Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial islahatların uğurları

Sosial islahatların uğurları

Prezident İlham Əliyevin 2019-cu il aprelin 15-də imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və ­Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını reallaşdırır. Həmin sənədlər dövlət başçısı tərəfindən əhalinin, xüsusilə həssas qruplara aid vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addımın bariz ifadəsidir. 

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 29 avqust tarixli fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 15 aprel tarixli fərmana əsasən aprelin 1-dən əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar”, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə aylıq müavinətin məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 110 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət isə 200 manata çatdırılıb.
Aylıq müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 150 manat, ailə başçısını itirməyə görə 80 manat (hər nəfər üçün), müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları üçün 100 manat (hər uşaq üçün), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün (himayəçilərinə) müavinət 100 manat, dəfn üçün birdəfəlik müavinət 300 manat müəyyənləşdirilib. 
İmzalanan digər bir fərmanla isə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manata (hər uşaq üçün) çatdırılıb.
Bu il aprelin 15-də imzalanan daha bir fərmanla indiyədək ­Prezident təqaüdü alan şəxslərin-ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlilliyi müəyyənləşdirilən şəxslərin sırasına 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan şəxslər də daxil edilib. Beləliklə, dövlət başçısının 15 aprel 2019-cu il tarixli müvafiq fərmanla sənədin əhatə etdiyi kateqoriyalardan olan I dərəcə əlilliyi olan şəxslərə 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə 210 manat müəyyənləşdirilib. 
Prezident İlham Əliyevin 2019-cu il aprelin 15-də imzaladığı digər bir fərmanla isə ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlil şəxslərə (əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası almasından asılı olmayaraq) Prezidentin aylıq təqaüdü kimi 100 manat təqaüdün verilməsi nəzərdə tutulub.
Beləliklə, müvafiq sənəd bir tərəfdən göstərilən kateqoriyalardan olan I qrup əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün artırılaraq 100 manata çatdırılmasını, digər tərəfdən, həmin təqaüdün əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödənilməsini (bu vaxta qədər yalnız aylıq sosial müavinət alan I qrup əlilliyi olan şəxslərə ödənilirdi) təmin edir.
Ümumiyyətlə, ölkə rəhbərinin 2019-cu il aprelin 15-də imzaladığı sərəncam və fərmanlar 600 minədək şəxsin, o cümlədən 300 min əlilliyi olan şəxsin sosial müavinətlərinin, Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını, eyni zamanda, bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdlərinin təsis edilməsilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsini nəzərdə tutub.
Yeri gəlmişkən, xatırladım ki, qeyd edilən məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq.
Bütün bu addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiqləyir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

 

Rəfail ALLAHVERDİYEV,
iqtisad üzrə fəlsəfə doktoru

 

23 2019 13:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə