Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan regionun sənaye mərkəzinə çevrilir

Azərbaycan regionun sənaye mərkəzinə çevrilir

Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Adı çəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.

Son illər sənayenin inkişafı istiqamətində görülən tədbirlər Azərbaycanı dünyada sənayeləşmiş ölkələr sırasına daha da yaxınlaşdırıb. Bu gün Azərbaycan sənayenin ÜDM-də xüsusi çəkisinə görə Avropada ön sırada qərarlaşıb.  
Azərbaycanda ÜDM-in strukturunda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. İndi ölkəmiz sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilmiş investisiya 70 faizə yaxın artıb.  
Azərbaycanın ixracatında qeyri-neft sənaye məhsullarının həcmi artıb. Eyni zamanda, ölkəmizin liderliyi ilə Xəzər sahilindən başlayan (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyə və Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Beləliklə, Azərbaycan bir sənaye ölkəsi olaraq regionun təkcə enerji deyil, həm də neft-kimya sənayesi mərkəzi kimi tanınmağa başlayıb.
Son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilən investisiyanın yuxarıda xatırlatdığımız kimi,  70 faizə yaxın artması, habelə bu sektorunun inkişafı üçün həyata keçirilən digər tədbirlər də səmərəsiz qalmayıb.  Məhz bunun sayəsində hesabat dövründə qeyri-neft sektorunun inkişafı 1,8 faiz təşkil edib. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunun sənaye istehsalında 9,1 faiz artım qeydə alınıb.   
Bu ilin yanvar-mart aylarında isə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 11,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib.   Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb.  
Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib.
Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlar hesabına  sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm daşıyıb.
Sənayeləşmə siyasəti hazırda uğurla davam etdirilir. Yeni müəssisələr yaradılır, fəaliyyətdə olan istehsal sahələri genişləndirilir. Dövlətimizin başçısı  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bununla bağlı deyib: “Sənaye istehsalı ilə bağlı bu il çox önəmli açılışlar olacaq. Mən onların arasında Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələri qeyd etmək istəyirəm. Keçən ilin sonunda parkda dörd müəssisənin açılışı, üç müəssisənin təməlqoyma mərasimi keçirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı on beşə çatıb və qoyulan sərmayənin həcmi 2,7 milyard dollardır. Bu layihə, bu böyük təşəbbüs bir daha onu göstərir ki, biz nə qədər düzgün siyasət aparırıq. Əgər biz o sahəni dağılmış, çürümüş dəmirlərdən təmizləməsəydik və yüzlərlə hektar torpağa infrastruktur layihələri gətirməsəydik, bu şəraiti yaratmasaydıq, oraya heç kim bir manat da qoymazdı. İndi isə oraya 2,7 milyard dollar sərmayə qoyulur və bu, hələ başlanğıcdır. Bax, budur dövlətin vəzifəsi və düzgün siyasəti”. 
Azərbaycanda əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, sənaye sektorunda çalışmaq istəyənlərin maraqlarını gerçəkləşdirmək məqsədilə hazırda sənaye parkları və məhəllələrinin yaradılması uğurla davam etdirilir. Artıq respublikada  bir sıra ixtisaslaşan  sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Həmin parkların rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir. 
Sənaye parklarının rezidentləri üçün dövlət tərəfindən əlverişli infrastruktur yaradılıb və bir sıra güzəştlər tətbiq olunub. Belə ki, sözügedən müəssisələrdə rezidentlər qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parklara istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilib.   
Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarların daha operativ və rahat fəaliyyətinin təşkilini asanlaşdırır. Bundan başqa, sənaye parklarında sahibkarlara hər cür təşkilati dəstək, o cümlədən onların sorğularının cavablandırılması, müxtəlif sektorlar üzrə investisiya imkanlarının araşdırılması, investisiya layihələri haqqında məlumatların təqdim edilməsi kimi xidmətlər göstərilir.
Xatırladaq ki, Azərbaycanda ilk sənaye məhəlləsi olan və 2017-ci ildən fəaliyyət göstərən Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Adı çəkilən sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Sənaye məhəlləsində ümumilikdə 500-ə yaxın iş yeri yaradılıb. Sahibkarlar tərəfindən sənaye məhəlləsinə böyük maraq göstərilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcəkdir.
Ümumiyyətlə,  2018-ci ildə ölkədə yaradılıb və ümumilikdə 55 müasir müəssisəni özündə birləşdirən 5 sənaye parkında və 4 sənaye məhəlləsində 41 rezident qeydiyyata alınıb və onlardan 21-i artıq fəaliyyət göstərir. Mingəçevir Sənaye Parkına 85 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. İllik istehsal gücü 20 min ton olan iki müəssisədə pambıq mahlıcdan iplik istehsal ediləcəkdir. 
Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının ənənəvi sənaye sahələri ilə yanaşı, yeni yaradılan kosmik, müdafiə, gəmiqayırma və digər sahələrdə də dinamik inkişaf müşahidə olunur. Belə ki, 2018-ci ilin sentyabr ayında orbitə buraxılmış ikinci telekommunikasiya peyki – “Azərspeys-2” bu sahədə xidmətlərin və yayımın əhatə dairəsinin genişləndirilməsini, xidmətlərin çeşidinin və satış həcminin artırılmasını təmin edəcəkdir. 
Nazirlər Kabineti orbitə çıxarılmış peyklərin fəaliyyətindən ölkəyə milyonlarla dollar valyuta daxil olacağını nəzərə alaraq, “Azərbaycan Respublikasında 2019-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini hazırlayaraq, dövlət başçısına təqdim edib  və sənəd ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunub.  
İl ərzində Bakı Gəmiqayırma Zavodunda Xəzər Dəniz Gəmiçiliyinin sifarişi əsasında iki bərə gəmisinin və iki neft tankerinin tikintisi davam etdirilib.  
Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin icrası  nəticəsində Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilir. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın  qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır. 

 

Vaqif  BAYRAMOV,
“Xalq qəzeti”

 

24 2019 00:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə