Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının fərmanı sahibkarların və Sahibkarlığın İnkişafı Fondunun problemlərini həll edəcək

Dövlət başçısının fərmanı sahibkarların və Sahibkarlığın İnkişafı Fondunun problemlərini həll edəcək

“Mətanət A” şirkətinin Sahibkarlığın İnkişafı Fondunun krediti hesabına maliyyələşən və  “Dəmirbank”ASC-nin lisenziyasının ləğvinə görə tikintisi yubanan yeni istehsal layihələri, nəhayət ki, yaxın zamanda tamamlanacaq və regionlarımızda yeni iş yerləri açılacaq.


 

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının həcminin artırılması ölkəmizdə son illər həyata keçirilən iqtisadi siyasətin əsasını təşkil edir. Bu uğurlu siyasətin nəticəsi olaraq son 15 ildə qeyri-neft sektorunda  3 dəfəyə yaxın artım qeydə alınıb. Müasir dövrün çağırışlarına uyğun olaraq son vaxtlar ölkəmizin daha da inkişafına yönələn  ciddi islahatlar həyata keçirilir. Sahibkarlar Günü ərəfəsində ölkəmizin aparıcı sahibkarlıq nümunələrindən biri olan “Mətanət-A” şirkətinə son dövrün mühüm islahatlarının sahibkarlığın inkişafına və yeni istehsal sahələrinin yaradılmasına təsirinin dəyərləndirilməsi ilə bağlı müraciət etdik. Şirkətin İnvestisiya Layihələri üzrə vitse-prezidenti Mayis Qasımov suallarımızı cavablandırdı. 

 

– İlk sualımız təbii ki, bu islahatlarla bağlı olacaq. Necə düşünürsünüz, son dövrün islahatları iqtisadiyyatımızın inkişafına nə kimi töhfələr verəcək?

– Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar ölkəmizdə sahibkarlığın inkişafında yeni bir səhifə açıb. Azərbaycanda özəl sektorun, sahibkarlığın inkişafı dövlət başçısının əsas prioritetlərindəndir. Biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması istiqamətində qəbul edilən önəmli qərarlar ölkəmizdə sahibkarlığın cəlbediciliyini artırıb. Sahibkarlıq sahəsində lisenziya və icazələr sisteminin təkmilləşdirilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların 2021-ci ilədək dayandırılması, investisiyaların və ixracın təşviqi, vergi, gömrük sahəsində islahatlar və digər tədbirlər son illərdə sahibkarlığın inkişafına çox böyük dəstək olub. Həyata keçirilən islahatlar ölkəmizin inkişaf etdirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəlib.

– Mayis müəllim, geridə qoyduğumuz il “Mətanət A” şirkəti üçün hansı uğurlarla yadda qaldı?

– “Mətanət A” şirkəti ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəstəyi ilə ölkəmizdə çoxsaylı istehsal sahələri, yeni iş yerləri yaradıb, öz məqsədyönlü fəaliyyəti ilə ölkə iqtisadiyyatının inkişafına töhfələr verib, dövlətimizin regional və qlobal səviyyədə rəqabətədavamlı və uğurlu sahibkarlıq nümunələrindən birinə çevrilib.

Cənab Prezident  “Mətanət A” şirkətinin “Ağdağ” müasir gips zavodunun açılışında çıxışı zamanı sərhədyanı ərazilərdə istehsal obyektlərinin tikilməsi zərurətini vurğulamışdı. Biz bu tövsiyəni rəhbər tutaraq artıq Qazax rayonunun Daşsalahlı kəndində dünyanın ən innovativ texnologiyalarına əsaslanan Qazax əhəng zavodunun tikintisini başa çatdırdıq. Zavodun yaxın zamanda dövlət başçısının iştirakı ilə açılışı gözlənilir.

– Bu zavodun dünyadakı ən son innovativ texnologiyaya əsaslandığını bilirik.  Onun tikintisində dövlətin güzəştli kreditlərindən yararlandınızmı?

– Qeyd etdiyim kimi, dövlətin dəstəyini hər zaman hiss etmişik.  Qazax əhəng zavodunun tikintisi və avadanlıqların alınması üçün “Mətanət A” şirkətinin öz vəsaitindən əlavə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən də kredit ayrılıb, kredit müvəkkil bank olaraq “DəmirBank” ASC vasitəsilə verilib.

– “DəmirBank” ASC-nin lisenziyasının ləğv edilməsi bu məsələ ilə bağlı çətinlik yaratdımı?

– Bəli, yaratdı. “DəmirBank” ASC-nin bank lisenziyasının ləğvi səbəbindən Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kredit də daxil olmaqla Kredit Portfelinin sağlam banka köçürülməsi ilə əlaqadar problemlər yarandı ki, bu da şirkətimizin gələcək layihələrinin icrasını şübhə altına qoyurdu. Lakin Prezidentin müvafiq fərmanı bu problemimizin həllinə kömək oldu. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 31 iyul  2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu”nun (SİF) vəsaitindən istifadə Qaydası”nın 3.6 bəndinə əsasən, Fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirilməsi üçün məhkəməyə müraciət etmək səlahiyyəti Sahibkarlığın İnkişafı Fonduna verildi. Bu səlahiyyətindən istifadə edərək, Sahibkarlığın İnkişafı Fondu məhkəməyə müraciət etdi. Məhkəmə  Azərbaycan Respublikası Prezidentinin bu fərmanını əsas götürərək kredit portfelimizin tam həcmdə “Dəmirbank” ASC-dən “Paşabank” ASC-yə köçürülməsinə dair ədalətli qərar qəbul etdi.

Sözügedən fərman, həmçinin hər zaman özəl sektorun, sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşan möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin bu sahayə verdiyi önəmin göstəricisi idi. Bu fərmanla, həmçinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin də qorunması təmin olundu. Cənab Prezident çıxışlarında dəfələrə bəyan edib ki, sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir və hər bir dövlət qurumu sahibkarlığın inkişafına dəstək göstərməlidir. İnanırıq ki, “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu da dövlət başçımızın fərmanını əsas tutaraq çıxarılan bu  məhkəmə qərarının icrasını təmin edəcək, kredit portfelimizi tam həcmdə “Paşabank” ASC-yə köçürəcək, bununla da şirkətimiz tərəfindən həyata keçiriləcək yeni istehsal layihələrinin icrasına maneələr aradan qalxmış olacaq, regionlarda yeni iş yerləri açılacaq və son  nəticədə  Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri səmərəli şəkildə yenidən sahibkarlığın inkişafına yönələcəkdir.

– Bu məhkəmə qərarının icrası nə qədər vaxt aparacaq?

– Möhtərəm Prezident İlham Əliyevin sahibkarlığın inkişafı siyasəti bütün dövlət qurumları tərəfindən davamlı olaraq dəstəklənir. Hesab edirik ki,  sözügedən qurum da dövlət başçımızın iqtisadi sahədə siyasətinə öz töhfəsini verəcək.

– Mayis müəllim, 2019-cu ildən gözləntiləriniz necədir? Ümumiyyətlə, şirkətin yaxın perspektiv üçün nə kimi planları var?

– Yuxarıda qeyd etdiyim kimi, müəyyən problemlər layihələrimizin icrasını ləngidirdi. İnanırıq ki, bu problemimiz də uğurlu həllini tapacaq və biz də iqtisadiyyatımızın inkişafına töhfə verməkdə davam edəcəyik. “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu tərəfindən kredit portfeli tam həcmdə “Paşabank” ASC-yə köçürüldükdən sonra biz ilk növbədə Mineral Yun Zavodunun tikintisini başa çatdıracağıq. “Mətanət A” şirkəti olaraq bundan başqa 2019-cu ildə Zənginləşdirilmiş Kvars Qum zavodu layihəsini və digər yeni layihələrin icrasını başa çatdırmaqla istehsal sahələrini genişləndirmək və yeni iş yerləri yaratmaq əsas hədəflərimizdəndir.

– Sabah ölkəmizdə Sahibkarlar Günü qeyd olunacaq. Bu əlamətdar günlə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

– Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Sahibkarlar Gününün təsis edilməsi dövlət  başçısının sahibkarlığa, özəl sektora verdiyi yüksək dəstəyin ifadəsidir. Mən bütün sahibkarları Sahibkarlar Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizin inkişafı istiqamətində işlərində uğurlar arzulayıram.

“Xalq qəzeti”

 

 

 

23 2019 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə