Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kamran İMANOV: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub

Kamran İMANOV: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub

Azərbaycanda bütün istiqamətlərdə həyata keçirilən islahatlar ölkəmizə innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoymağa imkan verib.

Bu fikirləri Moskvada keçirilən “Rəqəmsal transformasiya: IP diqqət mərkəzində” mövzusunda II beynəlxalq konfransındakı çıxışında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov söyləyib. Müasir rəqəmsal dövrdə əqli mülkiyyətlə bağlı yaranmış problemlər və onların həlli yollarının müzakirə olunduğu konfransda Kamran İmanov bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin səyləri sayəsində əqli mülkiyyətin qorunması istiqamətində əsaslı işlər görülür. Əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması infrastrukturunun qanunvericilik sahəsinə xüsusi diqqət yetirilir. 
Kamran İmanov vurğulayıb ki, bir sıra nüfuzlu beynəlxalq reytinqlərin nəticələri bu qənaətə gəlməyə imkan verir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət inkişaf prioriteti elan olunub, institusional islahatlar çərçivəsində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyi yaradılıb. 
İdarə Heyətinin sədri çıxışında müəlliflik hüququ və patent hüququnun qarşılıqlı təsiri, əqli mülkiyyətin müasir texnologiyalarla qarşılıqlı fəaliyyəti, “Copyright” hüququ, etibarlı müasir saxlama sistemləri, o cümlədən blokçeyn, müəlliflik hüququ sahəsində yaranmış böhran vəziyyətindən çıxış yolları və digər mühüm məsələlərə toxunub. O deyib: “İnkişafın innovasiya yolunu, ölkədə həyata keçirilən iqtisadi islahatların səmərəliliyini əqli mülkiyyətsiz təmin etmək mümkün deyil. Məhz buna görə milli əqli mülkiyyət sistemi qarşısında duran vəzifələr ölkənin innovasiyalı islahat siyasəti ilə əvvəlcədən müəyyən olunur, respublikada həyata keçirilən dəyişikliklərə xidmət edir”.
Kamran İmanov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Azərbaycanda rəqəmli mühitdə müəllif hüquqlarının qorunması sahəsində mühüm araşdırmalar aparılır, monitorinq sistemi yaradılıb. Konfransın əhəmiyyətindən danışan sədr deyib: “Müasir dövrdə innovasiyalı iqtisadiyyata böyük əhəmiyyət verilməlidir. Məsələn, patent hüququnu götürək. Patent hüququnun əsas məqsədi bir tərəfdən resurs cəlb etmək, digər tərəfdən isə layihələri kommersiyalaşdırmaqdır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə mühüm struktur islahatları aparılıb. Konfrans iştirakçılarının bir çoxu Azərbaycanda bu sahədə mövcud yeniliklərlə tanış olmaq üçün ölkəmizə gələcəklərini də bildirdilər”.
“Rəqəmsal transformasiya: IP diqqət mərkəzində” mövzusunda  II beynəlxalq konfrans iki gün davam edəcək. “Rospatent” və Rusiya Ticarət-Sənaye Palatasının təşkil etdikləri konfransa 20 ölkədən 800-dən çox iştirakçı qatılıb.  
Konfransda rəqəmsal sahədə meydana gələn çağırışlar və imkanlar, süni intellekt texnologiyalarının səmərəli tətbiqi, metod və prinsipləri, əqli mülkiyyətin rəqəmsal obyektlərinin patentləşdirilməsi sahəsində dünya təcrübəsi, əqli mülkiyyət hüququnun ötürülməsinin onlayn qeydiyyatına dair informasiya sistemi və digər məsələlər müzakirə olunur.

 

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

 

24 2019 00:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə