Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” Forumu

SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” Forumu

Aprelin 22-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” Forumu işə başlayıb. Energetika naziri Pərviz Şahbazov forumun Xəzər və Mərkəzi Asiya adı altında keçirilməsinin Azərbaycanın enerji siyasətinin iki regionu uzunmüddətli layihələrlə bir-birinə bağladığının bariz nümunəsi olduğunu deyib.

Nazir bildirib ki, son dövrlərdə neftin qiymətinin geosiyasi proseslərdən asılılığı güclənib və neft riskli bir enerji resursuna çevrilib, bu isə neft ölkələrini bu riskləri azaltmaq üçün bazarın tənzimlənməsi kimi əlavə bir öhdəliklə yükləyib. 
“OPEC plus” formatında qəbul edilmiş qərarların neft bazarını tarazlaşdıran əsas mexanizm olduğunu bildirən nazir geosiyasi qeyri-sabitliyin qaldığı bir dövrdə neft ölkələri arasında əməkdaşlığın vacibliyini və Azərbaycanın bu əməkdaşlığın ilk təşəbbüskarı və neftin qiymətinin sabitləşdirilməsinin fəal tərəfdaşı olduğunu vurğulayıb: “Hazırda neftin qiyməti qənaətbəxşdir, dekabrdakı qərarın icra səviyyəsi aybaay yüksəlir. İyunda hasilatın azaldılması ilə bağlı yeni qərarın qəbulu isə bir sıra faktorlar və kommersiya ehtiyatlarından asılı olacaq”.
O, OPEC-ə üzv ölkələrlə, enerji sahəsində fəaliyyət göstərən bir çox şirkətlərlə yaradılan əməkdaşlıq imkanlarından da danışaraq Energetika Nazirliyinin 2019-2021-ci illərdə yanacaq-enerji balansı üzrə proqnozlarını diqqətə çatdırıb. Bildirib ki, ölkədə neft hasilatında sabitlik, təbii qaz istehsalı və ixracında isə artım gözlənilir: “Bu dövrdə də Azərbaycanın neft–qaz sənayesinin başlıca inkişaf mənbəyi rolunu “Azəri-Çıraq-Günəşli” yataqları və “Şahdəniz” yatağı oynayacaq. Bu il qaz hasilatında 19 faiz, ixracında isə 25 faiz artım, 2021-ci ildə qaz hasilatının 45 milyard kubmetrə çatacağı proqnozlaşdırılır”.
Qeyd edib ki, indiyədək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 104 milyard kubmetrdən çox təbii qaz hasil olunub. Yataqdan, həmçinin 25 milyon ton kondensat çıxarılıb.
Nazir, həmçinin Azərbaycanı emal məhsullarının istehsalı və ixracında aparıcı ölkəyə çevirmək, bu məhsullar hesabına ölkə iqtisadiyyatına mənfəət qazandırmaq məqsədilə emal sektorunda həyata keçirilən layihələrdən danışıb və ölkəmizin regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin neft-qaz və neft-kimya məhsullarının idxal-ixracı əməliyyatlarının daha sərfəli şərtlərlə aparılmasına geniş imkanlar yaratdığını qeyd edib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə vurğulayıb ki, indiyədək “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Belə ki, işlənmənin əvvəlindən bu günədək dünya bazarında Azərbaycanın payına düşən 279 milyon ton mənfəət nefti satılıb. İndiyədək AÇG yataqlarından 481,6 milyon ton neft hasil olunub. Bu vaxta kimi 506 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb və həmin həcmin 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məruzəsində qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 3,5 milyard barrel neft hasil olunub. AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dollarından çox sərmayə qoyulub. 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digərləri çıxış edərək bildiriblər ki, forum ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən neft strategiyasının işıqlandırılması üçün unikal platformadır. Qeyd olunub ki, forumun təşkili artıq ənənəvi hal alıb.
Qeyd edək ki, 2016-cı ildən hər il təşkil olunan forumda bu il 20-dən çox ölkədən 300-dək nümayəndə, o cümlədən Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika strukturlarının, həmçinin aparıcı yerli və beynəlxalq şirkətlərin top menecerləri, sahəsinin öndə gedən ekspertləri, analitiklər, diplomatik korpus nümayəndələri və digər çoxsaylı mütəxəssislər iştirak edirlər. İştirakçılar Azərbaycanın neft-qaz sənayesinin inkişafı, Xəzər regionu və Mərkəzi Asiyada neft və qaz bazarları, karbohidrogenlərin logistika və tranzit potensialı, başlıca ixrac marşrutları, xam neft və neft məhsullarının ticarət dövriyyəsi, neft emalı və neft-kimya müəssisələrinin modernləşdirilməsi, neft və qaz emalı sahəsində innovativ texnologiyalar və bir çox digər sahələrdə çoxsaylı məruzələr və ekspert rəyləri ilə tanış olmaq imkanı əldə edirlər. Forum iştirakçılarının “SOCAR Karbamid”, “SOCAR Methanol”, SOCAR Polymer” zavodlarına və Səngəçal neft terminalına səfərləri nəzərdə tutulub.  
Dörd gün davam edəcək forumda “Azərbaycanın neft-qaz sənayesinin inkişafı”, “Xəzər Region və Mərkəzi Asiya-Qlobal neft və qaz bazarının tərkib hissəsi”, “Azərbaycan və Transqafqaz regionunda karbohidrogenlərin logistika və tranzit potensialı”, “Xəzər regionunda qaz bazarının inkişafı”, “Xəzər və Mərkəzi Asiya regionunun başlıca ixrac marşrutları” və digər mövzularda müzakirələr aparılacaq.  

AZƏRTAC

 

23 2019 13:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə