Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cocuq Mərcanlıda “Qələbəyə doğru” intellektual oyununun qalibləri mükafatlandırılıb

Cocuq Mərcanlıda “Qələbəyə doğru” intellektual oyununun qalibləri mükafatlandırılıb

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən keçirilən “Qələbəyə doğru” kuboku uğrunda uşaqlar arasında intellektual oyununun qalibləri mükafatlandırılıb.

Tədbir iştirakçıları Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Cocuq Mərcanlı kənd klub icma mərkəzində keçirilən yarışdan öncə Azərbaycanın Dövlət himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AQUPDK-nın sədr müavini Aynur Sofiyeva çıxış edərək, Azərbaycanın qələbəyə doğru gedən ilk zəfər yolunda – Cocuq Mərcanlıda olmaqdan qürur və sevinc hissi keçirdiklərini bildirib.

Komitənin sədr müavini Azərbaycanda uşaqların yaxşı təhsil alması, mənəvi və fiziki baxımdan sağlam böyüməsi, layiqli vətəndaş kimi yetişməsi üçün görülən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, ailə-uşaq siyasəti ölkəmizdə dövlət siyasətinin əsas prioritetini təşkil edir.

Bildirilib ki, AQUPDK tərəfindən 2015-ci ildən başlayaraq hər il görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsinə həsr olunan bilik yarışı - “Qələbəyə doğru” intellektual oyunu keçirilir. “Qələbəyə doğru” kuboku uğrunda builki yarışın Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilməsi isə daha sevindiricidir.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxışında bildirib ki, “Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışın keçirilməsi uşaqların asudə vaxtının təşkili, onların Azərbaycanın tarixi, mədəniyyəti haqqında biliklərinin artırılması, uşaqlar arasında ünsiyyətin yaradılması, istedadlarının aşkar edilməsi və stimullaşdırılması, eləcə də bu istiqamətdə tədbirlərin keçirilməsinə cəmiyyətin diqqətini yönəltmək baxımından əhəmiyyətlidir.

"Kapital Bank"ın mətbuat katibi Pərviz Sədrəddinov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, yarışda iştirak edən komandalara uğurlar arzulayıb.

Bilik yarışında Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Kəlbəcər, Xocavənd, Laçın və Beyləqan rayonlarının komandaları iştirak edib. Münsiflər heyətinin müşayiəti ilə keçirilən bilik yarışında uşaqların dünyagörüşü, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, həmçinin elmi nailiyyətlər və kəşflər sahəsində bilikləri müəyyənləşdirilib.

Birinci yeri Füzuli, ikinci yeri Kəlbəcər, üçüncü yeri isə Beyləqan rayonlarının komandaları tutublar.

Tədbirdə qalib komandalara AQUPDK və “Kapital Bank” tərəfindən diplom və hədiyyələr verilib. Birinci yerin qalibi olan Füzuli rayonunun komandasına “Qələbəyə doğru” kuboku təqdim olunub.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 2019 12:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə