Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlıda bu il süni mayalanma yolu ilə 975 baş buzov alınıb

Saatlıda bu il süni mayalanma yolu ilə 975 baş buzov alınıb

Saatlıda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.

Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonda 11 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılmış 1380 inəkdən cari ilin 3 ayında 975 baş buzov alınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 150 baş çoxdur.

Əhmədbəyli kənd heyvandarlıq təsərrüfatının rəhbəri Aydın İbadovun dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.

Onu da qeyd edək ki, süni mayalanma yolu ilə alınan buzovlara görə ötən ilin birinci rübündə maldarlara 97 min 500 manat subsidiya ödənilib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

23 2019 16:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə