Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU, BP və “British Council-ın Azərbaycandakı ofisi” arasında üçtərəfli niyyət məktubu imzalanıb

ADNSU, BP və “British Council-ın Azərbaycandakı ofisi” arasında üçtərəfli niyyət məktubu imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) British Petrolium Exploration (BP) və “British Council-ın Azərbaycandakı ofisi” arasında universitetin 90 nəfər müəlliminə və 200 tələbəsinə intensiv ingilis dili təlimi keçirilməsinə dair sənədin imzalanma mərasimi keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Təhsil Nazirliyinin nümayəndəsi, “British Council-ın Azərbaycandakı ofisi”nin direktoru Samr Şah, BP-nin tərəfdaşı olan şirkətlərin nümayəndələri, universitetin professor-müəllim heyəti iştirak edib.

ADNSU-nun rektoru, professor M.Babanlı qonaqları salamladıqdan sonra imzalanacaq sənədin əhəmiyyəti barədə məlumat verib. O ali təhsilin keyfiyyətinin yüksəldilməsi işində qaqbaqcıl dünya təcrübəsinin öyrənilməsinin önəmini qeyd edərək bunun üçün professor-müəllim heyətinin və tələbələrin, xüsusilə ingilis bölməsində tədris aparan əməkdaşların və təhsil alan gənclərin ingilis dilinə yüksək səviyyədə yiyələnmələrinin vacibliyini vurğulayıb. ADNSU-nun bununla bağlı hazırladığı təklif layihəsinə müsbət münasibət bildirməsinə və qısa müddət ərzində ona maliyyə vəsaiti ayırdığına və təşkilati işləri həll etdiyinə görə BP şirkətinə təşəkkürünü ifadə edən rektor M.Babanlı bunun sayəsində texniki fənlərin ingilis dilində tədrisinə böyük töhfə verəcəyini bildirib. BP-nin ingilis dilinin tədrisini həyata keçirəcək tərəfdaşın seçilməsi məsələsini ADNSU-nun ixtiyarına buraxdığını qeyd edən rektor M.Babanlı universitetin artıq səmərəli əməkdaşlıq təcrübəsi olduğu “British Council-ın Azərbaycandakı ofisi”nin partnyor olaraq seçildiyini söyləyib.

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin ölkənin aparıcı təhsil layihələrində iştiraka xüsusi diqqət yetirdiyidini deyib. ADNSU kimi aparıcı universitetlərdə texniki sahədə ingilis dilinin tədrisinin əhəmiyyətindən söz açan B.Aslanbəyli yeni layihənin əsas məqsədinin təkcə tələbələrə ingilis dili vərdişlərini aşılamaq deyil, eyni zamanda texniki sahədə tədrisdə ingilis dilinin yaxşılaşdırılmasına şərait yaratmaq olduğunu deyib. Bununla da ADNSU-da ingilis bölmələri ilə yanaşı Azərbaycan bölmələrində də texniki ingilis dilinin tədrisinin nəzərdə tutulduğunu deyən B.Aslanbəyli hazırki ADNSU tələbələrinin də gələcəkdə BP-nin potensial əməkdaşları kimi nəzərdən keçirildiklərini söyləyib və buna görə də onların yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsi işini dəstəklədiklərini vurğulayıb.

“British Council-ın Azərbaycandakı ofisi”nin direktoru Samr Şah ADNSU ilə artıq neçə ildir ki, əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək belə bir irimiqyaslı layihədə universitetlə və BP ilə birlikdə iştirak etməkdən məmnun olduqlarını bildirib. Layihənin əsas məqsədəinin ADNSU-da texniki və işgüzar ingils dili üzrə ixtisaslaşmış müəllimlərin formalaşdırılması olduğunu qeyd edən Samr Şah 11 aylıq layihənin 90 nəfər müəllimi və 200 tələbəni əhatə edəcəyini bildirib. Layihənin “British Council-ın Azərbaycandakı ofisi”nin təcrübəsində bir ilk olduğunu vurğulayan Samr Şah onlar üçün də bu layihənin yaxşı və əhəmiyyətli təcrübə olacağını vurğulayıb.

Daha sonra tərəflər arasında niyyət məktubu imzalanıb.

Qeyd edək ki, müqaviləyə əsasən təlimlərə mayın 1-dən start verilməsi nəzərdə tutulub. İyul-avqust ayları istisna olmaqla (müəllimlər məzuniyyətdə olduqları üçün təlimlər onlayn şəkildə həftəlik dərs tapşırıqlarının verilməsi formasında həyata keçiriləcək) həftədə 3 dəfə, 2 tədris saatı olmaqla dekabrın 31-dək davam edəcək. British Council Aptis testindən istifadə edərək bütün müəllimləri testdən keçirəcək. Aptis üzrə ən yüksək bal toplamış 15 ingilis dili müəllimi (ən aşağı B2 və daha yüksək) ingilis dili təlimçisi kimi seçiləcək. “British Council-ın Azərbaycandakı ofisi”nin mütəxəssisləri ADNSU-nun 15 müəlliminə təlim keçəcək və onlar da öz növbəsində ikinci semestr ərzində 200 tələbəyə təlim keçəcəklər. Layihə “British Council-ın Azərbaycandakı ofisi” tərəfindən idarə olunduğundan bu müəllimlərin məvacibi Universitet tərəfindən deyil, “British Council-ın Azərbaycandakı ofisi” tərəfindən birbaşa müəllimlərə ödəniləcək.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti 

23 2019 14:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə