Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Formula-1” Azərbaycan Qran-prisinə maraq ildən-ilə artır

“Formula-1” Azərbaycan Qran-prisinə maraq ildən-ilə artır

Aprelin 26-28-ində baş tutacaq “Formula-1” Azərbaycan Qran-prisinə sayılı günlər qalır. Artıq hazırlıq işləri tamamlanmaq üzrədir, yarış trasını əhatə edən yollar nəqliyyatın hərəkəti üçün bağlanıb və xüsusi çəpərlərlə əhatə edilib. Bundan başqa, trasın bəzi hissələrinin örtüyü yenilənib. Bir sözlə, paddokdakı tamamlama işləri yekunlaşıb. Tribunaların çoxu da artıq qurulub. Sürət həvəskarlarının səbirsizliklə gözlədikləri “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edəcək Bakı yarışa hazırdır.

Yarış müddətində Bakıdakı “Hilton” oteli daha çox izdihamlı olacaq. Belə ki, yarışı işıqlandıracaq yerli və xarici jurnalistlərin rahat işləməsi üçün nəzərdə tutulmuş media mərkəzi məhz burada təşkil olunacaq. Bakı “Hilton”unun əməliyyat direktoru Lars Sammeliusun sözlərinə görə, mətbuat mərkəzi otelin birinci mərtəbəsində təşkil edilib. Oteldə məşhur fotoqraf Peter van Eqmondun işlərindən ibarət sərgi təşkil edilib. Foyedə quraşdırılmış iki yürüş simulyatoru da bura gələnlərin diqqətini çəkəcək. Yarışı işıqlandırmaq üçün 150 KİV nümayəndəsi müraciət etsə də, Azərbaycandan yalnız 90 nəfər akkreditasiyadan keçib.
Qeydiyyatdan keçmiş KİV orqanları arasında 6 televiziya, 2 radio, 8 informasiya agentliyi, 25 xəbər saytı, 11 qəzet və jurnal yer alır. 
Builki “Formula-1” Azərbaycan Qran-prisinin özəlliklərindən biri də sponsorlarla bağlıdır. Belə ki, bu yaxınlarda Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında “Formula-1” Azərbaycan Qran-prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb. Yarışın digər tərəfdaşı isə SOCAR-dır. SOCAR şirkəti “Formula-1” kimi dünya səviyyəli bir tədbirdə tərəfdaş kimi çıxış etməklə beynəlxalq səviyyədə milyonlarla avtoidman azarkeşinə öz brendini tanıdacaq. Şirkətin adı yarışın adına əlavə olunacaq və yarışlar beynəlxalq avtoidman auditoriyasına canlı təqdim ediləcək. Şirkət daima Azərbaycanın daxilində və xaricində idmanın inkişafına dəstək göstərməsi ilə seçilib. SOCAR bu il sürət azarkeşlərinin sevimli yarışına tərəfdaşlıq edəcək.
Sözsüz ki, müxtəlif şirkətlərin bu yarışa marağının artması, sponsor və tərəfdaş olmağa can atmaları anlaşılandır. Dünyada böyük auditoriyası olan “Formula-1” yarışları həm də keçirildiyi ölkəyə milyonlarla dollar gəlir gətirir. Bu, özünü turizm sektorunun canlanmasında, biletlərin satılmasında və eləcə də ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsirini göstərir. 
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu il “Real TV”-yə verdiyi müsahibədə mötəbər idman yarışlarının və eləcə də “Formula-1”-in ölkəmizə faydalarından danışarkən bu məsələni xüsusilə qeyd etmişdi: “Təkcə “Formula-1” yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış, əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”. 
2016-cı ildən ölkəmizdə keçirilən sürət yarışı elə ilk ildən xarici turistlərlə yanaşı, yerli sürət azarkeşlərinin də marağına səbəb oldu. “Formula-1” azarkeşlərinin ürəyi üç gün ərzində Bakı ilə döyündü. Yarışları yerində canlı izləmək üçün Bakıya hər ötən il daha çox ölkədən turist gəlməsi müşahidə edilir. 2018-ci ilin aprelində keçirilmiş sonuncu yarış üçün paytaxtımıza 78 ölkədən minlərlə avtoidman azarkeşi təşrif buyurmuşdu. 2016-cı ildə 42, 2017-ci ildə isə 65 ölkədən Bakıya yarışı izləmək üçün turistlər gəlmişdilər.
Televiziya ekranlarından yarışın canlı yayımlanması da tamaşaçıların marağına səbəb olmuş və yarış baxış sayında da reytinq qazanmışdı. Belə ki, 2016-cı ildə 27,2 milyon, 2017-ci ildə 28,3 milyon və 2018-ci ildə 83 milyon tamaşaçı Bakının ev sahibliyi ­etdiyi “Formula-1” yarışlarını televiziyadan canlı izləmişdi.
“Formula-1” Şirkətlər Qrupunun apardığı araşdırmaların və həmçinin dünyanın aparıcı media orqanlarının keçirdiyi sorğuların nəticələrinə əsasən, Bakıda baş tutmuş son iki “Formula-1” yarışı hər dəfə mövsümün ən baxımlı yarışı adına layiq görülüb. Bu da sözsüz ki, sürət yarışına ildən-ilə artan maraq və diqqətin nəticəsidir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ildən-ilə ““Formula-1””in Bakı yarışına artan bu marağı və eləcə də bilet satışlarına dair son statistikanı nəzərə alaraq ictimaiyyətə bildirir ki, builki yarışda da oxşar artım tendensiyasının davam edəcəyi gözlənilir. 

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti” 

 

24 2019 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə