Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız “Formula-1” yarışlarını gözdən salmağa çalışanlara inanmır

Xalqımız “Formula-1” yarışlarını gözdən salmağa çalışanlara inanmır

Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində böyük təcrübə qazanıb. Həmişə bu cür tədbirlər yüksək səviyyədə təşkil olunub, istər ölkə ictimaiyyəti, istərsə də ayrı-ayrı ölkələrdən gəlmiş qonaqlar tərəfindən razılıqla qarşılanıb. Bu beynəlxalq tədbirlər sırasında I Avropa Oyunlarını, “Eurovizion”, Bakı Beynəlxalq Humanitar Forumu və digər tədbirləri qeyd etmək olar. Bütün bu forumlar Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinin olduğunu, müstəqillik əldə etdikdən sonra dünya səviyyəli dövlətə çevrildiyini təsdiq edir.  

Azərbaycanın son illərdə ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlərdən biri də “Formula-1” yarışlarıdır. Artıq bir neçə ildir ki, bu yarışlar Bakıda yüksək səviyyədə təşkil edilir. Bir neçə gündən sonra paytaxtımızda daha bir “Formula-1” yarışları start götürəcək. Şübhəsiz ki, ölkəmizin, onun rəhbərliyinin, yarışlarla bağlı yaradılmış təşkilat komitəsi tədbiri uğurla başa çatdıracaq. Yəqin ki, buna nə ölkə daxilində, nə də xaricdə heç kəsin şübhəsi yoxdur. 
Amma hələ yarışlar başlamamışdan sosial şəbəkələrdə müxalifət təmsilçilərinin, xüsusən AXCP sədri Əli Kərimlinin bu əhəmiyyətli tədbiri gözdən salmağa cəhd etməsi təəssüf doğurur. Əli Kərimli özünün fasebook səhifəsində yazır ki, Bakıda “Formula-1” yarışlarının keçirilməsinin ölkə üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə, bu tədbir kimlər üçünsə pul qazanmaq, hakimiyyəti təbliğ etmək vasitəsidir. Ən acınacaqlısı da budur ki, AXCP sədri yarışların keçirildiyi günlərdə Bakıda bəzi küçələrin bağlı olmasını, maşınların “hərəkətinin məhdudlaşdırılmasını” böyük faciə kimi təqdim edir, guya ümumilikdə bu yarışların keçirildiyi cəmi bir neçə gün ərzində küçələrdə hərəkətə məhdudiyyət qoyulması Bakı sakinlərinin əsəblərini tarıma çəkir. Onun fikrincə, bu yarışlar Azərbaycana, onun sakinlərinə heç bir fayda gətirmir. 
Amma “Formula-1”-in keçirildiyi əvvəlki illərdə də məlumat verilirdi ki, tədbir təkcə təhlükəsizliyin təminatı, infrastruktur cəhətdən hazırlıqlı olmağımız, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki baza yarada bilməyimiz sahəsində geniş təcrübə deyil, şəhərimizin küçələrində yeni və maraqlı texnika nümunələrinin, son illərədək yalnız televiziyalarda müşahidə etdiyimiz supermotorların görünməsi baxımından əhəmiyyətlidir. Bundan əlavə, tədbirin iqtisadi faydaları haqqında danışmaq da lazımdır. Doğrudur, yarışlara ev sahibliyi edən ölkə müəyyən qədər xərc çəkməli, trassı öz hesabına hazırlamalı olur. Amma bunun müqabilində ev sahibi həm də çox yaxşı qazanc götürür. Yarışın keçirildiyi günlərdə Bakıya dünyanın ən müxtəlif ölkələrindən çoxlu sayda azarkeş, mətbuat nümayəndələri, eləcə də turist gəlirlər. Onların neçə gün ərzində Bakıda yaşaması, otellərdə yerləşməsi və sadəcə vətəndaşlarımızın evlərini kirayələməsi, eləcə də gündəlik güzəranlarını keçirmələri, şübhəsiz ki, ölkə üçün iqtisadi faydadır. Bunu heç kəs, eləcə də Əli Kərimlinin özü inkar edə bilməz. Bu yarışların həm də turizmin inkişafı ilə birbaşa bağlı olduğu da danılmaz faktdır. Məndə olan məlumata görə, təkcə keçənilki “Formula-1” yarışlarını izləmək üçün Bakıya 90 mindən artıq tamaşaçı-azarkeş gəlib. Təkcə bu rəqəmin özü iqtisadi faydadan xəbər vermirmi?! 
Azərbaycan hakimiyyətini bu yarışla özünü təbliğ etməkdə günahlandıranlar bu tədbirin sadaladığımız faydaları haqqında düşünürlərmi? İnanmıram. Çünki onlara insanlarımızın bu tədbirdən qazanacağı faydalar deyil, siyasi ambisiyalarını irəli sürmək, hər addımda hakimiyyəti gözdən salmağa çalışmaq maraqlandırır. Amma bu cəhdlərin hamısı faydasızdır. Azərbaycan hakimiyyəti nə etdiyini yaxşı bilir və atdığı addımlarla yalnız ölkənin milli maraqlarını qoruyur. Bunu ictimaiyyətimiz də yaxşı anlayır, ona görə də belə yalançı dil pəhləvanlarına inanmır...

 

Ələşrəf NİFTİYEV, 
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

 

 

24 2019 00:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə