Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı “Formula-1” əhvali-ruhiyyəsindədir

Bakı “Formula-1” əhvali-ruhiyyəsindədir

Paytaxtımız dünyada mötəbər idman yarışlarının keçirildiyi şəhər kimi tanınır və sevilir. Ölkəmizin sürətlə inkişafının və tərəqqisinin nəticəsidir ki, artıq şəhərimiz bizim üçün ənənəvi olmayan idman yarışlarına da evsahibliyi etməklə, bu sahəyə marağı olan azarkeşləri Azərbaycanda birləşdirir. İlk baxışda, adi görünən bu məqam, əslində, ölkəmizin idman nailiyyətləri, turizm potensialı baxımından tanıdılması, azarkeşlərin ölkəmizin idman uğurları ilə yanaşı, tərəqqisi, müasir həyat tərzi, mədəni irsi ilə tanışlığı baxımından da xüsusi əhəmiyyət kəsb edir. 

Bu baxımdan sürət rəmzi olan “Formula-1”-in artıq dördüncü dəfədir ki, ölkəmizdə keçirilməsi və bu mötəbər yarışa hazırlıq prosesləri xüsusi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, ilk baxışda sürət yarışının digər ölkələrdəki kimi yüksək səviyyədə keçirilməsinə, bu yarışa yerli azarkeşlərin və medianın marağına tərəddüdlə yanaşanlar olsa da, 2016-cı il iyunun 19-da Azərbaycanda ilk dəfə təşkil olunmuş "Formula–1" Avropa Qran-prisi ölkəmizin idman tarixinə bir ilk olaraq yazıldı. Üçgünlük yarış istər yüksək təşkilatçılıq səviyyəsinə, istərsə də azarkeşlərin coşqusuna görə yadda qaldı. Təsadüfi deyil ki, ilk dəfə Bakının evsahibliyi etdiyi sürət yarışı yerli və beynəlxalq KİV-də geniş işıqlandırıldı. Dünyanın nüfuzlu idman portalları və nəşrləri Bakının bu yarışa necə evsahibliyi etməsindən, eləcə də pilotların Bakı trası barədə fikirlərinə yer ayırmağa başladı. İlk dəfəsindən uğurla start götürən “Formula-1” yarışı ilə Azərbaycan bu sürət yarışını ənənəvi olaraq keçirən digər ölkələrdən heç də geri qalmadığını göstərdi. 

 

Dörd il əvvəlki həyəcanlar 

 

Əlbəttə ki, ilk yarış daim diqqətçəkən və yaddaqalan olur. 2016-cı il iyun ayının 19-da keçirilmiş “Formula-1” Avropa Qran-prisinin açılış mərasimi və final yarışı həyəcanlı məqamları ilə yadda qaldı. Sözsüz ki, indiyə kimi Bakının evsahibliyi etdiyi Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi yarışlar həm də milli mədəni irsimizin, musiqimizin tanıdılması və təqdim edilməsi baxımından özünəməxsus çalarları ilə seçilib. Azərbaycan auditoriyası üçün yeni olan “­Formula-1” yarışı da bu baxımdan fərqləndi. Açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edilməsi dünyanın müxtəlif ölkələrini əhatə edən sürət azarkeşlərində milli mədəniyyətimiz barədə təsəvvür yaratmış oldu. Lakin 2016-cı ildə “Formula-1” Avropa Qran-prisi yarışının ən diqqətçəkən məqamı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yarışın açılış mərasimində iştirakı və onu izləməsi oldu. Bu, sözsüz ki, ölkəmizin idmanın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Bakıda birincilik qazanmış Avropa Qran-prisinin qalibi–“Mersedes” komandasının üzvü Niko Rosberqə birincilik medalının Azərbaycan Prezidenti tərəfindən təqdim edilməsi dünya mediasının diqqətində oldu. Təbii ki, ilk yarışdan sonra ölkəmizdə keçirilmiş qran-prilərin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən maraqla izlənilməsi ənənə halını aldı.
Artıq Bakı dördüncü dəfədir ki, “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edəcək. Çox güman ki, bu yarış da idman tariximizdə maraqlı məqamlarla yadda qalacaq. 
Çinin Şanxay şəhərində keçirilmiş mövsümün üçüncü yarışından sonra pilotların diqqəti Bakı trasına yönəlib. Yeri gəlmişkən, qeyd edək ki, Şanxayda keçirilmiş yarış “Formula-1” tarixində 1000-ci mərhələ olaraq tarixə düşdü. Şanxaydakı dünya çempionatından sonra isə dünyaca məşhur pilotların rəqabət aparacağı növbəti yarış Bakının hazırlaşdığı Azərbaycan Qran-prisi olacaq. Artıq Bakının küçələri “Formula-1” əhval-ruhiyyəsindədir. Küçələrdə asılmış reklam lövhələri, quraşdırılmış oturacaqlar və s. bunu deməyə əsas verir.

 

Pilotların Bakı yarışından gözləntiləri

 

“Formula–1” tarixinin 1001-ci yarışı olacaq 2019-cu ilin Azərbaycan Qran-prisində məşhur sürət ustalarının gözləntiləri böyükdür. İkiqat dünya çempionu Mika Hakkinen “Formula-1” Çin Qran-prisinin yekunlarını dəyərləndirərkən Bakıda keçiriləcək Qran-pri ilə bağlı da fikirlərini bölüşüb: “Valtteri Bottas ötənilki Azərbaycan Qran-prisinin qalibi olmalı idi. Lakin şinin deşilməsi onu finişə üç dövrə qalmış qələbədən məhrum etdi. Növbəti həftə o, yürüşdə qələbə qazanmaq, şəxsi hesabda liderliyini qaytarmaq və Hemiltonla mübarizəni davam etdirmək üçün Bakıya yollanacaq. Bakı trası maraqlıdır: aşağı qoşulma, dar sahələr və ötüb keçməyin mümkün olduğu çox uzun düz yol.”
Çin Qran-prisinin qalibi, “Mercedes”in pilotu Lyuis Hamiltonun Bakı trasında da uğur qazanacağına inamı böyükdür. O, Çin Qran-prisindən sonra mətbuata verdiyi açıqlamada bildirib: “ Ötən iki mövsümdə orada problemlərimin yaranmasına baxmayaraq, Azərbaycandakı tras əladır. Bu, maraqlı “uik-end” idi. Mən orada əvvəlkindən daha yüksək nəticələrə nail olmaq istəyirəm.”
 Britaniyalı pilot L.Hamiltonun sözlərinə görə, bolidin sürətinin az olmasına baxmayaraq, ötən il qələbə qazanmaqda bəxti gətirib. “Mən Valtteri Bottasın və xüsusilə, “Ferrari”nin Bakıda daha sürətli olacağını gözləyirəm”, – deyə o, əlavə edib.
“Mercedes” komandasının pilotu Valtteri Bottas Çin Qran-prisi ilə bağlı təəssüratlarını bölüşərkən Bakıdakı yarışdan da danışıb: “Biz trasda Bəhreyndə olduğundan daha inamlı idik. Komanda yaxşı formadadır və maksimum nəticə əldə etməyə çalışmalıyıq. Şanxay trası bir çox cəhətdən unikaldır, Bakıda isə bizi fərqli yürüş gözləyir. İki həftədən sonra bizi nələrin gözlədiyi məlum olacaq”.
“Racing Point”in pilotu Serxio Peres “Çin trası heç vaxt bizim sürətlə yürüş etdiyimiz traslar sırasına daxil olmayıb. Bu səbəbdən fürsətdən istifadə edərək xal qazanmağımız çox mühüm idi. Biz Bakıda daha yaxşı çıxış etməliyik”– deməklə, ümid və gözləntilərini Bakı trasına bağlayıb. Çin Qran-prisinə qədər də uğurlu çıxış etməyən və yarışı 15-ci pillədə başa vurmuş “Alfa Romeo”nun pilotu Antonio Covinatsi ümid edir ki, Bakı trasında Şanxaydakı uğursuzluğunun əvəzini çıxacaq: “Planımız baş tutmadı, indi mən artıq Azərbaycanda hər şeyi yenidən başlamaq fürsətini gözləyirəm. Bakı trası ilə məni xoş xatirələr bağlayır. “Formula–1” sükanı arxasında Bakı trasında çıxış etmək çox gözəl olardı. Görək, necə alınacaq”. 
Çin Qran-prisi britaniyalı Luis Hamilton və finlandiyalı Valtteri Bottaçın və “Ferrari”nin almaniyalı pilotu Sebastian Fettelin birinci, ikinci və üçüncü yerləri tutması ilə yadda qaldı. İndi isə növbədə Azərbaycan Qran-prisi–“Formula-1” tarixinin 1001-ci yarışıdır. Gözləyək, görək, tarixi yarışda kimlər seçiləcək!

 

Əfsanə BAYRAMQIZI, 
Elşən AĞALAR (foto)
“Xalq qəzeti”

 

23 2019 13:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə