Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici siyasətimizin prioritetləri

Xarici siyasətimizin prioritetləri

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Torpaqlarımızın  iyirmi faizinin işğal altında olduğuna və üstəlik, “nə müharibə, nə də sülh” şəraitində yaşadığımıza görə kimsə elə düşünə bilər ki, Azərbaycanın xarici siyasətinin ərazi bütövlüyümüzün bərpasından başqa heç bir prioriteti ola bilməz. Amma  belə deyil,  Heydər Əliyev siyasi kursunun mühüm tərkib hissələrindən olan xarici siyasətimizin prioritetlərini sadaladıqda, kifayət qədər geniş siyahı alınır. 

 

Ölkəmizin  ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeritməklə yanaşı, dövlətimizin  təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması, ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan --Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi, Ermənistanın  hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması, qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi, regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, nüvə silahların yayılmasının, bölgədə  qanunsuz silah və digər daşımaların qarşısının alınması,  Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması, Xəzər dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləşdirilməsi), NATO, Avropa Birliyi,  Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya, Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək, ölkəmizin  iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək kimi məqsədlərin hər birini prioritet adlandıra bilərik.

Həmin prioritetlərin hamısı ötən ilin aprel aynda keçirilmiş prezident seçkilərindən sonra da daim gündəlikdə və cənab Prezidentin fəaliyyət  qrafikində olub. Bu arqumentimizi sübut etmək üçün bəzi faktları yada salmaq istərdik.

Ərazi bütövlüyümüz

Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlığın Prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Həmin  sənəddə bir çox məsələlər öz əksini tapır. Xüsusilə,  Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər  müsbət xarakter alır. Orada   Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur.

Xatırladaq  ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında həmin  sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır.

Qonşu ölkələrlə münasibətlər

Bu, bir faktdır ki,  Azərbaycanla  əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Daha bir fakt isə ondan ibarətdir ki, ölkəmiz öz yaxın qonşuları ilə münasibətləri inkişaf etdirməyin nümunəsini yaradıb.  Dövlət başçımız bu barədə deyir: “Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir.

Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq, gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır”.

Xəzərin statusu

Ötən ilin ən mühüm hadisələrindən biri də Xəzəryanı ölkələrin 20 il davam edən danışıq və müzakirələrinin müsbət nəticələnməsi oldu. Avqustun 12 - də Qazaxıstanın Aktau şəhərində  Xəzəryanı dövlətlərin dövlət başçılarının Zirvə görüşünün  yekununda Xəzərin hüquqi statusuna dair Konvensiya imzalandı.

Sənəd imzalandıqdan sonra Xəzəryanı dövlətlərin  başçıları müzakirə edilən əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələlərin olduğunu qeyd etdilər.

Xatırladaq ki, Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi 2017-ci ilin dekabrında Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi çərçivəsində razılaşdırılmışdı. Xəzər Konvensiyanın imzalanması avqustun 12-ə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşdü.

Bundan başqa,  ötən il avqustun 11-də Qazaxıstanda "Xəzər beşliyi" dövlətlərinin xarici işlər nazirlərinin görüşündə  Xəzərdə sərhəd xətlərinin çəkilməsi metodikasına dair saziş layihəsi işlənib hazırlanması barədə qərar qəbul edildi.

İslam aləmi ilə əməkdaşlıq

Bu gün Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz sahibidir. Bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Yəni, bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir.

Təsadüfi deyil ki, keçən il Naxçıvan İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Naxçıvan  bu şərəfli adı çox böyük uğurla daşımışdır. Dövlət başçımız əmin edir ki, biz qarşıdakı illərdə də  müsəlman ölkələri ilə əlaqələrimizi müxtəlif istiqamətlərdə inkişaf etdirəcəyik və beləliklə, müsəlman aləmində bizim nüfuzumuz, çəkimiz, rolumuz daha da artacaqdır.

Bitərəflik və kiməsə qarşı olmamaq

Sonuncu prezident seçkilərindən sonra Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirilib. Bu il isə Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək ölkəmizin  nüfuzunu daha da artıracaq, eyni zamanda, Ermənistan -Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.

Narkotiklərə qarşı mübarizə

Azərbaycanın xarici siyasətində mühüm yer tutan məsələlərdən biri də əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların ali səviyyəli toplantılarına evsahibliyi etməyimizdir. Bir neçə gün əvvəl Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın  keçirilməsi də həmin ənənənin davamı idi.

Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdı. “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi”ni müzakirə edən  Bakı konfransında əsas məqsəd  narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Qeyd edək ki, Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfrans hərəsində 3 dəfə olmaqla Braziliya, Argentina, Meksika və Dominikanda, hərəsində 2 dəfə olmaqla Panama, Çili, ABŞ, Kolumbiya, Boliviya və Peruda, hərəsində 1 dəfə olmaqla Qvatemala, Ekvador, Baham adaları, Kosta Rika, Kanada, İspaniya, Türkiyə, İndoneziya, Rusiya, İtaliya və Niderlandda keçirilib. Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılıb, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar verilib.

Bir sözlə, son bir ildə şahidi olduğumuz hadisələr, faktlar və  rəqəmlər sübut etdi ki, Azərbaycan dövləti xarici siyasətin istənilən istiqamətini prioritet kimi qəbul edir və bütün sahələrdə özünəməxsus uğurlara imza atır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

 

 

 

24 2019 00:17 -
18 May 2019 | 22:29
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə