Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı “Formula-1”in 1001-ci yarışını təqdim edəcək

Bakı “Formula-1”in 1001-ci yarışını təqdim edəcək

“Fikirləri dəyişən yarış”

Bakının tarixini özündə yaşadan İçərişəhər, xüsusilə də Qoşa qala qapısının üzərindəki plakatda yazılmış bu sözlər və qaladan dalğalanan üçrəngli bayraqlarımız insanda qürur və iftixar hissi yaradır. Əminliklə demək olar ki, Bakı artıq dünyanın müxtəlif yerlərində maraq və həyəcanla izlənilən “Formula-1”in builki mövsümünün “Formula-1” SOCAR Azərbayca Qran-prisi 2019” yarışına hazırdır. Bakının ev sahibliyi etdiyi bu yarış həm də ona görə əlamətdardır ki, bu, “Formula-1” tarixində 1001-ci yarışdır. Bəs görəsən sürət azarkeşlərinin illərdir maraq və həyəcanla izlədiyi bu yarışın tarixçəsi haradan başlayır və yarışın özəllikləri nədir?

Açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatı olan “Formula-1” hər il keçirilir. Dünya çempionatı Qran-pri statusu daşıyan ayrı- ayrı mərhələlərdən ibarət dünya çempionatına maraq onun yarandığı dövrdən – keçən əsrin 50-ci illərindən bu yana getdikcə artmaqdadır.

1950-ci il mayın-13-də Böyük Britaniyanın Silverstoun trasında təşkil edilmiş “Formula-1” yarışı bu sürət idmanında dünya çempionatının ilk yarışı kimi tarixə düşdü. Elə o dövrdən başlayaraq, bu yarış sürət və adrenalin həvəskarlarının sevimli idmanına çevrildi. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Northemptonşir qraflığında Silverstoun kəndi yaxınlığında yerləşən bu tras elə kəndin adı ilə “F1” tarixinə yazılıb. Bu trasda indi, həmçinin “BRDC International Trophy” yarışı keçirilir. Burada ənənəvi olaraq Britaniya Pilotları Klubu tərəfindən təşkil edilən yarışlar “Formula-1” dünya çempionatına daxil olmasa da, ölkədə populyarlığını qoruyur. Maraqlıdır ki, bu tras İkinci dünya müharibəsi bombardmançıları--Krallığın Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş aerodromun əsasında qurulub. 1950-ci ildən başlayaraq, bir çox dünya çempionatları və Qran-prilərin keçirildiyi bu tarixi tras daim təkmilləşdirilib və indiyə kimi onun konfiqurasiyası 11 dəfə dəyişib. Konstruktorlar arasında ilk çempion 1958-ci ildə seçilib ki, bu ada ilk olaraq Vanwall layiq görülüb.

“Formula-1”in ilk dünya çempionu Emilio Cüzeppe

1950-ci ildə Silverstoun trasında təşkil edilmiş “Formula-1” ilk dünya çempionatının və birinci Qran-prinin qalibi italiyalı pilot Emilio Cüzeppe Farinanın uşaqlıqdan bu idmana həvəsi olub. “Maserati” komandasında karyerasına başlayan Emilio 1940-ci ildə Liviyada keçirilmiş yarışda qələbə qazanıb. Lakin İkinci dünya müharibəsinin başlaması 8 yaşlı uşağın karyerasında fasilə yaradır. Buna baxmayaraq, müharibədən sonrakı yarışlarda uğurla çıxış edən Farina FİFA-nın 1950-ci ildə təşkil etdiyi rallidə “Alfa Romeo” komandasının üzvü kimi iştirak edir və ilk dünya çempionatı çərçivəsində 6 mərhələdə 3 qalibiyyət qazanır və dünya çempionu olur. Karyerasını traslarda keçirmiş ilk “Formula-1” dünya çempionu Emilionun ölümü də yolda baş verib. O, 1966-cı ildə Fransada keçiriləcək növbəti Qran-priyə yollanarkən yol qəzasında həlak olub.

Yarışın qaydaları və özəllikləri

Yarışın özəlliyi odur ki, hər ilin sonunda çempionatın qalibi müəyyən edilir və çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Pilotlar dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda güclərini sınayırlar.

“Formula-1” maşınları bolid, sürücülər isə pilot adlanır. Dünya çempionatının müxtəlif ölkələrdə keçirilən Qran-priləri, adətən, üç gündən ibarət olur və həftəsonunu təşkil edir. Reqlamentə uyğun olaraq, pilotlar cümə günü hər biri 1,5 saat olan iki sərbəst yürüşdə iştirak edir və əvvəlcə trasla tanış olurlar. Bu sərbəst yürüş onlara idarə etdikləri bolidlərini qarşıdakı sıralanma turu və yarışa hazırlamağa imkan verir. Hər bir Qran-pridə cümə günü iki 90 dəqiqəlik , şənbə günü bir 60 dəqiqəlik məşq yarışı, bir 60 dəqiqəlik kvalifikasiya yarışı keçirilir. Ən həyəcanlı gün isə bazar günü olur. Çünki ən həlledici gün olan son gündə final yarışı baş tutur və Qran-prinin taleyi həll olunur.

İstər “Formula-1” yarışlarını canlı izləyərkən, istərsə də televiziya ekranlarında tez-tez əllərində müxtəlif bayraqlar yelləyən xüsusi geyimli şəxslərə rast gəlinir. Onlar marşallardır və hər bir marşalın özünün vəzifəsi var. Yarışın müxtəlif məqamında baş vermiş hadisə ilə əlaqədar yellənən bayraqların hər birinin özünün mənası var.

Pilotların yavaşıması üçün sarı, trekin açıq olduğunu bildirmək üçün yaşıl, yarışın dayandırılması üçün qırmızı, daha sürətli maşın ötüb keçmək istəyəndə göy bayraq dalğalanır. Əgər trekdə marşallar ağ-qara bayraq dalğalandırırsa, bu, yarışın bitdiyini bildirir.

“Formula-1” yarışlarının rekordları

Sürət yarışı olan “Formula-1” tarixinə nəzər salsaq, görərik ki, bir sıra məşhur pilotlar müxtəlif rekordlara imza atıblar. Dillər əzbəri olan Mixael Şumaxer “F1” tarixində qələbələrinin, çempion titullarının sayına görə ən məhsuldar pilot hesab edilir. Yeddi qat dünya çempionu kimi tarixə düşmüş “Qırmızı baron”un oğlu Mik Şumaxer atasının sənətini seçib. Bilmək olmaz, bəlkə də, “Formula-1” tarixində ikinci əfsanəvi Şumaxer ola bilər.

1970-ci ildə İtaliya Qran-prisində avstriyalı pilot Yoxen Rindt rəqibi Jaki İksi 5 xal fərqi ilə üstələyərək 45 xalla birincilik əldə edir. Lakin yarışda qəzaya düşmüş pilot elə xəstəxanaya çatmamış yolda həyatını itirir. O, “F1” tarixinə ölümündən sonra dünya çempionu adını qazanmış yeganə pilot kimi düşür.

2012-ci ildə “Marussia” komandasında iştirak etmiş pilot Şarl Pik yeni rekorda imza atır. Belə ki, mövsüm boyu onu 70 dəfə ötüb keçirlər.1951-ci ildə birincilik əldə etmiş argentinalı pilot Xuan Manuel “Formula-1”in ilk on ilində üstünlüyünü qoruyub saxlayıb. “Maestro” təxəllüslu pilot 5 dəfə dünya çempionu adını qazanıb. Məşhur argentinalı pilot Şumaxerin rekorduna qədər dünya çempionu adını 46 il qoruyub saxlaya bilib. Bundan başqa, o, 5 dəfə qalib gəldiyi “Formula-1” Argentina Qran-prisində çempion olmuş yeganə argentinalı pilotdur. O,həmçinin ardıcıl olaraq 4 il (1954, 1955, 1956, 1957) dünya çempionu adını saxlaya bilmiş argentinalı pilot kimi də tarixə düşüb.

1952-53-cü illərdə ardıcıl olaraq birinci olmuş italiyalı pilot Alberto Askari bu uğuru “Ferrari” komandasının üzvü kimi qazanıb. Otuz üç yarışda iştirak etmiş pilot bir çox rekordlar qazanıb və “F1” tarixində çempion adını qazanmış ikinci və hələlik sonuncu italyalıdır.

“F1” avtomobillərini təmizləmək üçün parça hazırlamış “Tork” şirkətinin reklam məqsədilə təşkil etdiyi tədbir Ginnesin rekordlar kitabına düşüb. Tədbirdə 63 nəfər eyni vaxtda bir avtomobili təmizləməyə çalışıb. Onlar avtomobilin ətrafında öz yerlərini alıblar. Avtomobil kiçik həcmli formula avtomobili olduğu üçün iş daha da çətin olub və iştirakçıların yerləri məhdud olub. Lakin iştirakçılar 1 dəqiqə ərzində avtomobilin örtüyünü cilalayaraq rekordlar kitabına düşə biliblər.

“BAR” komandası “F1” tarixinə ən uzun pit-stop həyata keçirmiş komanda kimi daxil olub. Bir mövsüm çərçivəsində ən çox qalibiyyətlərin sayı “McLaren” komandasına aiddir. O, 1988-ci ildə 16 mərhələdən 15-ni qazana bilib. Bu rekordu isə “Ferrari” 2002 və 2004-cü illərdə təzələyib.

İndiyə kimi ən çox Qran-priyə ev sahibliyi etmiş şəhər İtaliyanın Monza şəhəridir . Şəhər trası 66 dəfə yarışa şahidlik edib. “ Formula-1” dünya çempionatının açılışının ən çox keçirildiyi yer Melburnda Albert parkı trası hesab edilir (19). Dünya çempionatının ən çox bağlanış yarışlarının keçirildiyi tras isə Avstraliyanın Adelaida şəhərindədir. Burada 11 dəfə dünya çempionatı sona çatıb. Ən uzun tras isə 25579 metr olub və o, İtaliyanın Peskara vilayətində yerləşir. Qran-pri yarışlarının keçirildiyi ən qısa yarış isə Monte-Karlo trası hesab edilir: təxminən 3145 metr.

Müddətinə görə “F1” dünya çempionatının ən uzun mərhələsi 2011-ci ildə Kanadada Jilya Vilnyova adına avtodromda keçirilmiş yarışda baş tutub. Pilot Censon Battonun qalib olduğu yarış 4 saat 4 dəqiqə davam edib. Ən qısamüddətli Qran-pri isə 1991-ci ildə Avstraliyanın Adelaida trasında baş tutub. Yarış 81 dövrə nəzərdə tutulsa da, güclü yağış səbəbindən cəmi 16-cı dövrədə dayandırılıb.

İndiyə kimi ən az iştirakçının rəqabət apardığı yarış 2005-ci ildə ABŞ-da keçirilib. İndianapolis trasında təşkil edilmiş sürət yarışında cəmi 6 pilot güclərini sınayıb. Səbəb isə o idi ki, bolidlərin təkərlərində olan problemlə əlaqədar “Michelin” şirkətinin müştəriləri olan komandalar yarışda iştirakdan imtina etmişdilər. “Formula-1” tarixində ən çox ötüb keçmə hadisələrinin (126 dəfə) qeydə alındığı yarış 2011-ci ildə Türkiyədə qeydə alınıb.

Bakının ev sahibliyi etdiyi Qran-prilərin əsas məqamları

2016-cı ildə ölkəmizdə keçirilən bu sürət yarışı bir sıra pilotlar üçün düşərli olub. Onlar Bakı trekində uğur qazanmaqla fəxri kürsüyə yüksələ biliblər. Bakıda bu gün başlayan “Formula-1 SOCAR Azərbaycan Qran-prisi 2019” ərəfəsində “Formula-1” şirkətinin rəsmi saytı builki Azərbaycan Qran-prisinin favoritləri barədə təhlili məqalə yayımlayıb. Məqalədə indiyə kimi Bakıda dörd il ərzində yarışmış pilotların nəticələri təhlil edilir, onların potensiallarına toxunulmaqla, daha çox kimlərin qələbəyə yaxın olması əks olunur.

Məqalədə qeyd edilir ki, indiyədək ölkəmizdə keçirilmiş üç yarış “Formula-1” tarixində proqnozlaşdırılması çətin və ən xaotik yarışlardan olub. Lakin bütün bunlara baxmayaraq, məqalədə “Formula-1” şirkətinin təqdim etdiyi fikirlər sürət azarkeşlərində dolğun təsəvvür yarada bilir

İndiyədək Bakıda 3 dəfə poul qazanılıb və hər dəfə buna fərqli pilot yiyələnib. İlk yarışda – 2016-cı ildə Niko Rozberq, 2017-ci ildə Luis Hamilton və 2018-ci ildə Sebastian Fettel sıralanma turunda ən sürətli nəticə göstərərək yarışa ən öndə start verib.

Bu il Hamilton və ya Fettelin həmin göstəriciyə yiyələnməsi sürət azarkeşlərini təəccübləndirməyəcək. Çünki Fettel Bakıda indiyədək keçirilmiş hər üç Qran-pridə yarışa ilk dördlükdən başlamış yeganə pilotdur. Digər tərəfdən, “Honda” bu həftə Bakıya daxili yanma mühərrikində bəzi dəyişikliklərlə gəlir və bu da Maks Ferstappenin ilk poul arzusuna çatmasına köməklik göstərəcək.

“Mercedes”in digər pilotu Valteri Bottas cari mövsümün ən sonuncu yarışı olan Çin Qran-prisində poula yiyələndi və bu baxımdan Bakıya yüksək əhval-ruhiyyədə gəlib. Valteri Bottas “Mercedes” komandasının sürücüsü kimi Bakıda mübarizə apardığı hər iki Qran-pridə yarışa “üçlükdə” start verib. Maraqlıdır, görəsən finlandiyalı sürücü bu həftə karyerasının 2-ci poulunu əldə edə biləcəkmi?

Qələbə üçün kimin şansı çoxdur?

Bakıda üç yarış və hər yarışda da fərqli qalib... və onlardan sadəcə biri bu bazar keçiriləcək yarışın favoritlərindən hesab edilir. Qaliblərdən Rozberq 2016-cı ildə Avropa Qran -prisində qələbə qazandıqdan sonra həmin mövsümün sonunda karyerasını bitirdi. Buna görə onu siyahıdan çıxartmaq olar. 2017-ci ildəki Azərbaycan Qran-prisinin qalibi Daniel Rikkardo yarışa 10-cu yerdə başlamışdı və hazırda “Renault” komandasında bunu təkrarlaması imkansız görünür. Ötənilki yarışın qalibi Luis Hamilton ondan əvvəlki iki yarışda 5-ci yerdən daha yaxşı nəticədə yarışı başa vura bilməmişdi.

Bu həftəsonu azarkeşlərin Valteri Bottas və Şarl Lekleri xüsusi diqqətdə saxlamaları tövsiyə edilir. Lekler Bakıda yaxşı formadadır. Sürət həvəskarları xatırlayar, 2017-ci ildə “Formula-2” yarışından bir neçə gün əvvəl atasının ölümünün verdiyi dərin hüznə baxmayaraq Lekler qələbə qazanmışdı. Ötənilki Azərbaycan Qran-prisində isə o, “Formula 1”dəki ilk çıxışında “Sauber” pilotu olaraq, yarışı 6-cı yerdə başa vurmuşdu. “Ferrari”nin düzlüklərdəki yüksək sürəti və döngələrdəki inkişaf etmiş performansı Lekleri bu həftənin favoritlərindən biri edir.

Hamiltonun ötən il Bakıda keçirilmiş Qran-pridə yarışın sonlarına doğru Bottasın təkərinin deşilməsi problemindən sonra qələbəyə yiyələnə bilmişdi. Keçənilki yarışı Bottas birinci yerdə bitirsəydi, həmin mövsümün ilk qələbəsinə yiyələnəcəkdi. Deməli, bu il Bottas Bakıya daha böyük qələbə arzusu ilə gəlib.

“Red Bull” komandasına gəlincə, ötən il bu komandanın pilotları Daniel Rikkardo və Maks Ferstappen ən uzun sürətlənmə düzlüyünün sonunda döngəyə yaxınlaşarkən toqquşdular və hər ikisi yarışı başa vura bilmədi. Bu hadisədə komanda hər iki pilotu oxşar dərəcədə günahkar saydı. Bu həftə Bakıda baş tutacaq “Formula-1” yarışı “Red Bull”un bu mövsümdə indiyədək qələbə qazana bilmək şansı ən yüksək olan Qran-pri yarışıdır.

Podiuma ən yaxın kimdir?

Bu suala cavab olaraq, məqalədə Serxiyo Perezin adı çəkilir. Bakıda indiyədək keçirilmiş 3 yarışda meksikalı pilot iki dəfə (2016 və 2018) podiuma çıxıb və bu göstərici ilə o, Bakıdakı yarışlarda ən çox podium qazanmış “Formula-1” pilotudur. Perezin “Racing Point” komandasındakı yeni həmkarı Lens Strol da 2017-ci ildə Bakıda podiuma çıxa bilib. Onlar komandada bir-biri ilə çox yaxşı anlaşırlar və bu onların 2019-cu ildə podium naminə əməkdaşlığına uğurlu təsir göstərəcək.

Digər komandalar isə, əlbəttə, əllərindən gələni etməlidirlər ki, fərqlənə bilsinlər. Ona görə ki, Bakıda keçirilmiş ilk yarış – “2016 Formula-1” Avropa Qran-pirisindən bu yana baş tutmuş 58 yarışın sadəcə üçündə “Ferrari”, “Red Bull” və “Mercedes” xaricindəki komandaların pilotları podiuma çıxa bilib və məhz bunlar da sırf Bakıda reallaşıb.

Bundan daha maraqlısı odur ki, indiyədək podiuma çıxmış 9 pilotdan beşi yarışa ilk 5-likdən arxada start verib. Builki dəyişikliklərin DRS-ə olan güclü təsiri pilotlara Neftçilər prospektindəki 2,2 kilometrlik sürətlənmə düzlüyündən daha yaxşı yararlanmağa kömək göstərəcək. Nəticədə builki Azərbaycan Qran-prisi orta səviyyədə olan komandalar üçün də podiuma çıxmaq imkanı yaradır.

Bu arada onu da qeyd edək ki, Bakı Şəhər Halqası son iki mövsüm ərzində ötmələr baxımından “Formula-1” təqvimində yer alan treklər arasında ən yüksək göstəriciyə malikdir. Bu göstərici 2017-ci ildə 42 və 2018-ci ildə 50 təşkil edib. 2016-cı ildəki ilk yarışda mövsümün ən çox ötmələrə şahidlik etdiyi trek olmasa da, 62 ötmə ilə həmin mövsümün qabaqcıllarından olub.

Yarışdan daha çox kim xal qazana biləcək?

Adətən, bu məqamda Niko Hulkenberq yada düşür, lakin bu dəfə başqa cür ola bilər. Azərbaycandakı son iki yarışda almaniyalı pilot bolidini iki dəfə divara vurub. Hər dəfəsində də bu, onun yarışı 5-ci sırada başa vurması ilə nəticələnib.

Nikonun komanda yoldaşı Daniel Rikkardo Bakıda ötən il keçirilmiş Qran-prinin qalibidir və o, həmin mövsüm ərzində xeyli xal yığa bilmişdi. Bundan başqa, Karlos Saynzın da bu həftəsonu xal qazanmaq şansı var. İspaniyalı pilot son iki mövsümdə yarışı ilk 10-luqda başa vura bilib. Onu da qeyd edək ki, “McLaren”in bolidi Bakının uzun sürətlənmə düzlüyündə yaxşı nəticə əldə edə biləcək səviyyədədir.

Odur ki, sürət azarkeşlərini Bakıda keçiriləcək 1001-ci yarışda üç gün ərzində adrenalin və həyəcan dolu yarış gözləyir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

25 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə