Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı

(Tarixi, nəticələri və Azərbaycanın müasir baxışı)

Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı

əvvəli http://xalqqazeti.com/az/news/21068

 

Bügünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Ermənilərin xaricdən dəstək arayışının Qərbi Avropadan Rusiyaya keçməsi: səbəbləri və əsas istiqamətləri


Ermənilər XVI--XVII əsrlərdə Osmanlı və Səfəvi dövlətinə qarşı mübarizədə özlərini təqdim etmək üçün Qərbi Avropaya üz tutur, lakin burada uğur əldə edilmir.  Qərbi Avropa dövlətləri güclü Osmanlı dövləti ilə münaqişəyə ehtiyatla yanaşdıqlarından, bu əməkdaşlığa ciddi əhəmiyyət vermir və onlar Rusiyaya yönəldilir. 
Erməni--Rusiya münasibətlərinin tarixi haqqında ilk məlumatlar XVI əsrə aid edilsə də siyasi münasibətlər XVIII əsrin əvvəllərindən başlayır. O vaxtdan bu günə Rusiya oriyentasiyası erməni tarixində əsas yerlərdən birini tutur.  Bu tarix özü də müəyyən mərhələlərdən keçib ki, XVIII əsr burada xüsusi dövr kimi ayrıla bilər. Bu dövrün Rusiya oriyentasiyasında  iki istiqamət ayırmaq olar. Onlardan biri erməni-qriqorian kilsəsini təmsil edən dini istiqamət, digəri isə  avantürist istiqamət idi. Bu ziddiyyətli tandemdə əsas ideoloq və həlledici qüvvə erməni-qriqorian kilsəsi idi. 
Erməni-qriqorian kilsəsi Rusiyada möhkəmlənmək və ondan dayaq kimi istifadə edilməsinə də ilk təşəbbüs göstərib. Erməni azadlıq hərəkatının Rusiya orientasiyasının banisi hesab edilən İsrail Ori Rusiyaya Avropadan yönəldilmişdisə, erməni kilsəsi Rusiyanın öz daxilindən buna nail ola bilmişdi. Rusiya tərəfi də ayrı-ayrı şəxslərdənsə erməni kilsəsinin əhəmiyyətinə daha çox diqqət verdi. Ermənilərin I Pyotr tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarına köçürülməsinə dair manifestinin verilməsində də kilsə həlledici rol oynadı. Erməni qriqorian kilsəsi Rusiyada mövqeyini gücləndirmək üçün hər vasitə ilə burada da kilsə açmağa çalışırdı. Ermənilər 1740-cı illərdə Peterburq, Moskva və Həştərxanda kilsələr açmağa nail oldular. Bu fakt ona görə diqqəti cəlb edir ki, erməni kilsələrinin hər biri patriarxlığın ideologiyasını ardıcıl şəkildə həyata keçirirdi. 
Ermənilər Şərq siyasətinə xüsusi önəm verən II Yekaterina dövründə yaranmış vəziyyətdən daha məharətlə istifadə etdilər. Çariçanın 1768-ci il 30 iyun tarixli fərmanı ilə Simeon Rusiyadakı erməni kilsəsinə mənsub olan dindarlar və ruhanilər üzərində idarəyə nail ola bildi. Məhz bu səlahiyyət əsasında İosif Arqutinski 1773-cü ildə Rusiya yeparxiyasına rəhbərlik üçün göndərildi. Təsadüfi deyil ki, İvan Lazarev məhz onunla birlikdə fəaliyyət göstərirdi. İosif Arqutinski 1780-сi il fevralın 18-də Peterburqda Qriqori Potyomkin başda olmaqla Rusiya əyanlarının iştirak etdiyi erməni kilsəsinin təqdis etmə mərasimindəki çıxışında “məhv olmuş Haykan çarlığının bərpası” haqqında çariçaya müraciət etmişdi. 
Digər cərəyanın nümayəndələri bir sıra avantürist layihələrlə diqqəti cəlb etməyə çalışırdılar. Bir müasir erməni müəllifi erməni hüquq abidələri, onların mənbələri və digər xalqların hüququ ilə qarşılıqlı əlaqələrinə həsr etdiyi məqaləsində yazır ki, XVII əsrin sonları--XVIII əsrin əvvəllərində erməni xalqı İran və Türkiyə zülmündən xilas olmaq üçün öz ümidlərini müstəqil Ermənistanın yaradılmasına bağlayırdı. Bu ideyanın ilhamvericiləri çoxlu görkəmli erməni xadimləri, o cümlədən İsrail Ori, İvan Lazarev, İosif Arqutinski, Şaamir Şaamiryan, onun oğlu Akop Şaamiryan, İosif Emin və bir çox başqaları idi. Bu sıraya digər erməni müəlliflərinin əsərlərində tes-tez xatırlanan Moisey Sarafov (Movses Sarafyan) və Movses Baqramyanı da daxil etsək, əslində burada bəyan edildiyi kimi hüquqdan deyil, Azərbaycan torpaqlarına qarşı iddia irəli sürən, bunun üçün Rusiya vasitəsi ilə praktik addımlar atmağa çalışan avantüristlərdən bəhs olunduğu aydın olar. 
Erməni tarix, həm də göründüyü kimi hüquq və digər ədəbiyyatında onların hər birinin layihələri çap olunub, onların tarixinə və izahına geniş yer ayrılıb. Ona görə də bunların üzərində xüsusi dayanmadan, az diqqət yetirilən bəzi məqamları nəzərdən keçirək.
Sisianda anadan olan İsrail Ori (1658--1711) 1678-ci ildə buranı tərk edib. 20 ildən çox dövr ərzində Avropada vaxt keçirib, ermənilərin xeyrinə təbliğat aparıb. Avropa saraylarında görüş zamanı onun fikirlərinin çoxluğun mövqeyi olmasına şübhə yaranıb. O, 1699-cu ildə geri qayıdıb, Eçmiədzində olarkən orada biganəliklə qarşılanıb, sonra Sisiana yola düşüb. Bir neçə Sisian məliyinin boş kağıza imza atması və möhür vurmasına nail olub, yenidən Avropaya qayıdıb. [История армянского народа. ч.1. , 1951, с.243]  
Burada həmin kağızlara istədiklərini yazıb, özündən “proqram” düzəldib. Bu “Pfalts proqramı” kimi də tanınır. 36 maddədən ibarət olan bu  “proqram” papanın iştirakı ilə antitürk üçlər ittifaqı (Avstriya, Toskana, Pfalts) yaradılmasını və “Ermənistana” yürüş etməsini nəzərdə tuturdu. Avstriya imperatoru I Leopold (1658--1705) onunla görüşdən sonra Orini Rusiyaya yönləndirib. Ori bu dəfə “Pfalts proqramı”nı dəyişdirib “Moskva proqramı” halına salıb. Orinin siyasi simasızlığı, dini naxələfliyi ilə də müşahidə olunurdu. O papa ilə görüşdə ermənilərin katolikliyi qəbul etməsinə söz verirdi. 
İsrail Orinin avantürası bitdikdən sonra, meydan ermənilərin Hindistan və Rusiya koloniyalarının nümayəndələrinə keçib. İosif Emin (1726--1829), ondan sonra Movses Baqramyan və Şaamir Şaamiryan (1723--1798) ermənilərin Hindistan koloniyasının yetişdirməsi idi. İosif Emin 1751-ci ildə Böyük Britaniyaya gedib, 1759-cu ildə isə oranı tərk edərək, Eçmiədzinə yola düşüb. Yerli insanları ayağa qaldırmağa çalışıb, buna nail olmadığından dəstək üçün 1761-ci ildə Peterburqa üz tutub. 1760-cı illərə aid “proqramında” o, Rusiyanın himayəsi altında erməni-gürcü dövləti yaratmağı təklif edib. 
İosif Emin 1763-cü ildə Həştərxan erməniləri içərisindən yığdığı dəstə ilə Gürcüstana qayıdıb. Onun Movses Baqramyan ilə birlikdə Gürcüstandakı fəaliyyəti uğursuz olub. Qarabağda da bir nəticə əldə edə bilməyib. Bu da təsadüfi deyildi, çünki artıq bu dövrdə Qarabağda Pənahəli xanın hakimiyyəti altında güclü Azərbaycan xanlığı formalaşmışdı. 
Erməni-qriqorian kilsəsi də onların fəaliyyətinə dəstək verməmişdi. Belə ki, İosif Eminin planı erməni katalikosu Simeon tərəfindən etirazla qarşılanmışdı. Ona görə də gürcü çarı II İrakli demişdi ki, Emin ağa, mən nə edə bilərəm. Sizin öz katolikosunuz bütün yepiskop və monarxlarla sizə qarşıdır; mənim təbəələrimin rəhmdil hissəsi onlara peyğəmbər və həvari kimi baxır, əgər mən onun nə düşündüyünə fikir vermədən sizinlə birgə hərəkət etsəm məni sultandan fərqli olmayan xristian hesab edəcəklər. [Иоаннисиян А.Р. Иосиф Эмин. Ереван: Изд. Арм.ССР, 1989] Avantürası baş tutmayan İosif Emin 1770-ci ildə Hindistana dönüb.
Ermənilərin Hindistan koloniyasının digər üzvləri Baqramyan və Şaamiryan da erməni iddialarına digər rakursdan yanaşsa da mahiyyət eyni idi. Baqramyanın 1773-cü ildə “Nəsihətlər adlanan yeni kitab”ı çap olunmuşdu. Bu kitab 1776-cı ildə ixtisarla rus dilində də çıxıb. Burada erməni tarixindən, onun dövlətindən bəhs edib, onun süqutunun günahını çarlar və knyazlarda görüb və s. Bu kitab katalikos Simeon (1763-1780) tərəfindən lənətləndirilmişdi. 
Şaamiryan da Hindistan təbiətinin təsiri altında yaradılması nəzərdə tutulan erməni dövlətinə nağılvari quruluş “düzəltməklə” məşğul idi. O, özünün və Mədrəs dərnəyinin fikirlərini “Şöhrətpərəstliyin duzağı” (1773) və onun ikinci hissəsi olan “Ermənistan konstitusiyası”nda ifadə etmişdi. Kitab hər iki hissədə 1788-ci ildə çap olunmuşdu. Yuxarıda iqtibas etdiyimiz erməni müəllifi yazır ki, o, Arsaxın (Qarabağın) beş məlikliyinin ərazisində bütün Ermənistanın azad edilməsi perspektivi ilə milli dövlət yaratmağı arzulayırdı. [Авакян Р.О., с.41]
Rusiya koloniyalarında meydana gələn ilk layihələrdən biri Həştərxandakı ipək fabrikinin sahibi Movses Sarafyana məxsus idi. Onun 1769-cu ildə Rusiya hökumətinə təqdim edilmiş layihəsində də Rusiyanın himayəsində erməni dövləti yaradılması irəli sürülürdü. Ermənilərin Moskva koloniyasından İvan Lazarev (1735--1801) və Rusiyadakı erməni yeparxiyasının rəhbəri İosif Arqutinski (1743--1801) də bu sırada yer tutur. 1780-ci ildə Rusiya hakim dairələrinin iştirakı ilə keçirilən Peterburq müşavirəsində onlar erməni dövlətinin  İrəvan mərkəz olmaqla “bərpasını” təklif edirdi. 
1780-ci illərin əvvəllərində Rusiya və Hindistan koloniyalarında erməni-rus müqaviləsinin mətnləri meydana gəldi. Hər iki koloniya da erməni dövlətinin Rusiya vasitəsi ilə “bərpasını” nəzərdə tutsa da onun dövlət quruluşunu fərqli görürdü.  Rusiya ermənilərinin baxışları  “Şimal proqramı” kimi də təqdim edilir ki, burada erməni dövləti monarxiya şəklində olmalı idi və s. Hindistan ermənilərinin “Cənub proqramı” adlanan baxışlarında isə dövlət quruluşu kimi respublika müəyyən edilirdi. 
Avantürist cərəyana aid layihələrin məzmunundan mahiyyətinə keçsək aşağıdakılar aydın olar: birinci,  bu adamların təqdim etdiyi layihələrin heç biri “Şərqi Ermənistan” adlandırılan Azərbaycan torpaqlarında meydana gəlməyib, dövrün erməni koloniyalarında formalaşıb;  ikinci, bu layihələr yerlərdəki əhali içərisində dəstək tapmayıb. Buna görə də onun sosial-siyasi bazasını gücləndirmək üçün Baqrationilərin başçılığı ilə ermən-gürcü federasiyası təklif olunub. Gürcülər bu fikrə ilıq yanaşsalar da, yerlərdəki ermənilərin özləri tərəfindən müqavimətlə qarşlanıb; üçüncü, layihə müəllifləri bilərəkdən yerli qüvvələr haqqında fantastik rəqəmlər uydurublar, halbuki real halda onlar istənilən dövlətin yaradılması üçün kifayət edə bilərdi. Özləri isə buna inanmadığından lap əvvəldən xarici dəstəyə ümid edib. Avropa monarxlarına olan müraciətlər cavabsız qaldıqda, Rusiyaya üz tutulub. 
Sonrakı tarixi təcrübə göstərdi ki, Rusiya orientasiyası da yeganə istiqamət olmayıb və ermənilər, şəraitə uyğun digər dövlətlərdən də öz məqsədlərinə uyğun istifadə etməyə çalışıblar; dördüncü, xarici amil, xüsusilə Rusiya orientasiyasında ümumi mövqeyə malik olan bu layihələr, “Şimal” və “Cənub proqramı” olmaqla daxili ziddiyyətlərə malik idi; beşinci, bu layihələrdə yaradılması nəzərdə tutulan dövlətin mərkəzi haqqında da vahid fikir yox idi.
Ermənilərin Rusiya orientasiyası nəticəsiz qalmadı. Rusiyanın da ermənilərlə siyasi yaxınlaşması genişləndi. Rusiyanın Qafqaz, ümumən Şərq siyasətində ermənilərdən bir vasitə kimi istifadə edilməsi xarici siyasətdə prioritetlərdən birinə çevrildi. Çar I Pyotr, sonra isə II Yekaterina dövründə Rusiyada ermənilərin təşkilatlandırılması dövlət siyasəti oldu. Azərbaycan torpaqlarının alternativ fikir olmadan erməni torpaqları kimi təqdim edilməsi də Rusiyanın siyasi dairələrində təsirini göstərdi. 
Rusiya praktik addımlar atmaq üçün tədbirlər gördü. Yalnız siyasi dəyişikliklər üzündən 1783-cü ildə Kartli--Kaxet çarlığı ilə bağlanan Georgiyevsk müqaviləsindən sonra Rusiyanın Azərbaycan torpaqlarına təşkil edilməsi nəzərdə tutulan yürüşü baş tutmadı. V.Zubovun 1796-cı ildəki yürüşü isə uğurla başladı, lakin yeni hakimiyyətə gələn  rus çarı I Pavel tərəfindən dayandırıldı.
Rusiyanın XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarını işğalı ilə burada erməni dövlətinin yaradılması ideyası yeni mərhələyə keçdi. Bu şəraitdə ermənilərin və Rusiyanın mövqelərindəki əvvəlki ümumiliklə eyni zamanda,  yeni nüanslar da yarandı.
(ardı var)

 

Kərim ŞÜKÜROV, 
tarix üzrə elmlər doktoru, professor 
Dövlət mükafatı laureatı

23 2019 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə