Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarix dünənki siyasət, siyasət isə bugünkü tarixdir

Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” əsərinə dair qeydlər

Tarix dünənki siyasət, siyasət isə bugünkü tarixdir

“Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” və “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da” kimi dahiyanə fikirlər ulu öndər Heydər Əliyevə məxsusdur. Bu mənada akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” əsəri müəyyən bir tarixi dövrün ictimai elmdə siyasi-ideoloji, elmi xronologiyasıdır. Əsər problemlərin tarixi-siyasi, fəlsəfi-geosiyasi əsasda tədqiqinə paradiqmal yanaşmadır.

Akademik əsərdə XVIII əsrdən XX əsrin 90-cı illərinə baxış sərgiləyərək yazır: “Mərkəzi hakimiyyətin dağılmasından istifadə edən yerli feodallar var gücləri ilə müstəqilliyə can atır, hər kəs öz xanlığını yaradıb, siyasi mübarizəyə girişmək üçün dəridən-qabıqdan çıxırdı”. Təəssüf ki, məhz ötən əsrin 90-cı illərində də belə idi. Və nə yaxşı ki, Ulu Tanrı Azərbaycan xalqına Heydər Əliyev kimi cəsarətli sərkərdəni, Ali Baş Komandanı, siyasi birlik yolu tutan lider–strateqi bəxş etmişdi. Və nə yaxşı ki, xalq öz güvənc və ümid yerini səslədi, hakimiyyətdə yenə – ikinci dəfə böyük siyasətçi Heydər Əliyevi görmək istədi, onu dəstəklədi... və ölkə xanlıqlar dövründə olduğu kimi bölünmədi.
Çox müdrik bu siyasi kursu da Prezident İlham Əliyev konkretləşdirdi – çoxmillətli ölkədə “Azərbaycanda multikulturalizm (çoxmədəniyyətlilik) dövlət siyasətidir” – deyə bəyan etdi,  bütün müxtəlif mədəniyyətləri bir amal, bir məfkurə, azərbaycançılıq ideyası ətrafında birləşdirdi. 
Akademik Ramiz Mehdiyev qeyd edir ki, zəngin idarəçilik təcrübəsinə malik, böyük siyasi iradə və səriştə sahibi Heydər Əliyev olmasaydı, bəzən ayrı-ayrı şəxslərin hakimiyyət hərisliyi ucbatından, bəzən isə xarici qüvvələrin əmri ilə alovlanan separatçılıq atəşində gənc dövlətçiliyimiz yanıb külə dönəcəkdi.
Nəzərə alaq ki, əsər tarixi kontekstdə siyasi təhlillərlə zəngin olduğu üçün xanlıqlar institutunun yazılı rəsmi sənədlərinin elmi abidəsidir. Akademik Akif Əlizadə əsərin məziyyətlərindən danışarkən söylədiyi kimi, bu kitab tarixşünaslığa sanballı töhfə, gənc tarixçilər üçün dəyərli mənbədir. Əsər humanitar və ictimai elmlərin bundan sonrakı inkişafı üçün mükəmməl yeni tarixi baza formalaşdırır.
 Azərbaycanın xanlıqlar dövrü ziddiyyətli, qarışıq, keşməkeşli olmuşdur. Müəllifin təbirincə desək: “Azərbaycanın da tarixində xüsusi həssaslığı, taleyüklülüyü və dəyəri baxımından digərlərindən fərqlənən dövrlər, hadisələr və şəxsiyyətlər vardır”. Xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Bu mənada təqdim edilən əsər də məhz öz aktuallığı ilə ictimai-siyasi elmdə dəyərlidir. 
Akademik dövlətçilik institutunun tam əsaslı öyrənilməyən səhifələrini –yazılan məktubları, verilən fərmanları və s. sənədləri azərbaycançılıq məfkurəsi baxımından işıqlandırır. Əsər həqiqətdə Səfəvilər hakimiyyətindən gələn yolda Azərbaycan dövlətçilik institutunun reallıqlarına söykənən siyasi-ideoloji və tarixi xronoloji elmi sistemdir. Təbii ki, xanlıqların institutlaşma prosesinə akademikin məntiqi ilə yanaşdıqda görürük ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əsər boyu bir həqiqət qırmızı xətlə keçir: “Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur”.
 Kitabda maraqlı çoxçalarlı siyasi-ideoloji problemlər kontekstində həm də qonşu işğalçı erməni dövlətinin yaradılması və bu quruluşun da məhz xanlıqlar dövründən başlanılmasından geniş bəhs olunur. Akademik İsa Həbibbəyli bu barədə danışarkən deyir: “Kitab zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır”.
Əsərin əsas məziyyətlərindən biri də nəinki tarixi faktların, tarixi mərhələlərin sənədlərlə açılması, həmçinin cəmiyyətimizin, soydaşlarımızın siyasi cəhətdən maarifləndirilməsi, onların tarixin ibrət dərsləri ilə yaxından tanış edilməsi kimi problemlərə də istiqamət verməsidir. 
 Professor İlham Məmmədzadə kitab haqqında bəhs edərkən yazır: “Ramiz Mehdiyevin fikrincə, tarixin özünün də digər elmlərə ehtiyacı vardır. Məsələn, yalnız fəlsəfi ümumiləşdirmələrin, ictimai araşdırma metodologiyasının köməyi ilə Azərbaycan tarixinin müxtəlif dövrlərində ümumi olanı anlamaq, müasirliyin nə olduğunu, onun mahiyyətini aşkar etmək olar. Azərbaycan tarixi və tarix fəlsəfəsini, onların bizim siyasi irsimiz olduğu da birləşdirir”.
Prinsip etibarilə xanlıqlar dövründə milli ideya sanki öləzimiş, həm də Rusiyaya meyil etmiş sayıla bilər. Xanlıqlar dövründə güman olunurdu ki, yeniliklər, pozitiv və mütərəqqi dəyişikliklər əsasən Rusiyanın təsiri altında baş verir və haradasa yad olan rus mədəni modellərinin qəbul olunmasından ibarətdir. Aydındır ki, bu, yalnız millətin öz unikal, xüsusi, eyni zamanda, universal inkişaf yolunu görən milli liderlərin, maarifpərvər elitaların və yaradıcı ziyalı təbəqələrinin səyləri ilə əldə edilə bilər. Bu kimi məsələlər də akademik Ramiz Mehdiyevin əvvəlki monumental əsərlərində olduğu kimi, bu kitabında da mahiyyətcə vahid bir tam, vahid bir sistem təşkil edir. Bu əsərdə də milli xarakterin nə üçün dəyişdiyi və ya dəyişmədiyi məsələlərinə toxunulur. Akademik Ramiz Mehdiyev yazır: “...Bir həqiqət dəyişilməz olaraq qalır: Azərbaycan xanlıqlarının böyük əksəriyyəti hər zaman birləşmək cəhdlərinə qarşı çıxmış, öz taxt-taclarını qorumaq naminə titulunun qüruruna yaraşmayan vasitələrə belə əl atmaqdan çəkinməmişlər”. Müəllif bu yerdə çox böyük vətənsevərlik yanğısı ilə yazır: “Azərbaycan xanları vaxtilə birləşib ümumi düşmənə qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmayacaqdı. Müvafiq olaraq ermənilərin Vətənimizə kütləvi şəkildə köçürülməsi və gələcəkdə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması perspektivi də sual altına düşəcəkdi”.
 Müasir Azərbaycanda ictimai elmlərin yolgöstərəni olan akademik Ramiz Mehdiyev yazır: “Xalqımızın başına gətirilən faciələr çarizmin qəddar və qanlı mahiyyətindən, müstəmləkəçi xislətindən, ənənəvi türk düşmənçiliyindən qaynaqlanırdı. Buraya tərəddüd etmədən türklərə qarşı tarixən bütün varlığı ilə sonsuz kin bəsləyən və onu ilk fürsətdə ortaya qoyan erməni millətçiliyi amilini də əlavə etmək lazımdır”.
 Akademik xanlıqlar dövrünü müqayisəli təhlil kontekstində XX və XXI əsr Azərbaycanı ilə paralelləşdirərək, dövrün, şəxsiyyətlərin siyasi paradiqmal mənzərəsini işıqlandırır. O, ­xanlıqları, yəni həm Şimali, həm də Cənubi Azərbaycan xanlıqlarını bir-birindən ayırmadan konseptual şəkildə bir yerdə dəyərləndirir. Akademik özünəməxsus məntiqi əsasla hətta tarixi necə öyrənək, necə tədqiq edək kimi sualları da cavablandıraraq, ictimai elmin qarşısına çox mühüm məsələlər qoyur: “Problemlər əhəmiyyətlilik, aktuallılıq dərəcəsinə görə təsnif edilərək araşdırılmalıdır”. 
Müəllif təqdim etdiyi sənədlərlə necə işləmək, onlara istinadən təqdimat metodunu diqqətə çatdırır. Azərbaycan dövlətçilik tarixində xanlıqlar institutunu öyrənəndə: İlkin mənbələrə əsaslanmalı; sənədləri, məxəz və mənbələri təhlil edəndə obyektiv yanaşma, xanlıqlar dövrünün xeyrinə və ziyanına olan mənfi və müsbət tandemlərlə bahəm, həmin dövrün səciyyəvi, çətin durumu, qarşılıqlı münasibətləri də nəinki ziddiyyətli, eləcə də açıq həqiqətlər olduğu göstərilməlidir və “keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməliyik”.
O dövrki rəsmi sənədlərə, məktublara, əmrlərə və fərmanlara əsaslanan akademik Ramiz Mehdiyev yazır: “Həqiqət və ədalət naminə demək lazımdır ki, Azərbaycan xanları arasında çarizmin əsl mahiyyətini, onun niyyətini düzgün qiymətləndirərək, ona qarşı son damla qanına qədər müqavimət göstərənlər də olmuşdur. Qubalı Fətəli xanın varisi Şeyx Əli xan məhz belələrindən idi”. 
Müəllif bu əsərində də erməni mənbələrinə əsaslanaraq reallığa siyasi işıq salır: “Tarixçilərimiz vaxtilə erməni mənbələrini dərindən təhlil və tədqiq edə bilsəydilər, bu cür uydurmaların (guya Qarabağda söz sahibi olmaları – R.M.) ayaq tutub yeriməsi də çətinləşər, onlara vaxtında cavab verilmiş olardı”. Əsərdə kifayət qədər erməni müəlliflərinin yazdıqları üzə çıxarılır, onların öz yazdıqları əsasında uydurma fikirləri rəqəm və faktlarla ifşa olunur. 
Akademik Ramiz Mehdiyev qətiyyətlə yazır: “Ümumilikdə, bütün Cənubi Qafqazda çarizmin gəlişinədək azlıq təşkil edən erməni icmasının Qarabağda çoxluq təşkil etməsi, yaxud dövlətçilik ənənələrinə malik olması haqqındakı fikirlər uydurmadan başqa bir şey deyildir”. 
Müəllif kitabda nəinki tarixi-siyasi, ideoloji məqamlarda, eyni zamanda, xanlıq institutu barəsində yazılan ədəbi – bədii əsərlərə, o cümlədən hətta filmlərə, ssenarilərə də fikir bildirir və yazır: “Erməni riyakarlığı qədər Azərbaycan müəlliflərinin mənbələrlə apardıqları zəif, passiv iş də öz rolunu oynamışdır”. 
Əsərin ən mühüm məziyyətlərindən biri də akademikin dövrü səciyyələndirmə ustadlığının hadisə və proseslərə sırf elmi, siyasi-ideoloji məsələlərə isə obyektiv yanaşma tərzi, sinergetik baxışlarıdır. Müəllif vurğulayır: “həqiqətin tam aşkara çıxarılması üçün Azərbaycan xanlıqlarının Rusiya ilə münasibətlərinə ədalətli qiymət verilməli, onların xarakteri, inkişaf tarixi, pərdəarxası təfərrüatları, həmçinin müsbət və mənfi nəticələri arxiv sənədləri, dövrün mənbələri və sanballı tədqiqat işləri əsasında işıqlandırılmalıdır”. 
Əsərin digər mühüm bir məziyyəti isə farsdilli sənədlərin ilk dəfə ana dilinə tərcüməsidir. Məhz bu kontekstdən də əsər yazılan və haqqında danışan sənədlərin ensiklopediyasıdır. Başqa bir məqam isə Qacarların Qafqaz regionu ilə əlaqələrini əks etdirən sənədlərin açıqlanmasıdır.
Təbii ki, bu fundamental, çoxtərəfli ictimai elmlərin multidissiplinarlığını əks etdirən kitabın siyasi-ideoloji, tarixi-fəlsəfi dəyəri çox qiymətlidir. Akademik Ramiz Mehdiyevin Azərbaycan dövlətçilik institutuna həsr etdiyi növbəti elmi monumental abidə olan bu əsərində də irəli sürülən hər bir fikir, müddəa, baxış və mülahizələr də analitik tədqiqlə bahəm, sanki bir orijinal epopeyadır və çox dərin məzmuna malik maraqlı elmi xronoloji böyük ensiklopedik tarixdir. 
Mən də tarix fakültəsinin yetirməsiyəm, amma sovetlər dönəmində bizə bunların tam əksini öyrədirdilər. Akademikin məntiqində tarixə, siyasətə, öz Vətəninə bir böyük alimin sevgisi, yanğısı və qürurla yanaşması var. 
Bu səbəbdən də akademik Ramiz Mehdiyevin yazdığı kimi, Azərbaycanda mərkəzləşdirilmiş idarəçilik sistemi əsaslarının məhv edilməsi milli mədəniyyətimizin, təsərrüfat həyatının tənəzzülünə səbəb olmuş, feodal hərc-mərcliyi və bitib-tükənməyən ara müharibələri ilə müşayiət edilən, ən nəhayət tarixi torpaqlarımızın ikiyə bölünməsinə gətirib çıxardı.
Akademik İsa Həbibbəylinin fikrincə, bu kitab “Azərbaycanın xanlıqlar – Səfəvilər – Əfşarlar hakimiyyəti ilə Heydər Əliyev – İlham Əliyev epoxası arasındakı boşluğu doldurmağa xidmət edən və dövlətçiliyimizi yaşadan bir əsərdir”.
Akademik Ramiz Mehdiyevin məntiqində də “siyasi lider, dövlət başçısı, ölkənin və xalqın taleyinə cavabdehlik məsuliyyətini öz çiyninə götürən hər kəs baş verən prosesləri soyuqqanlı şəkildə təhlil edib, düzgün həll yollarını tapmağa borcludur. Çünki o, yalnız özü üçün deyil, məsuliyyətini üzərinə götürdüyü xalqı, Vətəni üçün cavabdehlik daşıyır”.
Bu mənada əsərdə istər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin həyata keçirdikləri dövlət quruculuğu strategiyasının, daxildə apardıqları ictimai-siyasi inkişaf kursunun hədəfi modernləşən, davamlı iqtisadi tərəqqiyə söykənən, sosialyönümlü islahatlara istiqamətlənən dövlət siyasəti ilə bahəm, o cümlədən novator düşüncəli, gender mədəniyyətli, tarixi-mədəni mənəvi köklərini yaşadan, yeniləşən Azərbaycanı sevən, qoruyan vətəndaşlarımıza diqqət və qayğı aşılanır.
Akademik Ramiz ­Mehdiyevin yeni əsəri barədə qeydlərimi ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sözləri ilə bitirmək istərdim: “Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır... Biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq”.

 

Rəna Mirzəzadə,
AMEA Fəlsəfə İnstitutunun müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor

 

 

23 2019 13:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə