Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AXCP sədrinin məntiqsiz “arqumentləri” gülünc səslənir

AXCP sədrinin məntiqsiz “arqumentləri” gülünc səslənir

Bakı şəhərinin Avropa və Asiya qitələrinin mühüm idman və mədəniyyət tədbirləri platformasına çevrilməsi Azərbaycan vətəndaşlarında haqlı olaraq qürur hissi yaradır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildən “Formula-1” Avropa Qran-prisinə ev sahibliyi edən paytaxtımız ölkəmizin hərtərəfli inkişafını nümayiş etdirməklə yanaşı, həm də güclü informasiya və kommunikasiya, eləcə də mədəniyyət-humanitar planda strateji əhəmiyyətli mərkəz olduğunu təsdiqləmişdir. Bundan başqa, belə beynəlxalq əhəmiyyətli idman tədbirlərinin keçirilməsi uzunmüddətli inkişaf konsepsiyası baxımından da önəm daşıyır ki, bunun da real nəticələrini Azərbaycanın qeyri-neft sektorunda əldə edilmiş son nailiyyətlərdə müşahidə etmək olar.

Yer kürəsində inkişaf resursları uğrunda ciddi rəqabətin və mübarizənin getdiyini hamı bilir. Buna görə də, hər bir dövlət davamlı inkişafını təmin etmək üçün rəqabətlik gücünün artırılmasına yönəlmiş layihələri yerinə yetirməyə çalışır və bu istiqamətində zəruri addımlar atır. Hamıya aydındır ki, dünyada bütün sahələrdə ciddi rəqabət gedir. Rəqabət qabiliyyətini gücləndirməyən ölkələr qloval səviyyədə geriləyir və hərtərəfli inkişaf üçün tələb olunan resursları əldən verir. Məhz belə bir perspektivlə üzləşməmək, şiddətli rəqabət aparılan dünyada layiqli yer qazanmaq şansını əldən verməmək üşün dövlətlər böyük potensiala malik şəhərlərini rəqabərə hazırlayır, irihəcmli layihələr həyata keçirirlər. “Formula-1” kimi layihələr də məhz bu amala xidmət edir. Adətən, belə yarışlar dünya ölkələrinin marağını çəkir, turist sayına müsbət təsir göstərir. Təsadüfi deyildir ki, 2016-cı ildə ilk dəfə olaraq Bakıda keçirilən “Formula-1” yarışı hər bir kəsə böyük sürət, həyəcan vəd etməklə yanaşı, möhtəşəm əyləncə tədbirlərinin, konsert proqramlarının keçirilməsi ilə yadda qalmış və çox sayda azarkeş kütləsinin paytaxtımıza səfər erməsinə rəvac vermişdir.
Xatırladaq ki, 2016-cı il “Formula-1” yarışını Bakıda izləmək üçün 20 mindən çox insan bilet almışdı. Rusiya, Türkiyə və Gürcüstan ilə yanaşı, Avropanın aparıcı ölkələrindən də çox sayda turist yarışı Bakıda canlı olaraq izləmək üçün Azərbaycana səfər etmişdi. Möhtəşəm yarışı televiziya vasitəsilə izləyən tamaşaçı sayının isə 500 milyona yaxın olması “Formula-1” layihəsinin hərətəfli inkişaf edən Azərbaycanın reklamı baxımından böyük əhəmiyyət daşıdığını gözlər önünə gətirir. Buna görə də, birmənalı şəkildə təsdiqləmək olar ki, Azərbaycan dövlətinin rəqabət strategiyası ərazilərin kapitallaşdırılmasına yönəlmiş rəqabətqabiliyyətliliyin üstünlüklərinin aşkar edilməsinə və gücləndirilməsinə xidmət edir və “Formula-1” kimi layihələr bu məsələdə öz gücünü göstərir. Buna görə də, insan və digər resursların cəmləşdiyi Bakı şəhərinin bir sıra vacib uğur simvollarına çevrilməsi gələcək inkişaf üçün həyati əhəmiyyət daşıyır və beynəlxalq idman-humanitar-mədəniyyət layihələrinin keçirilməsi bu amala xidmət edir.
Mütəxəssislər “Formula-1” yarışının məhz ölkəmizdə də keçirilməsinin illərlə aparılan məqsədyönlü siyasətin nəticəsi kimi də qiymətləndirirlər. Bu yarışın Azərbaycan turizminin, ən əsası isə ölkəmizin tanınmasında çox böyük rolu var. Xüsusilə qeyd etmək lazımdır ki, belə mötəbər yarışlar dünyanın sabit və inkişaf etmiş ölkələrində keçirilir. Bu mənada “Formula-1” yarışının Bakıda keçirilməsi Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi imicini daha da gücləndirdi. Əlbəttə ki, belə yarışlarda ölkənin reklamı, idman yarışlarına ev sahibliyi etmək qabiliyyəti əsas götürülür və belə yarışlar maddi gəlir gətirməklə yanaşı, ölkənin sosial-iqtisadi həyatına da müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, müasir dünyada artıq əşyalar deyil, onların obrazı önəm kəsb edir. Bu, xüsusilə də mühüm resursların cəmləşdiyi və müxtəlif mədəniyyətlərin kəsişdiyi şəhərlərdə hiss olunur. Uğurlu obraza malik şəhərlərin də inkişaf mərkəzi kimi qiymətləndirilməsi və dəstəklənməsi sonrakı sosial-iqtisadi, eləcə də humanitar-mədəniyyət sahələrində mühüm nailiyyətlətin əsasının qoyulmasında önəmli rol oynayır. Bakı şəhərinin son illərdə məhz belə uğurlu obraza malik olması və sərt rəqabət şəraitində vacib meqalayihələrin iştirakçısına çevrilməsi postneft dövrünə hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Əlbəttə, Bakının əhəmiyyətli idman və mədəniyyət tədbirləri platformasına çevrilməsi  Prezident İlham Əlyevin həyata keçirdiyi çoxşaxəli sosial-iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyev bu gün güclü ölkə lideri kimi vətəndaşlarımızın daha da yaxşı yaşamasına şərait yaradan fəaliyyətini uğurla davam etdirir. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilmiş və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu regionda gedən proseslərə  müsbət təsir göstərir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə evsahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. 
Lakin bütün müsbət dəyişikliklərin fonunda müxalifətin radikal kəsimindən heç əsası olmayan etirazlar səsləndirilir. Vətəndaşların “qeydinə qalan” AXCP sədri “Formula-1” kimi yarışı “zülm” adlandırır və “tıxacların camaatın əsəblərini tarıma çəkdiyini” iddia edir. Məntiqsiz qiymətləndirmədir, çünki yarış təşkilatçıları əhalinin rahatlığını təmin edən zəruri prosedur qaydalarını gözləyir və şəhərdə diskomforta şərait yarada biləcək istənilən prosesə operativ müdaxilə edirlər. Axı “Formula-1” kapitalın əldə olunmasına yönəlmiş layihədir. Məsələn, “PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki “Formula-1” yarışı Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirmişdir. Müqayisə aparmaq üçün xatırladaq ki, 2016-2017-ci illərdə yarışın keçirilməsinə 100 milyon dollar xərclənmişdi. Deməli, yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc gətirmişdir. Bu rəqəmlər bir daha təsdiqləyir ki, “Formula-1” kapitaltutumlu layihə olsa da, keçirildiyi ölkəyə birbaşa və dolayısı ilə milyon dollarla vəsait gətirilməsinə şərait yaradır. Nəzərə alsaq ki, artıq zəruri infrastruktur olduğundan xərclər də ildən-ilə azalır və deməli, yarışın keçiriləcəyi növbəti illərdə ölkəmizə valyuta axını daha da artacaq. Buna görə də, əbədi narazı radikal müxalifət təmsilçisi Əli Kərimlinin “arqumentləri” axsayır və məntiqi izahı yoxdur.
Bu gün Bakının formalaşdırdığı mədəniyyət landşaftı əsas şəhərimizin bir çox simvol və obrazların yaranmasını şərtləndirməklə, Bakının meqalayihələrin icrasına və məkanına çevrilməsinə də imkan verir. Bu baxımdan hazırda çox az adam mübahisə edir ki, “Formula -1” Avropa Qran-prisi zəmanəmizin mədəni, sosial və siyasi fenomenidir. Çünki sənaye şəhərlərində müxtəlif mədəniyyət və idman hadisələri iqtisadi-sosial artım mənbəyinə çevrilir, inkişaf üçün zəruri olan resursların əldə edilməsinə şərait yaradır. Odur ki, Əli Kərimli “Formula-1” yarışını tənqid etməklə “xalqa canyananlığını” ortaya qoymaq niyyətindədir. Ancaq AXCP sədrinin belə yersiz canfəşanlığına xalq Prezident İlham Əliyev siyasətini dəstəkləməklə çoxdan cavab vermişdir.

“Xalq qəzeti”

 

 

23 2019 23:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə