Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın ziyalı qadın siması – Zərifə xanım Əliyeva

 Azərbaycanın ziyalı qadın siması – Zərifə xanım Əliyeva

AMEA-nın Əsas binasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə  AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə “Alim qadın – Böyük ana akademik Zərifə Əliyeva” adlı tədbir keçirilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin açılış nitqindən sonra İctimai Elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova, professor Rəna Mirzəzadə çıxış edərək böyük alimin həyat və fəaliyyətindən söz açmışlar.

Tədbirdə həmçinin Milli Məclisin deputatı, siyasi elmlər doktoru, dosent Qənirə Paşayeva da çıxış edərək görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı fikirlərini bölüşüb. “Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım, həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənmiş, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırmışdır”.

O, qeyd edib ki, Zərifə xanım elmi yaradıcılığında hər zaman ciddi problemlərə toxunmuş, göz xəstəliklərinin qarışını almaq və onları ən effektiv yolla müalicə etmək üçün əlindən gələni etmişdir. Alimin bu gün də aktual olan elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir. Məruzəçi bildirib ki, görkəmli alimin göz xəstəliyi ilə bağlı ən çox önəm verdiyi məsələlərdən biri profilaktik tədbirlərin görülməsi, xəstəliyin qarşısının vaxtında alınması idi. Onun dissertasiya işi də oftalmologiyanın ən önəmli məsələlərinə həsr olunmuşdur.

Q.Paşayeva bu kimi tədbirlərin keçirilməsinin Zərifə xanımın zəngin elmi fəaliyyətinin gənc alimlərə çatdırılması baxımından əhəmiyyətli olduğunu söyləyib. Bildirib ki, böyük alimin illər öncə söylədiyi “Həkim xəstənin ağrılarını öz ağrıları kimi yaşamalıdır” -- fikri bu gün də olduqca aktualdır. Zərifə Əliyeva həqiqi alim olaraq,  bütün çətinliklərdən keçmiş, vətən qarşısında ziyalı məsuliyyəti, dərin biliyi və dünya görüşü sayəsində mühüm elmi nailiyyətlərə imza atmışdır. Məruzəçi Zərifə xanım Əliyevanın gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Zərifə xanım keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.

Sonda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova, “Modern inkişaf və ailə” cəmiyyətinin sədri, YAP Respublika Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək görkəmli alimlə bağlı xatirələr danışıblar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2019 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə