Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XX əsrdə ermənilərin azərbaycanlılara qarşı soyqırımları

XX əsrdə ermənilərin azərbaycanlılara qarşı soyqırımları

XX əsr Azərbaycanın milli dövlətçilik tarixində  həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli bir zaman kəsiyidir. 
Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın  müstəqilliyinin elan edilməsi – azərbaycanlıların ilk milli dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasıdır. Azərbaycan Sovet Sosialist Respublikasının yaranması  müstəqilliyimizə son qoysa da, 70 il müddətində Azərbaycan dövlətçiliyinin əsas atributları qorunub saxlanılmış, 1991-ci ildə  yeni tarixi şəraitdə isə xalqımız öz dövlət müstəqilliyini bərpa etmiş, Azərbaycan Respublikası yaradılmışdır.

Lakin bütün bu əlamətdar hadisələr Azərbaycan xalqına heç də asan başa gəlməmiş, onun varlığını belə şübhə altında qoyan qanlı faciələr, saysız qurbanlar,  ərazi itkiləri, soyqırımları, deportasiyalar ilə müşayiət olunmuşdur.
Müxtəlif dövrlərdə və siyasi-ictimai şərtlər daxilində yaşanan bütün bu faciələrə  təkan verən əsas amillərdən biri  və bəlkə də ən başlıcası,  ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların həmin dövrün  hakim dairələrinin dəstəyi sayəsində hər vasitə ilə həyata keçirilməsi olmuşdur. 
Əslində,  bütün bu hadisələrin  hələ XIX əsrin əvvəllərindən başlanan dərin tarixi kökləri və səbəbləri var idi. “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycan torpaqlarının zəbt edilməsinə və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi prosesi məhz bu tarixi müqavilələrdən sonra başlamışdır. 
I Nikolayın maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə  imkan verən sərəncamlarından istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda, xüsusilə Qarabağ, Naxçıvan, İrəvan ərazilərində məskunlaşırlar. 1828-ci ilin  martında İrəvan və Naxçıvan xanlıqlarının torpaqları rus hökuməti tərəfindən “Erməni vilayəti” adı altında inzibati ərazi vahidi  yaradılır. Doğrudur, artıq 1840-cı ilin aprel ayında “Erməni vilayəti” adı ləğv olunur. Lakin  bu, keçən 112 il ərzində “vilayətdəki” erməni əhalisinin  sayının 2 dəfə artmasına baxmayaraq,  azərbaycanlı əhalinin hələ də  üstünlük təşkil etdiyi həmin ərazilərin ermənilər  tərəfindən əzəli “erməni” torpaqları  elan edilməsinə mane olmur. 
XIX əsrin sonlarından “Qnçak” və “Daşnaksütyun” erməni partiyalarının  meydana  gəlməsi ilə Osmanlı imperiyası və Zaqafqaziya ərazilərində  erməni dövlətinin yaradılmasına yönəlmiş fəal və yaxşı təşkil olunmuş siyasi-silahlı fəaliyyətin əsası qoyulur. 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı ilk və irimiqyaslı silahlı çıxışları baş verir. I rus inqilabının başlanması ilə ölkədə yaranan qarışıqlıqdan istifadə edən erməni təşkilatlarının  “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün  1905-ci ilin fevralında Bakıda erməni və müsəlman əhalisi arasında törətdiyi silahlı münaqişə az sonra böyük qırğınlara çevrilir və bütün Cənubi Qafqaz regionunu əhatə edir. Bakı, Tiflis, İrəvan, Gəncə quberniyalarında, xüsusilə Qarabağ, Zəngəzur və digər yerlərdə baş vermiş və təxminən iki il davam etmiş qanlı toqquşmalar nəticəsində ən ümumi hesablamalara görə, 300-dək  yaşayış məntəqəsi dağıdılaraq 10 minə qədər insan həlak olur.
Maraqlıdır ki, hələ öz dövründə həmin hadisələrin bilavasitə şahidi olmuş bəzi azərbaycanlı xadimlər bu qırğınlarda maraqları olan qüvvələrin  məqsəd və planlarını  dəqiq  izah etmişlər. Tanınmış azərbaycanlı ictimai xadim Xosrov bəy Dövlətov yazırdı: “…Ermənilər ən ciddi şəkildə tərtib edilmiş proqram üzrə öz arzu və ideyalarının - Yelizavetpol və Tiflis quberniyalarının bütün dağlıq zolağını kəsib ayırmaq, Qars vilayəti ilə birlikdə Türk Ermənistanına birləşmək və orada müstəqil erməni dövləti yaratmaq - həyata keçirilməsinə hazırlaşırdılar, lakin Osmanlı və Rusiya hökumətlərinin incə siyasəti və təzyiqi sayəsində buna nail ola bilmədilər”. Burada azərbaycanlı əhalinin həmin hadisələr zamanı rolu da qeyd olunmalıdır. Belə ki, qəbul edilmiş ən müxtəlif rəylərə görə, “Daşnaksütyun” kimi “təşkilatı olmayan və plansız hərəkət edən”, kifayət qədər silahlanmamış və ibtidai hərbi hazırlıq keçməmiş  azərbaycanlılar” o zaman bütün çətinliklərə baxmayaraq mütəşəkkil erməni hərbi dəstələrinin hücumunu dəf etmiş və layiqli müqavimət göstərə bilmişdilər. 
Qırğınlar yatırıldıqdan cəmi bir neçə il sonra, 1911-ci ildə tanınmış azərbaycanlı ədib Məmməd Səid Ordubadi neft sənayeçisi-milyonçu Murtuza Muxtarovun maddi dəstəyi ilə artıq öz dövrü üçün unikal olan bir sənədlər toplusu – “Qanlı sənələr” adlı kitab hazırlayır.  Azərbaycanın bütün bölgələrindən və ermənilər də daxil olmaqla müxtəlif əhali qruplarından alınmış 245 məktub və digər materiallar əsasında (600-dən artıq mənbə), isti izlərlə yazılmış bu kitabda on minlərlə günahsız insanın məhvinə, minlərlə evin, təsərrüfatın, kəndin dağıdılmasına səbəb olmuş faciəvi hadisələrin müəllif tərəfindən qərəzsiz xronikası yaradılır. Lakin M.S.Ordubadi, faktların və hadisələrin təsviri ilə kifayətlənməyərək, millətlərarası toqquşmalara gətirib çıxaran səbəbləri də təhlil etməyə çalışır və onları belə qruplaşdırır: “Daşnaksütyun” tərəfindən Qafqazda oynanılmış “qanlı teatr”; yerli hakimiyyət nümayəndələrinin etinasızlığı və fəaliyyətsizliyi; erməni fitnəkarlığını  və hiylələrini vaxtında tanıya bilməmiş azərbaycanlıların sadəlövhlüyü və təcrübəsizliyi, habelə silahlarının olmaması; Londonun, Parisin və Amerikanın fəal dəstəyi sayəsində Türkiyə və Cənubi Qafqazın ərazilərində “böyük Ermənistan” yaratmaq məqsədilə, ermənilərin muxtariyyətə can atması”. 
Diqqətəlayiqdir ki,  müəllif kitabın əvvəlində  hər iki xalqı bu qanlı faciələrdən ibrət dərsi almağa çağırır. O, belə bir inam ifadə edirdi ki, onun bu əməyi, hər iki millətə iki il ərzində yol verdiyi “öz səhv və xətalarını götür-qoy etmək üçün  “mənəvi səmərə və fayda verəcəkdir”. 
Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, ermənilər 1905-1906-cı il hadisələrindən tamamilə başqa dərslər almışlar. Azərbaycanlıların göstərdiyi silahlı müqavimət və Rusiya dövlətinin son nəticədə bu qırğınların qarşısını alması erməni millətçilərində belə bir qənaətin möhkəmlənməsinə səbəb oldu ki, azərbaycanlılar yaşayan əraziləri ələ keçirmək üçün yaxşı silahlanmış ordunun himayəsi altında  onların üzərində  hakimiyyətə malik olmaq, yaxud ən azı, mövcud hakimiyyətlə və Azərbaycandakı digər xristian əhali ilə ittifaq yaratmaq lazımdır. Daha sonra – azərbaycanlılar üzərində qələbə çalmaq üçün ən əvvəl onların tərksilah edilməsinə nail olunmalıdır. Bütün qalan işlər – dinc azərbaycanlı əhalinin kütləvi qırğınları, dəqiq deyilərsə,  gələcək “böyük Ermənistan” ərazilərində aparılacaq etnik təmizləmələr artıq işin texniki tərəfi idi.
1917-ci ildə Rusiya imperiyasının süqutu, daha sonra bolşeviklərin Rusiyada hakimiyyətə gəlməsi  ilə Cənubi Qafqazın tarixində böyük siyasi hadisələr və  sarsıntılar yaratdı, o cümlədən daha geniş miqyaslı münaqişə və müharibələr ilə səciyyələnən yeni dövr başlandı. Çoxillik məqsədyönlü işin yekununda erməni ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına “erməni dövlətçiliyi məsələsi”nin daxil edilməsinə nail oldular. Gürcülərin də öz dövlətini yaratmaq hüququ mübahisə doğurmur. 
Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlıların siyasi hüquqları  nə Qərb dövlətləri, nə də   neftlə zəngin Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab etməyən Rusiya  və erməni siyasi qüvvələri tərəfindən qəbul edilmir. Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu vəziyyətdə “Müsavat” partiyasının Qafqazın siyasi meydanına çıxması və azərbaycanlıların milli hüquqları uğrunda ciddi mübarizəyə başlaması sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya imperiyasının bütün ərazilərində, o cümlədən Qafqazda, hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda, tarixi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq planını tədricən həyata keçirən erməni millətçilərini narahat etməyə bilməzdi. 
1918-ci ilin mart ayına qədər ermənilər artıq öz əsas niyyətlərindən birini – hələ mövcud olmayan erməni dövləti üçün Cənubi Qafqazın cənub-qərbində – Qars, İrəvan quberniyası, Zəngəzur, Göyçə, Yelizavetpol quberniyasının bir sıra qəzalarında və Qarabağda   dinc sakinlərin – azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi surətdə qırılması yolu ilə böyük ərazilərin yerli əhalidən təmizlənməsini həyata keçirə bilmişdilər. Məsələn, təkcə İrəvan quberniyasının 199 kəndi yerli azərbaycanlılar tərəfindən məcburi şəkildə boşaldılmışdı. Lakin gələcək “böyük Ermənistanın” taleyi şəhərlərdə, o cümlədən Bakıda həll edilirdi.
Həmin dövr V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan  Bakıda  Sovet hakimiyyətinin möhkəmləndirilməsi üçün hər vasitəyə əl atır, açıq-aşkar “Azərbaycan  muxtariyyətini  arzu edən müsavatçılar bir yığın xarabalıqlar  əldə edəcəklər” kimi bəyanatlar verirdi.  Məhz bu dövrdə bolşevik liderləri ən ciddi şəkildə Bakının və Bakı quberniyasının digər Xəzəryanı ərazilərinin Azərbaycandan təcrid edilməsi və daha sonra Rusiya Federasiyasının tərkibinə daxil edilməsi planlarını işləyib hazırlayırdılar. Bakının Azərbaycandan təcrid edilməsi ideyası “Daşnaksütyun” partiyası üçün də sərfəli idi, çünki Cənubi Qafqazda Bakı və Yelizavetpol quberniyalarının ərazilərinin  gələcək erməni dövlətinin tərkibinə daxil edilməsinə dair onun öz  planlarının həyata keçirilməsini yüngülləşdirirdi. 
Beləliklə, Bakıda Azərbaycan milli qüvvələrinin darmadağın edilməsində və bu qüvvələrin sosial bazasının – müsəlman əhalisinin məhv edilməsində özəyi ermənilərdən ibarət olan bolşevik təşkilatlarının və daşnakların mövqeləri üst-üstə düşür və ermənilərlə  bolşevik hakimiyyəti arasında ittifaq yaranır. Təsadüfü deyil ki, hər iki tərəf qarşıya qoyulan vəzifənin həlli üçün eyni fəallıqla ordu toplanması ilə məşğul olurdu. Erməni ordu korpusunun təşkili və erməni döyüşçülərin Qafqaza göndərilməsi ilə həmçinin Petroqradda olan yüksək rütbəli  erməni hərbiçiləri  məşğul olurdular. Məsələn, erməni korpusunun ehtiyacları üçün Petroqraddan bir neçə zirehli qatar, avtomobil, texniki vasitə və sursatlar, hətta sanitar qatarı göndərilmişdi. 1918-ci  fevralın 6 və 7 –də keçmiş Rusiya ordusunun generalları İ.Baqramyan və A. Baqratuni, eləcə də   “Daşnaksütyun”partiyasının yaradıcılarından biri S. Zoryan (Rostom) Bakıya gəlirlər. Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamağa və hazırlanan silahlı vuruşlarda  onlardan istifadə etməyə cəhd göstərən Erməni Milli Şurası 1918-ci ilin mart ayının əvvəlində “Erməni əsgərlərinə” çağırış  ilə müraciət edir və üstüörtülü şəkildə  onları silahlarını özlərində saxlamağa və erməni millətinin mənafeyinin müdafiəsi üçün tələb olunan hər yerdə tətbiq etmək üçün hazır olmağa çağırır.  Eyni zamanda Bakı Sovetinin Qırmızı Ordunun mövcud  və yeni hissələrinin formalaşdırılması işi gedirdi, ordu sıralarına çağırışla  Avakyan məşğul olurdu. Nəticələr kifayət qədər səciyyəvi  idi: “Qırmızı qvardiya” adı altında yaradılmış 10-12 minlik ordunun 70 faizi ermənilər təşkil edirdi.  
Beləliklə, 1918-ci ilin martında Şaumyanın özünün şəhadətinə görə artıq bolşeviklərin sayı “təxminən 6 min nəfər” olan hərbi hissələri, “Daşnaksütyunun” isə “3-4 minlik milli dəstələri” var idi.  Məhz bu qüvvələr tərəfindən  1918-ci il mart ayının 29-da öz xidmət yoldaşları, müsəlman diviziyasının zabiti - Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkildə həlak olmuş oğlu Məhəmməd Tağıyevin dəfn mərasimindən “Evelina” gəmisində Lənkərana geri qayıtmağa hazırlaşan 48 nəfər silahlı azərbaycanlı hərbçinin tərksilah edilməsi kütləvi qırğınlara başlamaq üçün bəhanə olur. Şəhərin mərkəzi və istisnasız olaraq bütün müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin silahlı hücumuna,  aeroplanlardan bombardmana və  Xəzər donanmasının sahilə gətirilmiş gəmilərindən   fasiləsiz top atəşinə məruz qalırlar. 1918-ci il  martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə  davam edir, lakin onun üç günü  azğıncasına və amansızlıqla  qəddarlıq edən daşnak dəstələri tərəfindən şəhərin azərbaycanlı-müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin xüsusilə kütləvi xarakteri ilə səciyyələnir. Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı  müsəlman qəsəbələrini bürüyən azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmır.
Həmin günlər erməni quldur dəstələri Bakının yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə soxulur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirir, şəhər kənarı yollarda pusqular qururlar. 1918-ci ilin martında Bakı kəndlərinin – Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibiheybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digər  kəndlərin sakinləri erməni vəhşiliklərinin qurbanı olurlar.
Qırğınlar başlanandan bir gün sonra,  martın 31-də azərbaycanlı əhalinin nümayəndələri Bakı Sovetinə,  şəxsən Şaumyana müraciət edərək, qan tökülməsinin dayandırılması və şəhərin dinc azərbaycanlı əhalisinin həyatının mühafizəsi xatirinə onlara verilən ultimatumu  qəbul edirlər.  Lakin “elan edilmiş barışığa” baxmayaraq, şəhərin müsəlman məhəllələrinin talan edilməsi, yanğınlar törədilməsi, yollarda və şəhər ətrafı kəndlərdə erməni silahlı quldur dəstələri tərəfindən insanların məhv edilməsi səngimir. Son nəticədə müsəlmanların kütləvi qırğınları  Bakı Soveti tərəfindən deyil,  aprelin 2-də bolşevik-daşnak qüvvələri tərəfindən aldadıldıqlarını başa düşmüş  36-cı Türküstan alayının  və Xəzər rus dənizçilərinin qətiyyətli tələbləri və Bakı Sovetinin tabeçiliyindən çıxmaq hədələri sayəsində dayandırılır.  
1918-ci il mart ayının 30-da  Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar öz kütləvi xarakterinə, miqyasına və  amansızlığına görə “milli faciə” kimi qiymətləndirilərək Azərbaycan tarixinə  “1918-ci il Mart hadisələri” adı ilə daxil oldu və Azərbaycan xalqının tarixinə yeni məfhum – “soyqırımı” gətirdi. Bu qırğınlar nəticəsində ən ümumi hesablamalara görə 12 mindən artıq dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, qocalar,   qətlə yetirilmiş, müsəlmanlara məxsus yüzlərlə  tarixi və mədəni abidələr, ictimai, dini, ticarət binaları, bütöv  yaşayış məhəllələri dağıdılmış və  yandırılmışdır. Yalnız məlum faktlara görə şəhərin müsəlman əhalisinə 400.000.000 rubl məbləğində maddi zərər vurulmuşdu.  
Lakin 1918-ci il azərbaycanlıların soyqırımı yalnız Bakıda mart hadisələri ilə məhdudlaşmırdı. Elə həmin günlər  Şamaxıda da azərbaycanlı əhalinin kütləvi qırğınları başlanmışdı. Bakıda olduğu kimi Şamaxı hadisələri də bolşevik-daşnak qüvvələri tərəfindən əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilirdi. 1917-ci ilin sonlarından başlayaraq Şamaxıya Bakıdan karvan-karvan silah və hərbi sursat daşınaraq erməni kəndlərində yerləşdirilmişdi və azərbaycanlı əhalinin bu qırğınların qarşısını almaq və ya ermənilərin və onların müttəfiqləri kimi çıxış edən rus-molokan əhalinin silahlı hücumunu dəf etmək cəhdləri baş tutmur. 3 minlik bolşevik-erməni-molokan birləşmələri 1918-ci il martın 29-dan aprelin 10-dək Şamaxıya kiçik fasilə ilə  iki dəfə hücum edərək qədim şəhəri tamamilə yandırıb xarabazara çevirir. Bütün müsəlman məhəllələrini və evlərini, şəhərdəki bütün 13 məscidi, içərisində sığınacaq tapmış insanlarla birlikdə yandırır, azərbaycanlılara məxsus bütün ticarət və mülki obyektləri məhv edirlər. Şamaxı şəhərinin 21.127 min müsəlman əhalisinin 8 min nəfərdən çoxu qətlə yetirilir. Şəhərə və sakinlərə 1 milyard rubldan artıq maddi zərər vurulur. 
Qırğınlar Şamaxı qəzasının kəndlərinə də yayılır və sonrakı aylar da nəzərə alınmaqla qəzanın 110 azərbaycanlı kəndi məhv edilir, yandırılır və dağıdılır. Kəndlərdə qətlə yetirilən dinc sakinlərin sayı, 4359 nəfəri qadın və uşaq  olmaqla, 10.341 min nəfər, kəndlilərə vurulan maddi zərər 607.167.420 rubl təşkil edirdi. 
Şamaxıdan sonra qırğınlar Göyçay, Cavad, Ərəş, Nuxa və digər qəzaları əhatə edir, yüzlərlə kənd yandırılır, azərbaycanlı əhali soyqırımına məruz qalır, xilas olmağa macal tapmış yüz minlərlə əhalinin böyük hissəsi öz torpaqlarında qaçqınlara çevrilərək meşələrə, dağlara, çöllərə səpələndi, kiçik bir qismi digər qəzalara və Bakıya üz tuturlar. Bu şəraitdə əhali arasında güclü epidemiya başlayır, aclıqdan, xəstəlikdən, soyuqdan, qorxudan ölənləri sayı öldürülənlərin sayından dəfələrlə çox idi. 
1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək – cəmi iki həftə ərzində türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti  Amazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət  3 minlik hərbi birləşmələri Quba şəhəri  və  Quba qəzasının 167 kəndində qırğınlar törədərək 4000-dən artıq dinc müsəlman əhalini qətlə yetirdi, yanğınlar, talanlar və qarətlər nəticəsində əhaliyə milyonlarla rubl maddi zərər yetirildi. 
1918-ci il qırğınları yalnız Bakı quberniyasının qəzaları ilə məhdudlaşmayaraq Gəncə şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini əhatə etmişdi. Azərbaycanlıların bir xalq olaraq varlığı ciddi təhlükə altında idi. Bakıda hakimiyyəti ələ keçirmiş Şaumyan hökuməti Azərbaycan milli qüvvələrinin mərkəzi olan Gəncəni ələ keçirməyə və bununla da “Azərbaycan” məsələsini birdəfəlik həll etməyə can atırdı. Belə ağır bir şəraitdə Azərbaycan milli-siyasi qüvvələri tərəfindən 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması  ölkədə siyasi vəziyyəti kökündən dəyişdi.  Türkiyənin hərbi yardımı ilə 1918-ci ilin iyul ayından başlayaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və nəhayət sentyabrın 15-də respublika paytaxtının – Bakı şəhərinin bolşevik-daşnak-rus hakimiyyətindən azad edilməsi ilə Azərbaycan  xalqının və dövlətçiliyinin tarixində yeni bir dövr başladı. 
AXC hökumətinin  I Dünya müharibəsi başlanandan  ölkə ərazisində müsəlman-azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı, qırğınlar və talanlar faktlarını araşdırmaq məqsədi ilə hələ 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyası 50 cilddən ibarət sənədlər hazırladı. 
Lakin təəssüflə qeyd olunmalıdır ki, azərbaycanlıların soyqırımına məruz qalması kimi faciələr hələ də yalnız tarixin yaddaşına keçməmişdir.  Yaşadıqları ölkədə mühüm siyasi təbəddülatlar və sarsıntılar yaşanan zaman hər dəfə Azərbaycana qarşı ərazi iddiaları ilə ayağa qalxan erməni millətçiləri  1988-ci ildə, Sovet İttifaqında güc toplayan yenidənqurma siyasəti dalğasında  hələ 1905-1906-cı illər hadisələrindən aldıqları dərsə uyğun olaraq, ölkə başçısı M.S.Qorbaçovun ətrafında cəmlənən erməni xadimlərinin dəstəyi və Sovet ordusunun birbaşa müdaxiləsi ilə yeni təxribat törətdilər. Müasir dövrdə Azərbaycan xalqı bir daha gözlənilmədən təcavüzlə üzləşdi. Uydurma “Qarabağ məsələsi” ətrafında qaldırılan misli görünməmiş təbliğat, Moskvanın düşünülmüş siyasəti və nəticəsində 200 mindən artıq dinc azərbaycanlı əhali zorla Ermənistandan, öz tarixi torpaqlarından qovuldu, onların bir hissəsi yenə də ağlasığmaz vəhşiliklərdə qətlə yetirildi. Yaxşı silahlanmış erməni terrorçuları Qarabağda və Ermənistanla Azərbaycan sərhədlərində genişmiqyaslı müharibəyə başladılar. Mərkəzi hökumət bu silahlı çıxışların qarşısını almaq əvəzinə 1990-cı il yanvarın 20-də Bakıya qoşun yeritdi, 138 nəfər dinc əhali, o cümlədən qadınlar, qocalar, uşaqlar  qətlə yetirildi, 700-dən artıq insan yaralandı. 
SSRİ-nin dağılması ilə erməni təcavüzü daha geniş vüsət aldı, rus qoşunlarının birbaşa iştirakı ilə Azərbaycan ərazilərinin 20 faizi  işğal edildi. 1992-ci ilin fevralında ermənilər Qarabağda qədim Xocalı şəhərini  yerlə-yeksan edərək onun  dinc  əhalisinə qarşı  görünməmiş vəhşiliklər törətdilər. 613 nəfər qəddarcasına məhv edildi, 421 nəfərə xəsarət yetirildi, 1275 nəfər ikin düşdü və girov götürüldü.  Bütün bu hadisələr Azərbaycanın müasir tarixinə “Xocalı soyqırımı” kimi həkk olunaraq,  “soyqırımı” ifadəsi  bir daha   gündəmə gətirildi.
Bu gün Azərbaycan dövləti erməni millətçilərinin azərbaycanlılara qarşı tarix boyu törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu hadisələrin “soyqırımı” kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanın elmi ictimaiyyəti, ilk növbədə həmin məsələlərlə məşğul olan Azərbaycan tarixçiləri də öz tədqiqatlarını daha geniş müstəvidə, zamanın tələbləri şəraitində davam etdirməlidirlər.

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,
Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor 

 

24 2019 00:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə