü hesab etməyi bacarırdı. Çünki hər şeydən əvvəl, insanları sevirdi. O, həm ailəsində, həm də peşəsində nümunə göstərirdi. Bu müdrik, ziyalı, alicənab qadının keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı qadın üçün məktəbdir. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, akademik Zərifə Əliyeva təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də tanınmış alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilir. Onun fəaliyyəti bizim üçün əsl nümunədir. Görkəmli alim öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanmışdı. İnkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar. Zərifə xanım Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Zərifə xanım elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva çıxış edərək böyük alim və insan Zərifə xanım Əliyevanın qəlbən təmiz, ruhən nəcib, sözün həqiqi mənasında, peşəsinin vurğunu olduğunu vurğulayıb. O, öz elmi-praktik yaradıcılığı, təcrübəsi, axtarışları və ictimai fəaliyyəti ilə oftalmologiya elminə əvəzsiz töhfələr verib, təmasda olduğu hər bir insanın xatirəsində silinməz iz buraxıb. 
YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə gözəl insan, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın sənətinə vurğun, yüksək mənəvi-etik davranışa malik həkim və pedaqoq kimi həmişə xalqımızın qəlbində yaşayacağını bildirib. O qeyd edib ki, Zərifə Əliyeva yaxşı ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş həkim-oftalmoloq, bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan kimi yaddaşlara əbədi həkk olunub.

AZƏRTAC  

25 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə