Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 188    Bakı şəhəri, 22 aprel 2019-cu il
 
“Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel  

tarixli 188 nömrəli Qərarı ilə

təsdiq edilmdir.

 

Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün

bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsinə uyğun olaraq, dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Bioloji materialın götürülməsi

2.1. Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji material qismində şəxslərdən  ağız boşluğunun yanaq nahiyəsinin selikli qişasından qaşıntı üsulu ilə əldə olunan epitel hüceyrələri nümunəsi (yanaq epiteli qaşıntısı) götürülür.

2.2. Bioloji material birdəfəlik istifadəyə yararlı, plastik futlyarda qablaşdırılan və bu məqsədlə istehsal edilmiş xüsusi, steril pambıq tampon vasitəsilə hər bir şəxsdən 2 (iki) ədəd olmaqla götürülür.

2.3. Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür:

2.3.1. ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən bioloji material təhqiqat orqanlarının əməkdaşları, ibtidai istintaq orqanlarının əməkdaşları və ya həmin orqanların müraciəti ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) kriminalistika xidmətinin əməkdaşı tərəfindən;

2.3.2. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən. 

2.4. Məcburi dövlət genom qeydiyyatından keçirilən naməlum meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində meyitin müayinəsi zamanı DİN-in kriminalistika xidməti əməkdaşı tərəfindən götürülür.

2.5. Könüllü dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür:

2.5.1. könüllü dövlət genom qeydiyyatından keçmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarından, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərdən və ya vətəndaşlığı olmayan şəxslərdən bioloji material onların DİN-ə ünvanlanmış yazılı ərizələrinə əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən;

2.5.2. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanlardan bioloji material onların qanuni nümayəndələrinin DİN-ə ünvanlanmış yazılı ərizələri əsasında və həmin nümayəndələrin iştirakı ilə DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən.

2.6. Bioloji material möhürlənmiş kağız zərf, paket və ya karton bağlamada qablaşdırılır.

2.7. Şəxslərdən götürülmüş bioloji materialın qablaş-dırılmasının üzərində şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar göstərilir.

2.8. Naməlum meyitlərdən götürülmüş bioloji materialın qablaşdırılmasının üzərində materialın götürüldüyü yer, tarix, saat, mahiyyəti və təsviri, bioloji materialı götürən şəxsin iş yeri, vəzifəsi, soyadı, adı və atasının adı qeyd olunur.

2.9. Müvafiq qaydada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DİN Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilir.

2.10. Əldə olunmuş bütün bioloji materiallar +40C temperaturda soyuducu konteynerdə qorunur və 24 saatdan gec olmayaraq təyinatı üzrə çatdırılır.

2.11. Göndərilən bioloji materialın məlumatında aşağıdakılar qeyd olunur:

2.11.1. genom qeydiyyatının aparılmasının əsası və tarixi;

2.11.2. məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;

2.11.3. bioloji materialı götürmüş və məlumatı hazırlamış təhqiqat orqanlarının, ibtidai istintaq orqanlarının adı və ya DİN.

3. Bioloji materialın uçotu

3.1. DNT analizinin aparılması üçün daxil olan bioloji materialın müşayiət sənədləri Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun qaydada DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində qeydiyyatdan keçirildikdən sonra uçota alınır.

3.2. Hər bir bioloji material kompüter proqramı vasitəsilə ayrı-ayrılıqda kodlaşdırılır.

3.3. Bioloji materialın uçotu 3 (üç) istiqamətdə aparılır:

3.3.1. məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxslərin bioloji materialının uçotu;

3.3.2. könüllü dövlət genom qeydiyyatından keçirilmiş şəxslərin bioloji materialının uçotu;

3.3.3. naməlum meyitlərdən götürülmüş bioloji materialın uçotu.

3.4. Məcburi dövlət genom qeydiyyatından keçirilmiş ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ərdən (arvaddan) və könüllü dövlət genom qeydiyyatından keçirilmiş şəxslərdən götürülmüş bioloji materialın uçotu zamanı aşağıdakı məlumatlar qeyd olunur:

3.4.1. bioloji material götürülən şəxs barədə məlumat (fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar);

3.4.2. dövlət genom qeydiyyatının aparılmasının əsası və tarixi, bioloji materialı götürmüş və məlumatı hazırlamış orqanın adı;

3.4.3. bioloji materialın götürüldüyü yer, tarix və saat;

3.4.4. bioloji materialın DNT analizinə daxil olduğu tarix və saat.

3.5. Naməlum meyitlərdən götürülmüş bioloji materialın uçotu zamanı aşağıdakı məlumatlar qeyd olunur:

3.5.1. bioloji materialın növü (qan, tük, dırnaq, diş, sümük, orqanizmin digər ifrazatları  və ya toxumaları);

3.5.2. bioloji materialın götürüldüyü yer, tarix, saat və hal üzrə məlumatlar;

3.5.3. bioloji materialın DNT analizinə daxil olduğu tarix və saat.

4. Bioloji materialın saxlanılması

4.1. Şəxslərdən götürülmüş bioloji material DNT analizi başa çatana və DNT profili əldə olunanadək, xüsusi soyuducuda müvafiq şəraitdə saxlanılır.

4.2. Naməlum meyitlərdən götürülmüş bioloji material DNT analizinə daxil olduğu andan xüsusi soyuducuda müvafiq şəraitdə saxlanılır. Analiz başa çatdıqdan və müvafiq sənədlər tərtib olunduqdan sonra bioloji material 3 (üç) iş günü müddətində sorğu verən orqana qaytarılır.

                                     

5. Bioloji materialın istifadəsi

 

5.1. Dövlət genom qeydiyyatının keçirilməsi məqsədilə daxil olmuş bioloji material DNT analizinin keçirilməsi və DNT profilinin əldə edilməsi üçün istifadə olunur.

 

6. Bioloji materialın verilməsi

 

6.1. Naməlum meyitlərdən götürülmüş bioloji materialın analizə sərf olunmayan hissəsi bu Qaydanın 2.6-cı bəndinə uyğun qablaşdırılaraq 3 (üç) iş günü müddətində sorğunu vermiş orqana qaytarılır.

7. Bioloji materialın məhv edilməsi

 

7.1. Şəxslərdən götürülmüş bioloji material DNT analizi və DNT profilinin əldə olunması zamanı tam istifadə edilir. Bioloji materialın bu Qaydanın 2.2-ci bəndinə uyğun götürüldüyü hər 2 (iki) tampon təkrar analizə yararsız olduğundan və heç bir genetik informasiya daşımadığından məhv edilmiş hesab edilir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə