Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərazi bütövlüyümüz danışıqlar mövzusu olmayacaq

Ərazi bütövlüyümüz danışıqlar mövzusu olmayacaq

Biz bir müddət öncə Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas strateji müttəfiqi olması ilə bağlı konfrans keçirmişdik. Bu, hər iki prezidentin razılığı ilə müəyyən olunan yanaşma idi. Özü də həmin konfrans Qarabağda keçirildi. Məkan seçiminin də təbii, xüsusi anlamı vardı. Rusiya bununla açıq şəkildə Azərbaycanla yaxınlaşma istəyini bəyan edirdi.
Aleksandr Dugin,
rusiyalı politoloq


Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistan istisna olmaqla regionun bütün ölkələrini və inkişaf, tərəqqi arzusunda olan hər kəsi narahat edir. İrəvan rəsmiləri ona görə narahatlıq keçirmirlər ki, onlar münaqişənin yarandığı vaxtdan bəri ancaq vaxtı uzatmaqla məşğul olublar. Son zamanlar isə zaman münaqişə tərəflərinə yeni məzmun və mündəricəsi olan danışıqlara hazır olmağı diktə edir.


Fakt ondan ibarətdir ki, dünya ictimaiyyəti də, ATƏT-in Minsk qrupunun həmsədrləri də və hətta Ermənistana himayədarlıq edən bəzi siyasi dairələr də çalışırlar ki, bu münaqişə tezliklə öz həllini tapsın. Çünki Azərbaycan torpaqlarının işğal altında qalması davam etdikcə, region ölkələrinin hamısının iqtisadiyyatı əziyyət çəkir. Yəni zaman başqadır. 
Bu arqumentimizi əsaslandırmaq üçün bir məqamı yada salaq. Belə ki, Azərbaycan Ordusunun ­Aprel zəfərindən sonra Ermənistan rəhbərliyini danışıqlar masasına qayıtmağa məcbur etsək də, həmin il may ayının 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əlyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüş, demək olar ki, uğursuz nəticələnmişdi. Təbii ki, Ermənistan rəhbərliyinin ənənəvi “xəstəliyi2 üzündən. Hətta o günlər bəzi analitiklər öz yazılarının sərlövhəsini mütləq sual işarəsi ilə tamamlayırdılar: “Vyana ­danışıqları: ümid verən detal varmı?”
Xatırladaq ki, 2016-cı il Vyana danışıqlarından sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdi ki, atəşkəsə riayət olunarsa, Ermənistanın təxribat hərəkətləri olmazsa, Azərbaycan iyun ayında danışıqlar prosesinə başlaya bilər: “Bizcə, çox obyektiv və ədalətli mövqedir, özündə real humanizm mahiyyəti daşıyır. Bu, onu göstərir ki, Azərbaycan rəhbərliyi danışıqlara sona qədər səmimi münasibət göstərir, real nəticə verə biləcək heç bir sülh təşəbbüsünü geri çevirmir”. Ancaq Ermənistan rəhbərliyi atəşkəsə əməl edə bilmədi və nəticədə biz Günnüt əməliyyatını reallaşdırmağa məcbur olduq. 

Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla bu il martın 29-da keçirilən Vyana görüşündən sonra isə ölkə mətbuatında “Vyana danışıqları: ümidverici detallar istənilən qədərdir”, “Dövlət başçıları Vyanada müəyyən razılığa gələ bildilər” kimi arqumentlər yer almağa başlamışdır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündan sonra isə həmin ümidverici məqamlar daha çox nəzərə çarpdı. Xatırladaq ki, bu il aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.
Görüş zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə bu il martın 29-da Vyanada baş tutmuş Azərbaycan Respublikasının Prezidenti və Ermənistan respublikasının baş nazirinin görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.
Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər. Görüş iştirakçıları, eyni zamanda, yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar. Bundan başqa, müzakirələrin nəticəsi olaraq, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib. 
Vəssalam. Bununla da münaqişənin həllini istəməyən qüvvələrin kürkünə birə düşür və danışıqlar prosesinin daha da irəli getməsini əngəlləmək üçün ağıla gələn və gəlməyən min bir bəhanə ilə ortaya çıxırlar. Rusiyanın tanınmış politoloqu, Avrasiyaçılıq modelinin ideoloqlarından biri olan Aleksandr Duginin Azərbaycan mətbuatına verdiyi müsahibədə də məhz qaragüruhçuların son zamanlar Azərbaycan, Rusiya və Ermənistan mətbuatında qaldırdıqları vay-şivənə cavab verilir. 
 Aleksandr Dugin deyir ki, Rusiyanın dəstəklədiyi plan gerçəkləşsə, Qarabağ heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində ola biləcək. Kütləvi informasiya vasitələrində “Lavrov planı” kimi təqdim edilən layihənin aktiv müzakirə mərhələsində olduğunu deyən politoloq əlavə edir ki, Moskvada müzakirə edilən məsələlər tərəflərə bir neçə il öncə təklif olunub. Prezident Putinin də, Rusiya XİN-in başçısı Sergey Lavrovun da dəstəklədiyi plana görə, Ermənistan işğal etdiyi 7 rayondan 5-ni boşaldır, bundan sonra tamamilə yeni münasibətlər modeli yaradılır -- Ermənistanın iqtisadi inteqrasiyası təmin edilir və Qarabağın azərbaycanlı əhalisi yurdlarına dönür.
Rusiyanın bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, digər tərəfdən, Ermənistanla tərəfdaşlıq etdiyini xatırladan politoloq xüsusilə vurğulayır ki, bu gün sürətlə inkişaf edən Azərbaycan --Rusiya münasibətləri kontekstindən baxsaq, hərbi qarşıdurma Rusiya üçün də əlverişli deyil. Azərbaycan üçün durumun qəbuledilməzliyini söyləməyə gərək yoxdur. Qarşıdurma yaxın müddətdə yalnız Ermənistan üçün sərfəlidir, ancaq burada da perspektiv yoxdur. Çünki nə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini, nə “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini heç bir ölkə qəbul etməyəcək. Ermənistan nə Qərbdə, nə Şərqdə bunları qəbul edən bir ölkə tapa bilməyib, bilməyəcək də. 
Ermənistan rəhbərliyinin “gah nala, gah mıxa vurduğunu”, nəticədə heç nəyə nail ola bilmədiyini söyləyən Dugin Azərbaycan Prezidentinin mövqeyini yüksək qiymətləndirməyi vacib sayır: “ Azərbaycanla münasibətlərimiz daha məntiqli, daha ardıcıldır, Putin və Əliyev bir çox məsələlərdə ortaq mövqe sahibidirlər, ona görə yox ki, onlar şəxsi dostlardır, ona görə ki, məsələlərə rasional yanaşırlar. Əliyev deyir və edir, Putin deyir və edir... Beləliklə, tərəflər bir-birinə basqı göstərmədən məsələyə milli maraqlar naminə strateji yöndən yaxınlaşırlar”. 
Rusiyalı politoloqun toxunduğu başqa bir məsələ də xüsusilə əhəmiyyət kəsb edir. Dugin deyir: 
“…biz münaqişənin birmənalı dinc yolla nizamlanmasının tərəfdarıyıq və bunun üçün ən rahat variantın 5 rayonun qaytarılmasından keçdiyini düşünürük. Özü də biz bu məsələyə Ermənistanın güzəştə getməsi kimi baxmırıq. Qarşılıq olaraq Rusiya Azərbaycan və prosesə qoşulan Türkiyə ilə bərabər Ermənistana iqtisadi inteqrasiya üçün yardım edəcək. Blokadalar aradan qaldırılacaq, Türkiyə sərhədlərini açacaq, nizamlamaya regionun bütün dövlətləri dəstək verəcək, Ermənistanın regiondakı proseslərə aktiv şəkildə qoşulması təmin ediləcək. Çünki Ermənistan 5 rayonu qaytarmağın qarşılığında ciddi dividendlər gözləyir”.
Aleksandr Duginin söylədiyi fikirlərdən çıxan nəticə göz qabağındadır. Münaqişənin ədalətli şəkildə həll edilməsi istiqamətində ilk qətiyyətli addım Rusiya Federasiyası və müzakirələrə yeni qoşulmuş Türkiyə Cümhuriyyəti tərəfindən atılır. Cənab Duginin Rusiya siyasi elitasında tutduğu mövqe belə deməyə əsas verir ki, bu deyilənlər adi politoloq sözü yox, Rusiya dövlətinin mövqeyidir. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

23 2019 13:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə