Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tripoli ətrafında döyüşlər qızışır

Tripoli ətrafında döyüşlər qızışır

Dünən paytaxt Tripoli şəhəri ətrafında Faiz Saracın başçılıq etdiyi Milli Həmrəylik Hökumətinin hərbi birləşmələri ilə qiyamçı Liviya Milli Ordusunun qüvvələri arasında kəskin döyüşlər baş verib. Bu barədə yerli mənbələrə istinadən “Euronews” agentliyi məlumat yayıb. 

Tərəflər bir-birini əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə uzaqvuran toplardan atəş açmaqda günahlandırırlar. Hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu il aprel ayının 4-dən başlanan silahlı münaqişədə 254 insan həlak olub, 1,2 mindən çox sakin müxtəlif dərəcəli xəsarətlər alıb. 
Son günlər Liviya paytaxtını tərk etməyə vadar olan ailələrin sayı sürətlə artır. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığından mediaya bildiriblər ki, Tripolinin 32 min sakini daimi yaşayış yerindən qaçaraq məcburi köçkünə çevrilib. 
Bu arada Tripolidə baş nazir Saracın tərəfdarları feldmarşal Xəlifə Həftərin hərəkətlərinə qarşı etiraz nümayişi keçiriblər. Tədbir iştirakçıları, eyni zamanda Misir Prezidenti Əbdül-Fəttah əs-Sisinin əleyhinə şüarlar səsləndiriblər. Misirin dövlət başçısı Həftəri dəstəkləməkdə günahlandırılır.
Bazar ertəsi Faiz Sarac “Mond” qəzetinə müsahibəsində isə Fransa Prezidenti Emmanuel Makronu Liviyanın legitim hökumətinə lazımi dəstək verməməkdə suçlayıb. 

M.HACIXANLI, “Xalq qəzeti”

 

23 2019 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə