Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heyvanları və özünüzü qoruyun

Heyvanları və özünüzü qoruyun

Bu ilin ilk günlərindən etibarən ölkə ərazisində epizootik tədbirlər planına uyğun olaraq sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Dövlət Baytarlıq Xidməti (DBX) bu dövr ərzində quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparıb. DBX sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini ardıcıl davam etdirir. Qeyd edək ki, quduzluq heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir.

Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındısa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəlk 12 saatdan 3 günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, artıq bu dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur. Sonra tədricən narahatlıq başlayır. İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ixracı çətinləşir. Bundan sonra itdə oyanıqlıq müşahidə olunur. İt müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman maneələrə məhəl qoymur.

İt həddən artıq aqressivləşir, hər şeyə hücum edir. O hürmədən insan və heyvanlara hücum edərək onları dişləyir. Qəfəsdə olan zaman dəmir və taxtaları gəmirir, dişlərinin qırılması və dilinin zədələnməsini hiss etmir. Sonra sinir tutmaları yaranır, gövdə üzərində müxtəlif qrup əzələlərin iflici inkişaf edir. Bu dövrdə çəpgözlülük, alt çənənin aşağı sallanması, dilin xaricə çıxması müşahidə edilir. Bu mərhələ 3-4 gün davam edir, sonra iflic artır, heyvan tez- tez komatoz vəziyyətə düşür və tələf olur. Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal) yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir.

Profilaktik məqsədlə hər il planlı qaydada it və pişiklərə antirabik vaksinlə peyvənd aparılmalıdır. Meşə təsərrüfatı, ovçular cəmiyyəti və qoruq olan təsərrüfatlarda heyvanlar arasında quduzluq müşahidə etdikdə təcili olaraq baytarlıq işçilərinə məlumat verilir və ölmüş heyvan cəsədləri baytarlıq laboratoriyasına göndərilir.

Heyvanlarda müalicəsi yoxdur. Qorunmaq üçün xəstəliyə yoluxmuş heyvanlar zərərsizləşdirilməli, əhali arasında maarifləndirmə işləri aparılmalıdır.

Dövlət Baytarlıq Xidməti xəstəliyin təhlükəliliyini nəzərə alaraq heyvan sahiblərindən ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən narahatlıq, dişləmə və ya cırmaqlanma baş verdiyi halda dərhal ərazinin baytar həkimə müraciət etməyi tövsiyə edir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2019 11:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə