Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin qətiyyəti – cəmiyyətin dəstəyi

Prezidentin qətiyyəti – cəmiyyətin dəstəyi

Hər bir dövlətin və cəmiyyətin həyatında, onun inkişafında ən vacib amillərdən biri məhz ən yüksək pillədə kimin durmasıdır. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahələrdə apardığı işlərin nəticələrinə görə, insanların müəyyən rəyləri formalaşır. Məhz bunun nəticəsidir ki, bir il bundan əvvəl, seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq, yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. 

2003-cü ildən hakimiyyətdə olan cənab İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasəti dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsini istəməyənlər də vardır. Bu qüvvələr həm daxildə, həm də xaricdə fəaliyyət göstərirlər. 
Müstəqil Azərbaycan üçün dövlətçiliyin güclənməsi vacib idi. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Çünki bu proseslərdə dünya güclərinin, müxtəlif siyasi qrupların, elitaların rəyləri də vacibdir. Regional layihələrin reallaşmasında qlobal oyunçuların və ayrı-ayrı maraq lobbilərinin apardıqları təsir, təzyiq və maneə imkanlarını xüsusilə vurğulamaq lazımdır. Belə layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir. Təsadufi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə baş tutan Bakı – Tbilisi – Qars, Şimal – Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən, dünya erməniləri tərəfindən ciddi qısqanclıqla qarşılanır. Həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, buna müyəssər olmayıblar. 
Görülən işlərin nəticəsidir ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.
Eyni zamanda, hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq siyasi kurs aparmaq çox vacibdir. Son zamanlar dünyadakı siyasi proseslər baxımından, demək olar ki, bütün bölgələr üçün həyəcanlı keçir. Rusiya – ABŞ münasibətlərinin pik həddədək pisləşməsi, Suriyada davam edən münaqişə, Ukraynada və ümumiyyətlə, bütün Avropada gedən proseslərdə Vaşinqton və Moskvanın maraqlarının toqquşması, Çinlə ABŞ arasında soyuq – iqtisadi müharibə, Trampın İranla bağlı sanksiyalara start verməsi, qardaş Türkiyənin milli maraqları uğrunda apardığı mübarizəsi, Qara dənizdə faktiki olaraq Rusiya və NATO hərbçilərinin üz-üzə gəlməsi, Rusiya və ABŞ arasında faktiki olaraq orta və yaxınmənzilli raketlərlə bağlı müqavilədən imtina və başqa amilləri buna misal göstərə bilərik. Bununla yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı dövləti Fransada “sarı jiletlilər” aksiyası bir daha sübut etdi ki, Paris kimi zəif olmayan beynəlxalq aktorlar belə, xarici və daxili siyasi davranışlarını yüz ölçüb, bir biçməlidirlər. Göründüyü kimi, regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi heç də asan deyil. 
ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Aİ kimi dövlətlərin maraqlarının toqquşduğu Azərbaycanda sabit siyasət yürütmək, ölkəni regionun çox vacib beynəlxalq aktoruna çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müyəssər olmur. Bu gün Ukraynada, Suriyada, Liviyada və bizə yaxın və uzaq olan digər dövlətlərdəki ağır ideoloji, daxili, xarici vəziyyət göz qabağındadır. 
Son bir il ərzində, Azərbaycan diplomatiyası informasiya müharibəsi şəraitində həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoyub. İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyi buna misaldır. Eyni zamanda, 2018-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlığın prioritetləri” adlı sənəd imzalanıb ki, orada Azərbaycanın ərazi bütövlüyünə hörmət öz əksini tapıb.
İlin sonlarına yaxın NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının obyektiv mövqeyinə dəstək verilməsi heç də asanlıqla mümkün olmayıb. İllər əvvəl regiona və münaqişəyə dair tamam başqa fikirdə olan müxtəlif beynəlxalq aktorlar Bakının apardığı ifşa siyasəti nəticəsində həqiqəti biliblər. Onilliklər ərzində “yazıq erməni” obrazı ilə dünya arenasında mövcud olan erməni imicinə bu gün Azərbaycan tərəfindən ciddi zərbə vurulub. Artıq dünya Ermənistanı və erməniləri əzilən, məzlum tərəf kimi deyil, işğalçı kimi tanıyır.
Təsadüfi deyil ki, bu gün Paşinyan Qərbdə ciddi fiqur kimi qəbul edilmir və onun münaqişəyə dair bəyanatları ötən ay Avropa İttifaqının aparıcı nümayəndələri və ABŞ rəsmiləri tərəfindən ciddi təpki ilə qarşılanmışdır. 
Eyni zamanda, hər bir dövlətin inkişafında siyasi liderin, hakimiyyətin apardığı daxili siyasət olduqca vacibdir. Xalqın rifahı, gücü, həm də ölkə daxilində olan sosial – siyasi vəziyyətdən, milli xüsusiyyətləri qoruyan mühitdən asılıdır. Son illər dünyada yeni iqtisadi və siyasi idarəçilik modellərinin tətbiq edilməsinin şahidiyik. Təbii ki, siyasi və iqtisadi proseslər daim dəyişməkdədir. Belə olan təqdirdə hər bir siyasi hakimiyyət qarşısında idarəetmədə effektivlik ön plana çıxmaqdadır. İnnovativ idarəçilik, çevik iqtisadi və sosial siyasət tələbi dünyada cərəyan edən böhranlar zamanı xüsusilə böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə ötən il keçirilən prezident seçkiləri yeni institusional islahatlar üçün impuls rolunu oynadı. 2019-cu ilin əvvəlindən biz, Azərbaycanda bütün sahələrdə baş verən yeniliklərin, islahatların şahidi olmaqdayıq. Bura idarəetmə, vergi, aqrar, sosial, məhkəmə sahələrindəki islahatları da aid edə bilərik. 
Qısa zaman kəsiyində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı və şəhid ailələrinə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, maaşların, o cümlədən minimum əmək haqlarının artırılması istiqamətində atılan addımlar buna bariz nümunədir. Prezident tərəfindən son dövrlərdə imzalanan fərman və sərəncamlardan cəmiyyətin bütün sosial kateqoriyalarından olan vətəndaşlar yararlana bildilər. Bu günlərdə əhalinin aztəminatlı kateqoriyası hesab edilən qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı imzalanan Prezident sərəncamı da həmin təbəqədən olan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən 50 faiz artırılması ilə yadda qaldı. Bütün bu addımlar Prezident tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. 
Təbii ki, bu istiqamətlərdən biri də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların yeni yaşayış yerləri ilə təmin olunmasıdır. Bildiyimiz kimi, Azərbaycan bəlkə də dünyanın ən çox məcburi köçkünə sahib olan ölkəsidir. 1990-cı illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəticəsində xalqımız bir çox çətinliklərlə üzləşmişdir. Lakin, dövlətin məqsədyönlü siyasəti və uğurlu addımları nəticəsində onların problemləri lazımi səviyyədə öz həllini tapdı. Təbii ki, məcburi köçkünlərə dövlət qayğısı hər zaman Azərbaycanın daxili siyasətinin ən mühüm məsələlərindən biridir. Prezident İlham Əliyev siyasətinin ən böyük fəlsəfəsi ondan ibarətdir ki, o, Azərbaycanın hər bir vətəndaşının Prezidentidir. Biz hər zaman onun bütün sosial qruplara qarşı eyni qaydada qayğısını görür və müşahidə edirik. 
Eyni zamanda, bu ilin fevral ayında ölkə başçısının problemli kreditlərlə bağlı imzaladığı fərman təqdirəlayiqdir. İllərdir ki, problemli kreditlər vətəndaşları narahat edən əsas məsələlərdən biri idi. Qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmiş, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artmış, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalmışdı. Lakin son dövrdə respublikamızda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Problemin optimal həlli yollarını tapmaq, bu məsələnin əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırılması məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunmuş, Azərbaycan Prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparmış və təkliflər hazırlamışdır. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilmiş, müxtəlif təkliflər irəli sürülmüşdür. Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifahını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır.
 İslahatların effektiv şəkildə keçirilməsi üçün vergi sahəsindəki reformalar da çox vacib idi. Əhalinin güzəranının yaxşılaşdırılması, səmərəli sosial siyasət üçün vergi sahəsində şəffaflığı təmin edən islahatlara ehtiyac var idi. Vergi, gömrük sahəsindəki islahatların nəticəsi kimi büdcənin əlavə maliyyə resursları əldə etməsi, dövlətin sosial və digər sahələrdəki siyasətini daha da effektiv etməyə yönəlmişdir. 
Bu ilin ötən dövrü ərzində həllini tapan digər aktual problem – milyonları narahat edən “kupça”lar məsələsi olmuşdur. Prezidentin verdiyi mühüm qərarla çoxmənzilli binaların “kupça” probleminə son qoyulmuşdur.
Həmçinin, son aylar ərzində idarəetmədə baş verən struktur islahatlarını da qeyd etmək xüsusilə vacibdir. Ölkəmiz regionun aparıcı dövləti kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və siyasi –iqtisadi proseslərə adekvat cavab verən uyğunluğu təmin etməkdir. Struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökumət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. 
Sözsüz ki, həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və bu, davamlı hal alacaq. Eyni zamanda, həyata keçirilən islahatlar ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılmasına, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına, müxtəlif sosial kateqoriyalar olmaqla, ümumilikdə, Azərbaycan vətəndaşının daha firavan yaşamasına xidmət edəcək.
Bir-birini tamamlayan sistemli islahatlar ölkəmizin gələcək inkişafı üçün qaçılmaz idi. Sonda Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin 2003-cü ildən başlayaraq daha da inkişaf etdirdiyini qeyd edə bilərik. Bu illər ərzində daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Strateji siyasi xətt üzrə davam edən bu siyasət ölkəmizin, sözün həqiqi mənasında, tam olaraq müstəqil dövlət kimi varlığı üçün vacib idi. 

 

Zaur MƏMMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloq Klubunun rəhbəri 

 

23 2019 13:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə