Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pedaqoji Universitetdə islahat uğurla davam edir

Pedaqoji Universitetdə islahat uğurla davam edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Elmi Şurasının bugünlərdə keçirilən iclasında  ali məktəbdə aparılan islatahların gedişi müzakirə edilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, gündəlikyə “İnsan resursları şöbəsinin fəaliyyəti haqqında”, “ADPU-nun Fizika və texnologiya fakültəsinin fəaliyyəti haqqında” və cari məsələlər daxildir.

Cəfər Cəfərov fizikanın tədrisi metodikası kafedrasının dosenti İsa İsmayılova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə təsdiq edilmiş professor elmi adının attestatını, həmçinin SABAH qrupları tələbələrinin Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Müəllimlik üzrə Bilik Yarışmasında II yeri tutmuş ADPU-nun tələbəsi Çərkəz Kərimovaya sertifikat təqdim edib. 

Rektor çıxışında qeyd edib ki, son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahə ilə bağlı imzaladığı sərəncamlar və fərmanlar, qəbul etdiyi qərarlar aztəminatlı ailələrdən olan tələbələrin də sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir edir. ADPU 1340 əlavə təqaüd yeri alıb. Həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu da bu təbəqədən olan tələbələrin sosial vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər gerçəkləşdirir.

“İnsan resursları şöbəsinin fəaliyyəti haqqında” şöbənin müdiri Qumral Qədimova məlumat verib. Qumral Qədimova bildirib ki, ADPU-nun 11 iyul 2016-cı il tarixli Elmi Şurasının qərarı ilə universitetin yeni strukturu və ştat cədvəli təsdiq olunub və mövcud olan ştat cədvəlinə dəyişikliklər edilib. Hazırda universitetdə 8 fakültə, 35 kafedra fəaliyyət göstərir. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin daxili fəaliyyət qaydaları”na əsasən idarəetmə və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra islahatlar həyata keçirilib. Əvvəlki ştat cədvəlində olan 69 nəfər kitabxanaçı ştatı 30 nəfərə, kafedralarda fəaliyyət göstərən 207 laborant və böyük laborant ştatı isə 143-ə endirilib. AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq 96 nəfər professor-müəllim heyəti, 76 nəfər tədris-köməkçi heyəti və 40 nəfər Xidmət Şöbəsindən, bütövlükdə 212 nəfər işçi mövcud qanunvericiliyə uyğun olaraq ADPU-da işlə təmin edilib.

Hazırda 200-dək vakant professor-müəllim üçün 29 mart 2019-cu il tarixində “Azərbaycan müəllimi” qəzetində elan, eyni zamanda ADPU-nun saytında yerləşdirilib. Bugünədək 290 nəfər şəxs sənədlərini İnsan resursları şöbəsinə təqdim edib. 2017-ci ildə 4 fakültə dekanı, 14 kafedra müdiri müsabiqə yolu ilə müvafiq vəzifələrə təyin olunublar. 2018-ci ildə növbəti elana əsasən 6 nəfər müvafiq kafedralara seçilərək müdir təyin edilibər. 2016-ci illə müqayisədə hazırda ADPU-da 32 qadın struktur rəhbəri təyin edilib. Bugünədək 7 dəfə müsabiqə elan edilib. Vakant vəzifələrin tutulması üçün verilmiş elanlara əsasən İnsan resursları şöbəsi tərəfindən ümumilikdə 281 nəfər namizədin sənədi qəbul edilib. Onlardan 64 nəfəri müxtəlif vəzifələrə seçilərək işlə təmin ediliblər. İşlə təmin olunan 64 nəfərin 44 nəfəri ADPU-nun məzunlarıdır.

“ADPU-nun Fizika və texnologiya fakültəsinin fəaliyyəti haqqında” hesabatla çıxış edən fakültənin dekanı, dosent Arzu Daşdəmirov qeyd edib ki, fakültədə 3 kafedra-Ümumi fizika kafedrası, Fizikanın tədrisi metodikası kafedrası, Texnologiya və onun tədrisi metodikası kafedrası və 1 elmi-tədqiqat laboratoriyası- Nadir torpaq materialları fizikası elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Hazırda fakültədə 79 nəfər çalışır. Onlardan 52 nəfəri professor-müəllim heyəti, 27 nəfəri isə tədris-köməkçi heyətidir. 1 professor Əməkdar müəllimdir. Fakültədə ali təhsilin bakalavriat səviyyəsində 2 ixtisas üzrə-“Fizika müəllimliyi” ixtisası və “Texnologiya müəllimliyi” ixtisası üzrə kadr hazırlığı aparılır. “Fizika müəllimliyi” ixtisasında 368 nəfər tələbə, “Texnologiya müəllimliyi” ixtisasında 299 nəfər, ümumilikdə 667 nəfər tələbə təhsil alır. 2018-2019-ci tədris ilində fakültəyə ali təhsilin magistratura səviyyəsində 19 nəfər magistr qəbul olunub. Hazırda fakültədə 37 nəfər magistr təhsili alır.

Professor Nizami Xudiyev, professor Malik Cəbrayılov, professor Himalay Qasımov, professor Zahid Xəlil, professor İramin İsayev, professor Nailə Verdizadə, dosent Şahin Pənahov, dosent Gülçöhrə Alıyeva və başqaları tədris prosesinin daha səmərəli qurulması, tədris planlarının təkmilləşdirilməsi və xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi üçün təkliflərlə çıxış ediblər.

Cari məsələlərin müzakirəsi zamanı Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov ADPU-da professor-müəllim heyətinin seçki müsabiqəsində iştirak edəcək iddiaçıların fəaliyyətini qiymətləndirmə meyarları, ADPU və filiallarda fakültə elmi şuralarının formalaşdırılması ilə bağlı Təhsil Nazirliyində 13 sentyabr 2018-ci il tarixində keçirilmiş Kollegiya iclasında təsdiq edilmiş “Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında Əsasnamə”nin tətbiq edilməsi haqqında, ali təhsil müəssisələrində əlavə təqaüd yerlərinin bölgüsü barədə, ADPU-da təşkil olunan tədbirlərin əlaqələndirilməsi və infrastrukturdan səmərəli istifadə olunması barədə, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov ADPU-da “Tyutor (akademik məsləhətçi) hazırlığı” kurslarının təşkili Qaydaları barədə, elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzularının və elmi rəhbərlərin təsdiqi barədə, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən adlı təqaüdə layiq görülmüş namizədlərin təsdiqi haqqında, Keyfiyyətin təminatı şöbəsinin müdiri Rəşad Sadıqov ADPU-da reytinq qiymətləndirməsinin nəticələrinə əsasən müxtəlif nominasiyalar üzrə təltifetmənin keçirilməsi haqqında məlumat veriblər.

Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

25 2019 17:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə