Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Oş – Türk dünyasının mədəniyyət paytaxtı”

 “Oş – Türk dünyasının mədəniyyət paytaxtı”

Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanı bu tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.Bu  barədə  Mədəniyyət Nazirliyinin mətbuat  xidməti məlumat yayıb.

Açılış mərasimindən əvvəl Qırğızıstanın Oş şəhərinin meri Taalaybek Sarıbaşov şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün buraya gələn xarici qonaqlarla görüşüb. Görüşdə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb.
Sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Azərbaycanın mədəniyyət nazirinin müavini Rafiq Bayramov Türkiyə və Qazaxıstanın mədəniyyət nazirlərinin müavinləri Əhməd Xaluk Dursun və Eldos Ramazanov, Özbəkistan, Türkmənistan və digər ölkələrin nümayəndələri Oşun "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi münasibətilə təbriklərini çatdırıblar.
Açılış mərasimində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov mərasimdə çıxış edərək ölkəsində yaşayan xalqları təbrik edib, qədim Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasından qürur duyduğunu bildirib. Prezident bu qədim şəhərin tarixi abidələri və tanınmış şəxsiyyətləri haqqında danışıb. Dövlət başçısı deyib ki, bu bayrama Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Serbiya, Bosniya və Herseqovina, Makedoniya və digər ölkələrdən incəsənət ustaları qatılıblar.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Oş şəhərinin üç min ildən artıq yaşı var və Böyük İpək Yolu üzərində yerləşdiyindən onun zəngin mədəniyyəti və ənənələri formalaşıb.
Tədbirdə  TÜRKSOY-un üzvü olan və digər ölkələrin incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim olunub.
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində tədbirlər davam edib. Sözügedən layihə çərçivəsində türk dövlətlərinin etnofestivalı keçirilib. Festivalda Oş vilayətinin bütün rayonları öz adət-ənənələrini, mətbəx nümunələrini, geyimlərini və musiqilərini təqdim ediblər. “Manas” dan parçalar söyləyiblər. Həmçinin iştirakçı ölkələrin də musiqiləri səsləndirilib.

M.MEHDİYEV, “Xalq qəzeti”

23 2019 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə